Xudbinlik, yoxsa sistemsizlik

Qəfər Rüstəm

xudbinlik-yoxsa-sistemsizlik

Fikirləri mənim üçün maraqlı olan gənc yazar Cavid Ramazonvun “Xudbin” adlı essesini oxudum. Yazını oxuyub bitirəndən sonra bir də baxdım ki, onunla zehnən söhbət edirəm, yazısına iradlarımı bildirirəm. Ona görə də belə bir yazı yazmağa qərar verdim.

Əvvəla, Cavid Ramaznlı ilə yaxın dostluğumuz olmasa da, feysbukdan ümumi dünya görüşünə bələdəm, AYO-nun sədri olduğuna görə onun haqqında məndə müəyyən fikir formalaşıb. Ona görə bu iradları bildirməyi özümə borc bildim. Yoxsa orta statistik Azərbaycanlıdan belə bir yazı, ya da bu məğzi ehtiva edən status görsə idim, təəccüblənməzdim

Yazıda Cavid Ramazanlı hər intellektual kimi ölkənin tutulduğu mərəzdən, xalqın nə illah edib içindən çıxa bilmədiyi bir problemdən bəhs edir: Kollektiv hərəkət edə bilməmək. Bunun səbəbini də insanların xudbinliyində görür. Yəni xalqımızın fərdləri eqoist, eqossentrik olduğuna görə kollektiv hərəkət ortaya qoya bilmirlər, birlikdə vətən naminə, gələcəyimiz naminə birləşə bilmirlər. Nümunəni də Amerikadan, orada yaşayan Azərbaycan Türklərindən nümunə verir. Vurğulayır ki, orada yaşan Azərbaycanlılar təşkilatlana bilmirlər, amma Yəhudi və Ermənilər bunu bacara bilirlər.

Uzun illərdən bəri insanın tərbiyəsi üçün minlərlə yol kəşf edilib. Bütün dinlər, fəlsəfələr insanı anlamaq, onun xoşagəlməz tərəflərini cilalamaqla məşğul olublar. Əsas da səmavi dinlər insanın eqosu əleyhinə sicilləmə nəsihətlər, təbliğatlar edib. Beləliklə, əzilmiş, sınmış eqo şəxsiyyətin formalaşmağında həyatı rolunu icra edə bilmir. Elə bizim mentalitetin dərinliyinə də nüfuz etmiş dırnaqarası təvazökarlıq, eqodan imtina əsil mərəzə çevrilib. Qolu qanadı sınmış iradə insana qorxudan, özünəinamsızlıqdan başqa bir şey təlqin etmir.

Praqmatizim nöqteyi nəzərindən düşünsək, istər eqoizm, istərsə də şöhrətpərəstlik insanın özünü reallaşdırmağa təkan verici güc ola bilər. Məsələn, insan özü olaraq cəmiyyətdə var olmaq, tanınmaq istəməsə, özündə yaradıcılığa meyil, enerji tapa bilməz. Yəqin ki, Cavid Ramazanlı da deyəcək ki, mən onu nəzərdə tutmurdum, nəzərdə tutduğum şey eqoizmin destruktiv tərəfidir. Cavab olaraq deyim ki, balans qorunmazsa, ən saf, ən təmiz əməllər də destruktiv ola bilər. Məsələn, insan mərhəmət hissinə görə başqasına zərər verə bilər. Və ya faydalı iş görərkən bir çox zərərlərə səbəb ola bilər. Mən də eqoizmin balanslı tərəfini nəzərdə tuturam.

Azərbaycan xalqı və bugünkü dövlətini maarifçiliyə çox borcludur. Elə bu borcdan da çıxa bilmir. Zənn edirik ki, maarifçiliklə cəmiyyət tərəqqi edəcək, fərdlər azad və demokratik varlıqlara çevriləcək. Maarifçiliyin bəşəriyyət tarixində oyandığı rol məlumdur. Ancaq onun vaxtı çoxdan gəldi, keçdi. İndi insanların vicdanı ilə məsələ həll olunmur. Ölkələr qüsursuz sistemlərlə idarə olunur, hər gün özünü yeniləyən idarəetmə sistemləri ilə şirkətlər və ölkələr idarə olunur. Artıq müasir insana nəsihətçi yox, rol model lazımdır, boss yox, lider lazımdır, kitabda yazılanlar yox, praktikada, həyatda olanlar vacibdir.

