Ayı sərkərdəlik edir

Mixail Saltıkov Şedrin

ayi-serkerdelik-edir

Böyük və ciddi cinayətlər çox vaxt parlaq bir əməliyyat hesab edilir, buna görə də tarixin lövhəsinə qeyd olunur. Xırda və əhə­miyyətsiz cinayətlər abırsızlıq sayılır, onlar tarixi yanılda bilmə­dikləri kimi, öz müasirləri tərəfindən də mədh edilmir.

 

I

1-ci Ayı lələ

1-ci Ayı lələ bunu çox gözəl anlayırdı. O, köhnə qulluqçu, yırtıcı bir heyvandı; zağa qayırmağı, ağadan kökündən çıxarmağı bacarırdı, bundan görünürdü ki, mühəndislik sənətini də bir qədər bilir. Lakin onun ən gözəl bir xüsusiyyəti vardı: hər necə olsa, tarix lövhəsinə düşmək istəyirdi, bunun üçün də qan tökmək ehtişamını dünyada hər şeydən üstün tuturdu. Onunla nə barədə danışsan: ticarətdənmi, sənayedənmi, elmdənmi - həmişə söhbəti bir şeyin üstünə gətirib çıxa­rırdı, deyirdi: “Ancaq bir şey lazımdır, qan tökmək... qan tökmək...”

Buna görə də Aslan ona mayor rütbəsi verdi, müvəqqəti olaraq onu, daxili düşmənləri aradan qaldırmaq üçün, bir sərkərdə kimi uzaq bir meşəyə göndərdi.

Meşədə yaşayan nökər-naib mayorun meşəyə yola düşdüyünü eşidib fikrə getdi. O zaman meşə mujikləri arasında belə bir sər­bəstlik vardı*, hər kəs öz bildiyini eləyirdi; heyvanlar ora-bura qaçırdı, quşlar uçurdu, qurd-quş sürünürdü, heç kəs addımını bir ahəngə uydurub, əsgəri qayda ilə yerimək istəmirdi. Mujiklər qanır­dılar ki, bunun üstündə onlara mərhəba deməyəcəklər; lakin özləri ağla gələ bilmirdilər. Deyirdilər ki: “Əlbət, mayor gələr, bizə bir yaxşı gəliş gələr, onda biz də bilərik ki, qanqalı necə otlarlar!”

Belə də oldu: mujiklər gözlərini açana kimi Ayı lələ özünü yetirdi. Bayram günü idi, Ayı lələ səhər tezdən tələsə-tələsə gəldi, elə o saat da qət etdi: sabah qan tökülməlidir. Belə bir qərara gəlməyə onu məcbur edən nə idi, bunu kim bilirdi!

Əslinə qalsa, qəzəbli de deyildi, ancaq heyvandı da.

Şeytan onu yolundan azdırmasaydı, o mütləq öz planını yerinə yetirəcəkdi.

Məsələ burasındadır ki, ayı lələ qan tökməzdən qabaq özünün ad bayramını keçirmək fikrinə düşdü. Bir vedrə araq aldı, təkbaşına içib sərxoş oldu. Hələ özünə ağac tikmədiyindən, elə sərxoş halda talada uzanıb xoruldaya-xoruldaya yatdı. Səhərə yaxın elə bil qəs­dən, talanın yanından bir yalançı bülbül uçub keçirdi. Bu başqa cür yalançı bülbül idi: ağıllı idi, vedrə də apara bilirdi, lazım olanda sarı-köynək kimi də oxuyurdu. Bütün quşlar ona baxanda fərəhlənirdi, deyirdilər ki, “Görərsiniz, vaxt olacaq, bizim yalançı bülbül dim­diyində şey də daşıyacaq!” Hətta onun ağıllı olması xəbəri gedib Aslana da çatmışdı. Aslan bir neçə dəfə Eşşəyə demişdi ki (Eşşək o zaman onun məclisində filosof adı ilə şöhrət qazanmışdı!), bəli, Eşşəyə demişdi ki, bir gün sən həmin o yalançı bülbülün mənim pəncəmdə oxuduğunu eşidərsən!

Yalançı bülbül nə qədər ağıllı olsa da, talada yıxılıb qalan şeyin nə olduğunu başa düşmədi. Elə bildi ki, çürümüş kötükdür: ayının üstünə qonub oxudu. Ayı lələ ayıq yatırdı. Hiss etdi ki, onun üstündə bir şey atılıb-düşür. Öz-özünə dedi: “Mütləq bu daxili düşmən olacaq!”

