Niyə kitab oxuyuruq?

Ələsgər Həsənov

niye-kitab-oxuyuruq

Niyə kitab oxuyuruq?

Daha doğrusu, kitab oxumağın nə faydaları vardır? Əlbəttə, mən sualı və cavabını elmi, tarixi, işlədiyimiz sahə və ya peşəyə dair, psixoloji və ya fəlsəfi, özünüinkişaf kitabları üzərində qurmaq fikrində deyiləm, bu kitabların verdiyi faydalar barədə izaha kimsənin ehtiyacı olduğunu da düşünmürəm.

Mənim sualım bədii ədəbiyyatla bağlıdır, niyə roman oxuyuruq, niyə ömrümüzü tanımağımız insanların həyatı haqqında yazılmış bu romanlara sərf edirik?

Sualın cavabını, əslində, çox rahat şəkildə hər kəsin cavablandıra biləcəyinə əminəm.

Əslində, mənə belə bir sual verildiyi zaman ilk cavabım – kitab oxumaq möhtəşəm bir şeydir, şəhanə bir hissdir, əvəzedilməz və çox gözəl duyğular yaradır, bir faydası olduğu üçün deyil, kitab oxumağı sevdiyim üçün kitab oxuyuram – olurdu.

Kitab oxumaq təbii ki, söz ehtiyatımızı artırır, yaddaşı təzələyir, hafizəni inkişaf etdirir. Hər kitab bizə başqa həyatları, başqa insanları, başqa xarakterləri tanıdır, yeni baxışlar qazandırır, empati qabiliyyətimizi artırır. Çox daha açıq fikirli olmağımız, hadisələrə, insanlara və həyatlara dair fikir yürüdürkən radikallıqdan uzaqlaşmağımızı təmin edir. Əminliklə deyə bilə bilməsəm də, yaradıcılığı artırdığı və zəkanı da yüksəltdiyi söylənilir. Fərqli mədəniyyətləri və tarixdə yaşananları öyrənirik.

Ən gözəl faydalarından biri – insanlar, xüsusilə kitab oxuyan insanlar arasında ünsiyyət qurmaq sıxıntısını aradan qaldırır, ünsiyyət qurmaq bacarığını yüksəldir və “mövzu bolluğu”na şərait yaradır.

Xəyal dünyası – bir balaca otaqda oxuduğunuz kitab sizi nəinki dünyanı, hətta planetləri belə aşmağa imkan verir. Keçmişə və ya gələcəyə gedə bilirik. Heç görmədiyimiz yerləri canlandıra bilirik, qorxduğumuz yerlərdə belə yaşaya bilirik, meşələr, dağlar, uçurumlar, yırtıcı heyvanlar, planetlər, ölkələr bizim üçün artıq keçilməz deyildir. Hər yerə gedə bilir, hər yerdə gəzə bilir, hər yerdə yaşam sürə bilirik.

Kitablar xəyalpərəst olmaqla yanaşı, duyğularımızı da inkişaf etdirir, daha həssas və başa düşən biri oluruq. İnsanlara qarşı daha təmkinli, həssas və sakit yanaşa bilirik. Düşünməyi və qərar vermə bacarığını artırır, özünüzü daha yaxşı ifadə edə bilirsiniz.

Hansı peşələrdə istəsək işləyə bilirik, kim olmuruq ki kitablarda? Yazıçı olub əsərlər yaradırıq, rəssam oluruq. Qəhrəman, qorxaq, satqın, dindar, ateist, cinayətkar, polis, qurban... O hisslərin hamısını keçirdirik, dünyalar yaradırıq, başqalarının dünyasını..

Qiymət verməyi və qiymətləndirməyi öyrənirik, müqayisə etməyi və düzgün nəticə çıxarmağı... Bəlkə də, həyatımızı da dəyişdirə biləcək bir gücə sahibdir kitablar.

Yorğun və çətin həyatda stress atmağa, yeni bir güc qazanmağa, yorğunluğu azaltmağa kömək edir. Həyatı sevməyə kömək edir, başqalarının gözündə sizi fərqli bir mövqeyə daşıya bilir, hər kəsin hörmət qoyduğu və hətta bir çoxlarının köks ötürdüyü bir yaşam tərzidir, hobbidir. Əlbəttə, bu seçimi qınayanlar da, mənasız hesab edənlər də çoxdur. Bu anda kitab oxumağın bir başqa faydası da ortaya çıxır, bu cür fikirləri diqqətə almamaq bacarığını yaratması....