Təəssüf ki, maarifçilik, nəsihətçilik qanımızdan çıxmır. Yenə də insanları önümüzdə oturdub müəyyən nəsihətləri etsək, insanın düzələcəyini sanırıq. İnsanın müəyyən təmayüllərinə yasaq qoyaraq, onu məhdudlaşdıraraq onu tərbiyə etməyi fikirləşirik. Məhdudlaşdırma, əlbəttə, olmalıdır. Bu da başqa insanların hüquqlarını tapdalandığın yerdə və qanun çərçivəsində olmalıdır.

Maarifçilik xəstəliyi metastaz verib hər tərəfimizə yayılıb. İncəsənətdən, ədəbiyyatdan belə nəsihət gözləyirik. Nəsihət etməyən, dərs verməyən sözlər, əsərlər bizə idbar görünür. Halbuki incəsənət insan azadlığının bərqərar olduğu yerdir. Cəmiyyətdə sıxışıb qalmış fərdin ədəbiyyatın intəhasız dünyasında özü kimi var olmaq istəyir. Bizsə tez ondan nəsihət gözləyirik, maariflənmə umuruq.

Məsələn, mənə maraqlı gəlir, görəsən, insan eqoist olmasa, yaxşı siyasətçi, alim, yazıçı, iş adamı ola bilərmi? Məncə, qətiyyən yox. Torpağın altından baş qaldıran toxum kimi insan sistemə baş qaldırmağı bilməlidir, bu da insanın özünə və öz yoluna şəksiz inanmağı ilə olur.

Azərbaycanlılar niyə təşkilatlana bilmir? Çünki sistem, idarəçiliyi düzgün qurumlar qurula bilmir. Qurulan siyasi partiyada, QHT də qanunlar fərdlərin üstündə durmursa və ən əsası qaydalar açıq, aydın, işləyiş şəffaf olmursa, istədiyin qədər insanlara nəsihət et, xudbinliyi tərk etməyi təlqin et, heç bir faydası olmayacaq.

Düşünürəm ki, artıq bizə nəsihətçilik yox, sistemçilik lazımdır. Hər bir fərd başqalarının azadlığına qədər olan çərçivədə hərəkət edə bilməli, istədiyi qədər eqoist, istədiyi qədər üsyankar ola bilməlidir. Lakin əvvəlcədən məşvərətlə qəbul olunmuş qaydalarsa bütün bunların üzərində durmalı, insanlar qaydalara uymağı əsil namusluluq, şərəflilik meyarı kimi mənimsəməlidir.  

Monarxiyanın demokratiyadan bir fərqi də budur; dövlət kiminsə ümidinə yox, konstitusiyanın, parlamentin idarəsinə qalıb. Qəbul olunmuş qaydalar qarşısında hər kəs eynidir, çünki oradakı hər bir fərd öz hüquqlarını fəda etməyəcək qədər eqoist və üsyankardırlar, haqları əldə etmədikcə susmazlar. Belə fərdlərə uzun-uzadı nəsihətə ehtiyac yoxdur, elə ona görə də bazar günü kilsə ayinindən başqa Avropalı nəsihət eşitmir, ancaq hər gün qanun eşidir, qaydalara əməl edir.

Düşünürəm ki, kollektivləşə bilməmək mərəzinin səbəbi xudbinlik olmadığını Cavid də yaxşı bilir, lakin bu lənətə gəlmiş əzbərçilik bəzən mühakimələrimizi əsir ala bilir. Bilmədən qəliblərin məngənəsində sıxışıb qala bilirik.

0