Gözləyib-gözləyib, axırda anqırdı;

– Sərkərdə cəmdəyi üstündə belə avara-avara atılıb-düşən kimdir?

Yalançı bülbül bunu eşidəndə gərək uçub gedəydi, anlamadı. Oturub qaldı, kötüyün danışmasına təəccüb elədi. Əlbəttə, mayor da buna dözmədi, pəncəsi ilə bu ədəbsiz quşu qamarladı, sərxoş halda, ağına-bozuna baxmadan yedi.

Yeməsinə yedi, ancaq yeyəndən sonra birdən öz-özünə dedi: “Axı mənim yediyim nə idi? Bu necə düşmən idi ki, heç dişimin dibində də ondan bir şey qalmadı?” Fikirləşdi, fikirləşdi, bu heyvan heç bir nəticəyə gələ bilmədi. Yeyib, vəssalam! Heç bir yolla bu sar­saq işi düzəltmək olmaz. Bir də ki, o ən günahsız bir quş yemiş olsa da, bu, cinayətkar bir quş kimi, mayorun qarnında çürüyüb gedəcək!

Ayı lələ öz-özünə sorğu-sual edərək deyirdi:

Mən onu niyə yedim? Aslan məni buraya göndərəndə tapşır­mışdı ki, tutanda böyük iş tut, xırda-xuruş işlərə girişmə! Amma mən elə ilk addımda yalançı bülbülü tutub yedim! Eybi yoxdur. İşin siftəsi elə həmişə birtəhər olar... Yaxşı ki, bu, səhər tezdən oldu, heç kəs mənim tutduğum bu axmaq işi görmədi.

Heyhat! Görünür, Ayı lələ inzibati fəaliyyət sahəsində bura­xılan ilk səhvin ən fəlakətli bir şey olduğunu bilmirdi! İnzibati fəaliy­yətin lap əvvəlində gedilən xətt əyildimi, bu əyinti onu get-gedə düz nöqtədən uzaqlaşdıracaqdı.

“Heç kəs mənim bu səfehliyimi görmədi” – fikrilə öz-özünə yenicə təskinlik vermək istəyirdi ki, birdən yandakı qayın ağacın­dan bir sığırçın çığıra-çığıra dedi:

Axmaq! Bunu göndəriblər ki, bizim əl-ayağımızı bir yerə yığ­sın, bu da gələn kimi yalançı bülbülü tutub yedi!

Mayor bərk acıqlandı, sığırçını tutmaq üçün qayın ağacına dırmaşdı. Sığırçın da axmaq deyildi ki, uçub başqa ağaca qondu. Ayı da onun dalınca getdi. Sığırçın yenə əvvəlki ağaca uçdu. Mayor gah bu ağaca, gah o ağaca dırmaşa-dırmaşa lap əldən düşdü. Qarğa da bu zaman sığırçına baxıb cəsarətləndi:

Heyvan ki, heyvan! Xeyirxah adamlar gözləyirdi ki, o gəlib qan tökəcək, amma yalançı bülbülü tutub yedi!..

Ayı bu dəfə qarğanın dalınca dırmaşdı. Elə bu vaxt bir dovşan koldan çıxıb dedi:

Gicin biri gic! Yalançı bülbülü yeyib!

Ağcaqanad uça-uça ölkələr qət edib gəldi, dedi ki:

– Yalançı bülbülü yeyib!

Qurbağa da bataqlıqda quruldayaraq dedi:

– Bir Allahın sarsaq heyvanına bax? Yalançı bülbülü yeyib! Xülasə, həm gülməli, həm də ağlamalı bir vəziyyət əmələ gəldi. Mayor özünü gah bu tərəfə, gah o tərəfə atırdı, onu ələ salanları tutmaq istəyirdi, amma tuta bilmirdi. Əlləşdikcə də daha gülünc vəziyyətə düşürdü. Heç bir saat keçmədi, meşədə, böyükdən tut­muş kiçiyə kimi, hamı bildi ki, mayor Ayı lələ yalançı bülbülü yeyib! Bütün meşə Qəzəbləndi. Təzə sərkərdədən heç kəs bunu gözləmirdi. Hamı düşünürdü ki, o bu qalın meşəni, bataqlığı qan tökmək ehtişamı ilə şan-şöhrətə mindirəcək, amma gör gəlib nə qayırdı! İndi Ayı lələ ağzını hara çevirsə, hara üz döndərsə, hər tərəfdən ancaq bir səs eşidirdi, elə bil hamı ağız-ağıza verib deyirdi. “Sən axmaqsan, axmaqsan! Sən yalançı bülbülü tutub yemisən!” Ayı lələ vurnuxa-vurnuxa qaldı, birdən gücü yetdikcə anqırdı. Ömründə bircə dəfə onun başına belə bir əhvalat gəlmişdi: o zaman onu zağadan qovub çıxartmışdılar, üstünə də bir sürü sandıqtulası qısqırtrmışdılar. Bu it uşağı da tökülüşüb zəli kimi onun belinə, pey­sərinə, qulaqlarına, quyruğunun altına yapışmışdı. Onda ölümü lap öz gözü ilə görmüşdü! Ancaq yenə də birtəhər canını qurtara bil­mişdi, tulalardan on-on beşini şil-küt eləmişdi, o biriləri də qaçıb canını qurtarmışdı. Amma indi qaçmağa da yer yoxdur! Hər kol, hər ağac, hər torpaq koması onu ələ salırdı, o da oturub baxırdı! Yapalaq nədi ki! Daha ondan axmaq quş olmaz, o da bu əhvalatı başqa­larından eşidib gecələr ulaya-ulaya deyirdi: “Axmaq! Yalançı bül­bülü yeyib!”

Lakin məsələ bununla qurtarmırdı. İşin ən mühüm cəhəti bu idi ki, ancaq o təhqir olunmurdu: o görürdü ki, rəislik nüfuzu gün-gündən lap kökündən sarsılır... İndi sən qorx ki, bu xəbər qonşu meşələrə də yayılsın, orada da onu ələ salsınlar!

Qəribədir, bəzən ən xırda şey, ən ciddi nəticələrə səbəb olur! Bir son bax da: xırdaca yalançı bülbül belə bir quzğunun adını həmi­şəlik ləkələdi! Nə qədər ki, mayor Ayı lələ yalançı bülbülü yeməmişdi, heç kəsin heç ağlına da gəlmirdi ki, o axmaqdır. Hamı ona deyirdi: “Zati-aliləri! Siz bizim atamızsınız! Biz sizin qulbeçənizik!” Hamı bilirdi ki, Eşşək özü Aslanın yanında onun tərəfini saxlayır, onu himayə edir. Eşşək də ki birisini bəyəndi, deməli, o ləyaqətli bir şəxsiyyətdir. Amma indi xırdaca bir inzibati səhv nəticəsində onun eybi açıldı... Sanki hamının ağzından öz-özünə bu sözlər çıxırdı: “Axmaq! Yalançı bülbülü tutub yedi!”. Bu, pedaqoji yollarla zavallı, kiçik bir gimnazisti özünü öldürmək dərəcəsinə gətirib çatdırmağa oxşayırdı... Lakin bu belə deyildi... ona görə ki, bir gimnazisti özünü öldürmək dərəcəsinə gətirib çatdırmaq biabırçı bir cinayət deyil, həqiqi bir cinayətdir, elə bir cinayətdir ki, tarix özü də bunu nəzərdən qaçırmır... Amma... yalançı bülbülü yemək?! Rica edirəm, siz özünüz deyin! Yalançı bülbülü yemək?!

Sərçələr, kirpilər, qurbağalar bir ağızdan çığırdı:

Qardaşlar, belə də gülməli şey olar?

Əvvəl Ayı lələnin tutduğu işdən nifrətlə danışırdılar (meşəyə belə bir sərkərdənin gəlməsindən xəcalət çəkirdilər); sonra onu ələ sal­mağa başladılar. Əvvəl yaxında olanlar onu ələ saldı, sonra da uzaqda olanlar yaxındakıları təkrar etdi. Əvvəl quşlar, sonra qurbağalar, ağcaqanadlar, milçəklər işə başladı. Bütün bataqlıq, bütün meşə...

Ayı lələ kollarda didilən sifətini pəncəsi ilə silə-silə qəmgin halda öz-özünə deyirdi:

Hə, əfkar-ümumiyyə buna deyirlərmiş! İndi bunun da üstündə tarix lövhəsinə düşəsən... özü də yalançı bülbüllə!..