Bir də çox sevgi ilə və uşaq kimi hiss etdiyimiz şeylər vardır kitablardan və kitablar haqqında... Kitablardan daha yaxşı dost yoxdur. Həmişə gözəl, faydalı və yaxşı şeylər öyrədir. Nə zaman axtarsaq, yanımızdadırlar, həyəcan, macəra, sevinc, kədər istədiyimiz hər şeyi bizə yaşadır. Kitablar varsa, kimsəyə ehtiyacımız yoxdur, kitablar yetər də, artar da...

Bəs ziyanı, heç bu barədə düşündükmü? Bilirəm, kitab oxuyanlar bu barədə danışmağı sevməz, etiraf etməyi bacarmazlar və ya istəməzlər... Ümumiyyətlə, aranızda kitab oxumağın ziyanını, ona verdiyi zərəri düşünən və bunu ətrafı ilə paylaşan oldumu?

İlk olaraq deyim ki, ziyan olaraq qeyd etdiklərim bir çox kitab “qurdu” tərəfindən fayda olaraq qiymətləndiriləcəkdir. Belə ki, kitab oxumaq insanı yalnızlığa sürükləyə bilir, yalnızlığı sevməyə başlayırsınız, insanlarla ünsiyyət qurmaq əvəzinə onlardan uzaqlaşmağı seçirsiniz. Həyatı romanlarda yaşayırsınız. Həyatın sıxıcılığından, yoruculuğundan qaçaraq kitablarla və obrazlarla xəyallar qurmağa üstünlük verirsiniz.

Sağlığa zərərli olduğunu hamımız bilirik, boş zamanımızın əksər hissəsini əlimizdən alar. Yalnız oxumaq üçün deyil, oxuduqlarımızı düşünmək üçün də vaxtımız sərf olunur. Düşünmək üçün sərf etdiyimiz vaxt isə daha qiymətlidir, çünki boş vaxtlarımızda deyil, digər həyati məsələlər üçün ayırdığımız vaxtda beynimizi kitabı düşünməyə sərf edirik. Bunu hər bir kitab oxuyan dəfələrlə yaşamışdır, mümkünsüz yerlərdə və anlarda kitabla olduğunu...

Əlavə olaraq, çox pul tələb edir, ancaq bunu müəyyən vasitələrdən istifadə etməklə aradan qaldıra bilirik. Ümumiyyətlə, kitab oxuyan insan kitaba pul xərcləməkdən çəkinmir və davamlı hal alır. Kitab yığmaq xəstəliyinə tutulduğumuz zaman bu büdcəmiz üçün çox ciddi bir yük ola bilir.

Kitablar sizi kitab oxumayan dostlarınızdan mütləq uzaqlaşdıracaqdır. Onlarla zaman keçirməyi sevməyəcəksiniz, kitablarla onlar arasında gedib gələcəksiniz. Kitablardan daim söhbət salmanız onları bezdirəcək, eyni zamanda onların da söhbətləri sizə xoş gəlməyəcəkdir. Əlbəttə, bir çox kitab oxuyan bunu ciddi bir zərər olaraq düşünməz, əksinə, mənim zövqümə uyğun olmayan insanların məndən uzaqlaşması təbiidir və mənim üçün bir sıxıntı təşkil etməz deyə düşünəcəkdir.

Kitablar ən yaxşı dostdursa, o zaman həyatda real dostlara çox az yer və zaman ayırmaq məcburiyyətindəsiniz. Çünki kitablar çox eqoist dostdurlar, xudbindirlər və sizi başqalarına ehtiyac duymayacaq bir hala gətirməyi bacarırlar. Rəqib olaraq görünməzlər, özlərinə rəqib olaraq kimsəni görməzlər, çünki sizə elə bir sehrli dünya açarlar ki, bu dünya yaşadığınız dünyadan çox fərqli olduğu üçün sizi cəlb edər və reallıqdan uzaqlaşdırar.