Tarix elə böyük şeydir ki, Ayı lələ bunu xatırlayanda fikrə gedirdi... O özü tarix barəsində çox az şey bilirdi, lakin Eşşəkdən eşitmişdi ki, Aslan özü də tarixdən qorxur, deyir ki, yırtıcı heyvan şəklində tarix lövhəsinə düşmək yaxşı deyil! Tarix ancaq ən böyük qanlı əməliyyatı təqdir edir, xırda əməliyyatı heç saymır. Əgər o da, hələlik, işə başlarkən bir naxır inəyi parçalasaydı, bütün bir kəndi talayıb viran qoysaydı, ya da meşə qarovulçusunun daxmasını dağıtsaydı, onda ha, tarixə düşə bilərdi... Bir de ki, belə olanda heç tarixə əhəmiyyət verməzdi! Eşşək götürüb ona tərifli bir məktub yazardı. Amma indi baxın da, görün nə oldu! Yalançı bülbülü yedi, bununla da öz-özünü biabır eləyib dillərə saldı! Min verst yolu çapa-çapa gəldi. Gör nə qədər yol pulu verdi, yemək yedi, gəlib çatan kimi də yalançı bülbülü aşırdı!.. Ah, belə də şey olar?! Mək­təbdə oxuyan uşaqlar da bunu biləcək! Vəhşi tunqus da, çöllər övladı kalmık da bundan xəbər tutacaq, hamısı da deyəcək: mayor Ayı lələni göndərdilər ki, gedib düşməni məhv eləsin, amma o gör nə qayırdı: yalançı bülbülü yedi! Axı bu mayorun uşaqları da gimnaziyada oxuyur! İndiyə kimi mayor uşağı deyib, onları mədh edirdilər. Amma indi məktəbdə onlara göz verib-işıq verməyəcəklər, çığıra-çığıra deyəcəklər: “Yalançı bülbülü yeyib! Yalançı bülbülü yeyib!” Gör indi bu ləkəni yuyub təmizləmək üçün nə qədər böyük və qanlı əmə­liyyat törətmək lazımdır! Gör nə qədər xalqı talamaq, məhv etmək, viran qoymaq lazımdır!

Elə bır zaman olur ki, böyük cinayətlər vasitəsilə cəmiyyəti abad etmək istəyirlər, lənətə gəlsin belə zaman! Lakin elə zaman da olur ki, bu məqsədə biabırçı, kiçik cinayətlərlə çatmaq istəyirlər, belə zaman – rəzaləti yerə-göyə sığmayan ən biabırçı zamandır.

Ayı lələ vurnuxurdu, gecələri yatmırdı, yanına heç kəsi burax­mırdı, məlumat qəbul etmirdi, yalnız bir şey haqqında düşünürdü: “Ah, görəsən, Eşşək mənim bu mayorluq nadincliyimə nə deyəcək?!”

Sanki Ayı lələnin elə bu sözü söyləməsi lazımmış! Budur, Eşşək­dən bir təliqə gəldi: “Əlahəzrət Aslan cənablarının nəzərinə çatdı­rılmış ki, siz daxili düşmənləri yatırmamısınız, yalançı bülbülü tutub yemisiniz, bu doğrudurmu”.

Bunun doğru olduğunu etiraf etmək lazım gəldi. Ayı lələ raport yazıb günahını boynuna aldı, tutduğu işdən peşman olduğunu, bir daha belə iş tutmayacağını bildirdi, raportunun cavabını gözləməyə başladı. Məlum şeydir ki, bunun ancaq bir cavabı ola bilərdi: “Axmaq! Sən yalançı bülbülü tutub yemisən!” Lakin Eşşək qeyri-rəsmi ola­raq ona bildirdi ki, (çünki Ayı raportla bərabər bir çəllək də bal gön­dərmişdi), bəli, çatdırdı ki, siz o biabırçılığın bağışladığı təsiri ləğv etmək üçün mütləq xüsusi bir qanlı əməliyyat törətməlisiniz...

Ayı lələ dedi:

– İş buna qalırsa, onda mən yenə də öz əvvəlki şan-şöhrətimi düzəldə bilərəm. Elə o saat bir sürü qoyuna hücum edib hamısını parçaladı. Sonra bir arvadı moruq kolları yanında tutdu, moruq dolu səbətini əlindən aldı. Bundan sonra da kökləri, kələfin ucunu axtar­mağa başladı, bütün meşəni alt-üst elədi. Ən axırda, gecə mətbəəyə girib, dəzgahları sındırdı, şriftləri qarışdırdı, insan zəkasının məh­sulu olan əsərləri aparıb qanova tökdü.

Bunların hamısını eləyəndən sonra, yaramaz çöməltmə oturub tutduğu işin mükafatım gözləməyə başladı.

Lakin onun gözlədiyi olmadı.

Eşşək əlinə fürsət düşən kimi Ayı lələnin qəhrəmanlığı haqqında Aslana müsbət məlumat yazdı. Lakin Aslan Ayı lələni mükafatlandırmadı, öz dəst-pəncəsi ilə Eşşəyin yazdığı kağızın qırağına bu sözləri cızma-qaraladı: “İnanmıram ki, bu zabit igid olsun; çünki bu həmin Ayıdır ki, mənim istədiyim yalançı bülbülü tutub ötürüb!” Sonra da əmr etdi ki, onu piyada qoşundan kənar etsinlər. Beləliklə, 1-ci Ayı lələ həmişəlik mayor olub qaldı. Amma o, işi mətbəədən başlasaydı, indi mütləq general olmuşdu.

 

II

2-ci AYI LƏLƏ

Elə də olur ki, ən möhtəşəm cinayətlər də fayda vermir. Heç demə, bu acınacaqlı hadisəyə nümunə olmaq başqa bir Ayı lələnin qismətində varmış.

1-ci Ayı lələ öz meşəsində fəaliyyət göstərəndə, Aslan başqa bir meşəyə ayrı bir sərkərdə göndərdi: o da mayor idi. Onun da adı Ayı lələ idi. Bu ayı lələ öz adaşından ağıllı idi, özü də başa düşürdü ki, inzibatçılıqda, ad çıxarmaq məsələsində inzibatçının bütün gələ­cəyi onun ilk addımından asılıdır. Bu ən mühüm bir məsələdir. Buna görə hələ yol pulu almamışdan, qarşıda duran səfərin planını çox diqqətlə götür-qoy elədi, ancaq bundan sonra sərkərdəliyə başladı.

Lakin onun tutduğu mənsəbin ömrü 1-ci Ayı lələninkindən də qısa oldu.

Başlıca olaraq, o bir şeyi nəzərdə tuturdu: təyin olunduğu yerə gedən kimi mətbəəni dağıtsın. Eşşək də bunu məsləhət görmüşdü. Lakin ona tapşırılan meşədə, demə, heç mətbəə yox imiş. Orada yaşayan qocalar deyirdi ki, vaxtı ilə bax, həmin o şam ağacının altında hökumətin bir əl dəzgahı vardı, dəzgahda meşə kurantı[1] çap olu­nardı, hələ Maqnitskinin[2] vaxtında bu dəzgah camaatın qarşısında yandırıldı, ancaq senzura idarəsi saxlanıldı, o da kurantın ifa etdiyi vəzifəni sığırçınlara tapşırdı. Sığırçınlarda hər səhər meşədə uçar, günün siyasi yeniliklərini ətrafa yayardı, heç kəs də bundan bir narahatlıq hiss etməzdi. Bir də məlum oldu ki, ağacdələn quşu ağac qabığı üstündə “Meşə xəfəliyinin tarixi”ni yazır, lakin o yazdıqca oğru qarışqalar ağac qabığını didir, xırda-xırda oğurlayıb aparır. Bu qayda ilə meşə mujikləri nə keçmişdən, nə hal-hazırdan xəbər tutar, nə də gələcəyə nəzər salarmış, beləcə də yaşarmışlar. Yəni, başqa sözlə desək, zamanın zülməti içində avara-avara gəzib dolaşarlarmış.

Mayor soruşdu:

Meşədə heç olmasa bir universitet, ban akademiya varmı ki, od vurub yandırım?!

Məlum oldu ki, Maqnitski bu məsələt də onu qabaqlamış, uni­versiteti bütün heyəti ilə döyüş batalyonlarına yerləşdirmiş, akade­mikləri də ağac koğuşlanna salmışdır, hələ indi de orada ölüm yuxu­suna getmişlər. Ayı lələ acıqlandı, əmr etdi ki, bu saat Maqnitskini mənim yanıma gətirin, onu dağıdıb parçalayacağam (“Similia – Similibus cyranhır”1[3]). Ona dedilər ki, Maqnitski Allahın əmri ilə o dünyaya köçmüşdür.

İş işdən keçmişdi, nə eləmək olardı? 2-ci Ayı lələ bır az kədər­ləndi, ancaq ruhdan düşmədi. Öz-özünə dedi: “Bu haramzadaların ruhu yoxdur ki, onu məhv eləyim, onda işi birbaş onların dərisindən başlamaq lazımdır!”