Bəzən kitablardan nəticə çıxarırıq həyatdan nə istədiyimizi, necə yaşam arzuladığımızı. Ancaq realda bu həyatı qura bilmədikdə və ya qarşılaşdığımız maneələr bizi ümidsizliyə sürükləyə bilir. Əksinə də ola bilər, yaşamaq istədiyimiz həyatın kitablarda qarşılaşdığımız uğursuzluqlar bizdə ümidsizlik yarada bilir. Kitablar bu ümidlərlə ona yaxınlaşanları fərqli yerlərə apara bilir, ümid etdiklərinizi tapa bilmirsiniz, əksinə, kitablar ona min bir ümidlə yaxınlaşanları fərqli, maraqlı və tanımadığı gözlənilməz yerlərə sürükləyir.

Yuxarıda fayda olaraq qiymətləndirdim, ancaq kitablarda yaşadıqlarımızı hər zaman bölüşə bilirikmi? Bəzən sanki obrazla bütövləşirik, eyniləşirik, o həyat bizim olur və bunun bilinməsini istəmirik. Reallıqla kitab arasında gedib gəlirik... dünyadan qopuruq, görməli olduğumuz işləri unuduruq və ya təxirə salırıq. Xəyallar aləmində yaşamağa başlayırıq. Kitab oxumaq sanki bizim həyatımızı fərqli bir tərzə salmağa başlar, sanki başqa bir dünyada yaşamaq mümkünmüş kimi reallıqdan və görməli olduğum işlərdən şikayətçi oluruq.

Əslində, bu qədər uzun-uzadı yazmamın tək bir səbəbi var. Kitabların faydalarını və zərərlərini oxuyanların demək olar ki, hamısı bilir. Ciddi mənada bu qeyd edilənləri zərər olaraq qiymətləndirməyə bilərik. Lakin bu gün hiss etdiyimi həqiqətən kitabın mənə vurduğu zərər olaraq düşünməyə başladım.

Bu gün oxuduğum bir kitabı bitirəndən sonra hiss etdiklərimə görə bu barədə fikirlərimi sizlərlə paylaşmağa qərar verdim. Sizin düşüncələrinizi öyrənmək maraqlı gəldi.

Bu günə qədər yüzlərlə kitab oxudum, bütün əsərləri saysam, bəlkə də, bu göstəricinin 1000-2000 aralığında olduğunu söyləyə bilərəm. Lakin, oxuduğum bəzi kitablarda yaşananların psixoloji və duyğusallıq cəhətdən hiss etdirdiklərini bu gün daha kəskin hiss etdim.

Kate Chopin – Uyanış – bir qadının seçimindən bəhs edən bir əsərdir. Feminist ədəbiyyatın nümunələrindən biri olaraq da qəbul edə bilərik. Əlbəttə, əsərin qəhrəmanının seçimlərini müzakirə etmək fikrində deyiləm. Sevən bir insanın qəbul olunmuş adət və normalara nə qədər əməl etməsinin qiymətləndirilməsi çox çətindir.

Ancaq əsər o qədər yalın və çılpaq şəkildə, heç bir bəzək vurmadan, və o qədər acımasız və təbii şəkildə yazılıb ki, oxuyan zaman, axı burada üzüləcək bir şey yoxdur, nədən hər şey mənə bu qədər təsir edir deyə düşünməkdən özünü saxlaya bilmirsən.

Və əsərin sonu yeni bir seçimlə başa çatır. Və bu seçimdən sonra oxucunun qəlbində sanki bir ağırlıq yaranır. Bəlkə də, bu qədər adi yazılması, təbii axar qadının nələr yaşadığını, necə ağrılar, əzablar hiss etdiyini əsər boyu duymağa imkan vermədi. Və bir anda sanki önünüzdə hər şeyin bitdiyi bir səhnə yaranır və siz bu səhnənin qəlbinizdə bütün ağrısını hiss edirsiniz.

Və bir mahnının sözlərində deyildiyi kimi..

Yetim bir kədərin kölgəsi var qəlbimdə..

Kitab oxumaqdan aldığım zövq yaşatdığı bu kədərin kölgəsinə dəyərmi?

Yorduğum üçün üzrlü hesab edin.. (bu arada çox oxumağıma baxmayaraq, gözəl yazmağı öyrənə bilmədim)

0