Dediyi kimi də dedi. Ən qaranlıq bir gecədə qonşu mujikin həyə­tinə girdi. Əlvan atı, inəyi, donuzu, sonra da bir cüt qoyunu parçaladı. Əclaf bilirdi ki, mujiki tamam müflis eləmişdir, bu ona yenə də az göründü. Deyirdi ki, hələ harasıdır, mən sənin həyətinə süpürgə çəkəcəyəm, bütün var-yoxunu dağıdacağam, səni həmişəlik dilənçi eləyib çöllərə salacağam! Bunu deyib evin damına çıxdı ki, düşün­düyü cinayəti yerinə yetirsin. Ancaq dama salınan tirin çürüdüyünü nəzərə almamışdı. Ayağını tirin üstünə qoyan kimi tir sındı. Mayor havada asıla qaldı; gördü ki, bunun axırı mütləq yerə dəyməkdir; pəncəsi ilə sınan dirəkdən bərk-bərk tutub anqırmağa başladı.

Kəndlilər səsi eşitdi: kimi paya, kimi balta, kimi də sapand götü­rüb səs gələn tərəfə cumdu. Hara baxdılarsa, gördülər ki, hər şey talanıb viran edilmişdir. Hasar uçurulmuş, həyətdə salamat şey qalmamışdır, pəyələrdə qan göl kimi durmuşdur. Düşmən özü də həyətin ortasında asıla qalmışdır. Mujiklər yaman qəzəbləndi.

Ay məlun haramzada! Sən böyüklərin qabağında qulluq gös­tərmək istəyirsən, bunun üçün də biz gərək bataq?! Qardaşlar, gəlin bunun haqq-hesabını verək!

Mujiklər sapandı Ayı lələnin düşəcəyi yerə qoydular. Bununla da onun haqq-hesabını verdilər. Sonra da dərisini soydular, cəm­dəyini aparıb bataqlığa atdılar, yırtıcı quşlar da səhər tezdən onu didib dağıtdı.

Bu qayda ilə yeni bir meşə təcrübəsi meydana çıxdı: bu təcrübə göstərdi ki, ehtişamlı cinayətlər də, biabırçı cinayətlər kimi, çox pis nəticələr verə bilər.

Bu yeni təcrübəni meşə tarixi də təsdiq etdi; məsələni daha da aydınlaşdırmaq üçün buna bir şey də artırdı: orta məktəblər üçün çap olunan tarix kitablarında cinayətlərin ehtişamlı və biabırçı deyə iki yerə bölünməsi həmişəlik ləğv edildi, bu gündən bütün cina­yətlərə, nə həcmdə olur-olsun, “biabırçı” adı verildi.

Eşşək bu barədə Aslana məlumat yazdı. Aslan da öz dəst pən­cəsi ilə həmin məlumatın üstündə bu sözləri cızma-qaraladı: “Tari­xin hökmü mayor 3-cü Ayı lələnin nəzərinə çatdırılsın: qoy bundan özü üçün nəticə çıxarsın”.

III 

3-cü Ayı lələ

Üçüncü Ayı lələ adaşları olan əvvəlki Ayı lələlərdən ağıllı idi. Aslanın qeydini oxuyaraq öz-özünə dedi: “Çox pis vəziyyət əmələ gəlir! Az pislik edərsən – səni ələ salarlar, çox pislik edərsən – səni sapandın nizəsinə keçirərlər... Yaxşı, görəsən, gedim, getməyim?” Rəsmi kağız yazıb Eşşəkdən belə bir şey soruşdu: “Nə böyük, nə də kiçik cinayətlər etməyə icazə verilmir, onda, heç olmasa, orta cinayətlər etməyə yol verilirmi?” Eşşək buna fəndgirliklə cavab verdi: “Bu məsələyə aid olan bütün məlumatı siz meşə nizamna­məsində tapa bilərsiniz”. 3-cü Ayı lələ Meşə nizamnaməsinə baxdı. Orada hər şey yazılmışdı: xəz-dəri vergisindən də, göbələk vergisindən də, meşə meyvələri vergisindən də, hətta küknar ağacı qozası vergisindən də... amma cinayət haqqında bircə kəlmə də söz yox idi! Sonra Eşşək onun zəhlətökən bütün suallarına eyni bir qəribə sözlə cavab verdi: "Ədəblə hərəkət Eyləyin!”

3-cü Ayı lələ narazı halda donquldandı:

– Gör necə bir zəmanəyə rast gəldik! Sənə böyük rütbə verir­lər, amma bu rütbəni hansı cinayətlərlə doğrultmağı göstərmirlər!

Yenə də bayaqkı sual fikrindən keçdi: “Görəsən gedim, get­məyim?” Əgər yol üçün ondan ötrü xəzinədən küllü miqdarda pul hazırlandığı yadına düşməsəydi, bəlkə də, heç getməzdi!

Meşəyə piyadaca gəldi – çox sadə bir şəkildə! Rəsmi qəbul gününü, məlumat vermək üçün yanma nə vaxt gəlməyi təyin etmədi, düz gedib özünü zağaya saldı, pəncəsini ağzına soxub uzandı, fikir­ləşməyə başladı: “Hətta dovşanın da dərisini soymaq olmaz, yəqin, bunu da cinayət hesab edəcəklər! Özü də kim hesab edəcək? Aslan, ya Eşşək eləsə, yenə bir təhəri var, bəlkə, buna dözmək olar, mujiklər hesab edəcək, mujiklər! Heç bilmirəm bu Tarixi haradan tapıb çıxartdılar – ərəbcə tarixdir!” Ayı lələ zağada uzanıb Tarixi yadına saldıqca qəhqəhə ilə gülürdü, amma ürəyi qorxudan tir-tir əsirdi: zarafat deyil. Aslan özü Tarixdən qorxur. Ayı lələ bunu hiss edirdi. İndi sən gəl belə bir şəraitdə meşə əclaflarının əl-ayağım bir yerə yığışdır, bu heç ağlasığan şeydir?! Ondan çox-çox şeylər tələb edirlər, amma quldurluq eləməyə icazə vermirlər! Hansı tərəfə yönəlirdisə, bir balaca əl-ayaq açırdısa, o saat çığırırlar: “Dayan, dur! Özünü hara soxursan, bura sənin yerin deyil!” Hər yanda bir “hüquq” çıxıb. Dələ nədir, onun da bu gün hüququ var! Qırmanı doldurasan təpəsinə, deyəsən: al, bu da sənin hüququn! Onların hüququ var, bunun da ki, bəli də, vəzifəsi! Heç əməlli-başlı bir vəzifə də yoxdur, boş, mənasız bir şeydir. Onlar bir-birini təhqir edirlər, amma bu heç kəsə əl vura bilməzdi belə də şey olar?! Bunun hamısını da eləyən Eşşəkdir! Özündən əllaməlik eləyən odur! Bu hoqqanı o çıxardıb! Kim bu Eşşəyi yaratmışdır? Kim ona bu şeyləri tapşırmışdır? Bax, o gərək bunu heç yaddan çıxarmasın, amma gəlib “Hüquq” haqqında anqırır: “Ədəblə hərəkət eləyin!” – ax!

Bu qayda ilə uzun zaman pəncəsini sordu, hətta ona tapşırılan meşəni ağıllı-başlı idarə etməyə də girişmədi. Bir gün özü haqqında “ədəblə” danışmaq istədi, ən uca şam ağacına çıxıb, oradan var gücü ilə anqırdı, bunun da bir xeyri olmadı. Meşə əclafları çox­dan bəri cinayət görmədiklərindən elə həyasızlaşmışdılar ki, ayının səsini eşidən kimi ancaq bunu dedilər: “Eşidirsiniz, Ayı lələ anqırır! Yəqin, yuxuda pəncəsini dişləyib”. 3-cü Ayı lələ yenə öz zağasına qayıtdı.

Təkrar edirəm: o, ağıllı ayı idi; öz zağasına ona görə getmə­mişdi ki, boş-boşuna heyifsilənib ah-zar eləsin; ona görə getmişdi ki, düşünüb bir yaxşı tədbir töksün.

Belə bir tədbir də tökdü.

Nə qədər ki zağasında uzanıb qalmışdı, meşədə hər şey öz-özünə düzəlmiş qayda ilə gedir. Əlbəttə, bu qaydanı tamamilə “yaxşı” bir qayda adlandırmaq olmazdı. Lakin hər şeyi də nəzərə almaq lazım­dır: sərkərdənin vəzifəsi – xəyalda yaradılmış yaxşı bir həyat qur­maq deyil, bəlkə lap qədim zamandan bəri düzəlmiş qaydaları (bu, yaxşı bir qayda olmasa da olar) qoruyub saxlamaqdır. Bir də ki, sərkərdənin vəzifəsi böyük, orta, ya kiçik cinayətlər törətmək deyil, bəlkə “təbii” cinayətlərlə kifayətlənməkdir. Qədim zamandan belə bir qayda qoyulmuşdur: canavar gərək dovşanın dərisini soysun, çalağanlar, bayquşlar da qarğanın tükünü didsin, bu “qayda”da yaxşı bir cəhət olmasa da, hər halda bir “qayda” olduğundan bunu qəbul etmək lazımdır. Bir də ki, əgər dovşanlar, qarğalar bu vəziyyətdən narazılıq etmirsə, yenə də törəyib artırsa, yer üzünə yayılırsa, demək, “qayda” ta qədim zamandan bəri müəyyən edilmiş hüduddan kənara çıxmır. Yoxsa bu “təbii” cinayətlər kifayət deyilmi?

İndi meşədə hər şey bu qayda ilə davam edirdi. Meşə özünə layiq olan simasını bircə dəfə də dəyişməmişdi. Oradan gecə-gün­düz milyon-milyon səsin gurultusu eşidilirdi: bunlardan bir qismi – əzab içində çırpınanların fəryadı, bir qismi də – zəfər çığırtıları idi. Nə zahiri şəkillər, nə səslər, nə işıqlar, nə kölgələr dəyişirdi, nə de əhalinin tərkibi; sanki hər şey öz yerində donub qalmışdı. Xülasə, bu elə bir müəyyənləşmiş, möhkəmlənmiş qayda idi ki, ən qəddar, ən çalışqan sərkərdə də bunu görəndə heç ağlına gətirməzdi ki, burada müvəffəqiyyətlə nəticələnə bilən bir cinayət işləsin, özü də “siz cənablarının şəxsi məsuliyyəti altında”.

Bu qayda ilə 3-cü Ayı lələnin təsəvvüründə birdən rifahsız bir rifahın bütün bir nəzəriyyəsi canlandı. Özü də bütün təfsilatı ilə, hətta təcrübədə yoxlanmış halda canlandı. Onun yadına bir şey düşdü. Bir gün dostcasına söhbət zamanı Eşşək ona demişdi:

Siz həmişə məndən hansı cinayətləri soruşursunuz. Bizim peşədə əsas şey budur: laissez passer, laissez faire![4] – yəni bizim rus dilində belə çıxır: Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. İndi başa düşdünüzmü! Dostum, əgər siz bu qanundan kənara çıx­mayacaqsınızsa, onda cinayət də öz-özünə baş verəcək, sizin də meşədə hər şey yaxşı olacaqdır!

Ayı lələnin də fikirləşdiyindən elə bu çıxırdı. Ancaq oturmaq, Əlisi dəlilərə, Vəlisi dəlilərə baxıb sevinmək lazımdır, qalan şeylər öz-özünə düzələr.

– Mən hətta heç başa düşmürəm ki, bu sərkərdələri niyə gön­dərirlər... – Mayor burada az qala liberallıq eləyəcəkdi ki, birdən ona verilən maaş yadına düşdü, bu fikrindən tez vaz keçdi: eybi yoxdur, eybi yoxdur, sus...

Bunu deyəndən sonra o biri böyrü üstə çevrildi; bu qərara gəldi ki, zağadan ancaq maaşı almaq üçün çıxsın. Sonra da meşədə bütün işlər lap dübbədüz getdi, Mayor yatırdı, mujiklər də donuz potası, toyuq-cücə, bal, hətta sivuxa[5] da gətirirdi, öz bac-xəraclarını zağa­nın ağzında qoyub gedirdi. Mayor da müəyyən saatda yuxudan ayılır, zağadan çıxıb gətirilən şeyləri aşırırdı.

Bu qayda ilə 3-cü Ayı lələ zağada uzun illər yaşadı, lakin meşə­nin müsibətli, amma çox-çox arzu edilən qayda-qanunu bircə dəfə də olsa, pozulmadı, “təbii” cinayətlərdən başqa, ayrı bir cinayət baş vermədi, Aslan da buna görə Ayı lələni mükafatsız qoymadı: əvvəl ona podpolkovnik rütbəsi verdi, sonra polkovnik, sonra da...

Lakin bu arada meşəyə ox-yaylı ovçu mujiklər gəldi. 3-cü Ayı lələ də zağasından çölə çıxdı. Onun da başına, qiymətli dərisi olan bütün heyvanların başına gələn bir hadisə gəldi...

1884

 

Tərcümə: Beydulla Musayev

Tərtib etdi: Fəhmin Mirzə

 

 

 

[1] XVII-XVIII əsrlərdə çıxan saray diplomatik qəzeti

[2] 1819-1826-cı illərdə Qazan vilayətinin maarif işlərinə başçılıq etmişdir. Azad fikrli şəxsləri təqib edərmiş.

[3] Belə bir şey, belə bir şeylə ifadə olunur.

[4] İcazə vermək, mane olmamaq! – red. fra.

[5] Yaxşı təmizlənməmiş çörək arağı.

 

0