“Azərbaycansayağı yaxşılar” niyə uduzur?

Qəfər Rüstəm

azerbaycansayagi-yaxshilar-niye-uduzur

Çox vaxt adama elə gəlir ki, hər tərəf ləyaqətsiz insanlarla doludur, dünyada bir dənə də yaxşı adam qalmayıb. Mənəvi deqradasiya baş alıb gedir. Görəsən, həqiqətən, bu dünyada yaxşı insan qalmayıb? Mənim cavabım belədir, yaxşı insanlar var, sadəcə olaraq onlar çoxdan uduzublar.

Mən belə insanlara yaxşı yox, “Azərbaycansayağı yaxşılar” demək istəyirəm. Çünki həmin yaxşılar, sözün həqiqi mənasında, yaxşı deyillər, elə olsa idilər, pisə məğlub olmazdılar. Bu yaxşılar milli mentalitetin, güclü ənənələrin, saxta inancların sayəsində əhliləşmiş adamlardır, yaxşılıqları gözəl təbiətlərindən yox, budanmış, yox edilmiş mənliklərindən güc alır.

Bu yaxşıların çox maraqlı səciyyəvi xüsusiyyətləri var. Onlar elə körpə yaşlarından utanmağa məcbur ediliblər. Nənə-babaların, qohum-qonşuların olmazın təzyiqləri nəticəsində onların tez-tez yanaqları qızarır, üzü al-al olur. Belə vəziyyətdə olmaq ali əxlaqın nişanəsi kimi qələmə verilir. Üstəlik, bu insan zərif cinsin nümayəndəsidirsə, utanmaq ən müqəddəs mərtəbə sayılır. Başını yerdən qaldırmayan qız, ağzını açıb bir kəlimə belə danışmayan gəlin taleyin yer üzünə ərmağanıdır. Qulaqlarına qədər qızaran “yaxşı” daxilən paklığına, təmizliyinə inanır və belə vəziyyətdən artıqlaması ilə məmnun olur. Başqa cür davranmağı arsızlıq, həyasızlıq, demaqoqluq, kəsəsi, üzdəniraq xüsusiyyət kimi qəbul edir. Heç vaxt vəziyyətindən narazı olmur, müəyyən arxetiplərin mənəvi aləmində kristallaşdırdığı mənfi formaları reformasiya etməyə cəhd etmir.

Onlar həm də uşaqlıqdan qorxaq böyüdülürlər. Daim ürəklərində əndişə gəzinir. İtirmək, başqaları kimi ola bilməmək, başqalarından “afərin” sözünü eşidə bilməmək və s. Polislə, həkimlə, insanların ona güləcəkləri ilə, heç kimin onu sevməyəcyi ilə qorxudulan körpə azərbaycanlı ömür boyu qorxaq qalır. Heç kimə dəyib dolaşmayan, “nə ət, nə balıq” deyilən insana çevrilir. Haqqı tapdansa, ona qarşı etiraz etmək bir kənara dursun, bu hadisədə özünü suçlayır.

“Azərbaycansağı yaxşı” qorxaq olduğu üçün mütidir, itaətkardır. Başını aşağı salıb işini görməyə təlqin olunduğuna görə bir ömür başını qaldırmadan yaşayıb o biri dünyaya köçə bilər. Dünya, bəşəriyyət, sosial-siyasi vəziyyət haqqında heç bir fikri yoxdur. Çünki belə şeylər böyüklərin (əslində, uduzuduqları adamların) işidir. Onlara qarşı ağ olmaq tanrıya ağ olmaq deməkdir. ümumiyyətlə, belə bir şeyə qəti haqqı çatmadıqlarını fikirləşirlər.    

Onlar ifrat dərəcədə fatalistdir. Nə baş veribsə, talenin onlara rəva gördüyünə inanır, başlarına nə müsibət gəlsə, dəfələrlə haqları tapdansa, fikirləşir ki, yəqin, bunda da bir xeyir var, alın yazısı belə imiş. Hətta bəziləri başına müsibət gəlməyinin yaxşı adam olduğunu işarəsi kimi qəbul edir. Fikirləşir ki, yəqin, hardasa xətası olub ki, başına belə işlər gəlib. Pis adam ulu Yaradıcının cəza qılıncı kimi qəbul edilir. Beləliklə bizim yaxşı adam əziyyət çəksə də, min cür iztiraba düçar olsa da, qətiyyən üsyan eləməyən sarılmaz bir fatalistə çevrilir.

“Azərbaycansayağı yaxşı”nın reallığa dözümü yoxdur. Qarşısında gördüyü nəticələrə, ya da riyazi dəqiqliyə inanmaqdan çox mücərrəd dünyaya etimad edirlər. Uşaq olsa, ruzinin gələcəyinə, evlənsə, evin bərəkətlənəcəyinə inanan yaxşı elə bir çarxın içinə girir ki, bir daha real dünyaya baxmağa cəsarət etmir. Çünki bundan sonra reallıq ancaq uçurumdur, intihardır, çarə abstrakt dünyaya sığınıb beş günlük ömrü başa vurmaqdır.

Onlar həm  də islah olmaz optimistdir.  Gələcəyə elə güclü inanırlar ki, onların xəyallarındakı mənzərənin utopiya olduğundan xəbəri yoxdur. İçinə düşdükləri bataqlıq haqqında heç bir fikirləri olmasa da, gələcəyin yaxşı olacağına əminliklə inanırlar. Və yaxşı gələcəyi də bugünkü ağrı-acıya səbir etməkdə görürlər. Mövcud vəziyyəti analiz etmək onların gələcək haqqındakı xəyallarını darmadağın edir, elə ona görə də cari, yəni real duruma həmişə ötəri nəzər salırlar. “Müvvəqqəti çətinliklərə”, “keçid dövrünə” işıqlı gələcək naminə dözməli olduğuna inanırlar. Lakin umduqları gələcəyin necə qurulacağı, ora necə gediləcəyi haqda səthi də olsa, bir fikrə sahib deyillər.

Bizim gördüyümüz yaxşılar ona zülm edənə aşiq mazoxistdir. Nə qədər əzab-iztirab çəksə, o qədər kultlar, tanrılar, tanrıçalar icad edirlər. Əzab çəkmək onların taleyidir. Qəribəsi odur ki, işıqlı gələcəyin ağlayaraq əldə edəcəyini fikirləşə-fikirləşə bir ömür üzlərinin gülmədiyindən xəbərləri yoxdur. Musiqiləri, laylaları, şeirləri qəmlidir, vəfasızlıq, sədaqətsizlik dillərindən düşmür. O qədər şikayətlənib, ah-nalə çəkirlər ki, Leylisinə qovuşa bilməyən Məcnun kimi axırda nə üçün çöllərə düşdüklərini belə unudurlar.

“Yaxşı” bizim diyarlarda bir formadır, prototipdir, həmin prototipə uyğun rola girənlər və girməyənlər var. Və təlqin edilən “yaxşı”, “tərbiyəli” o qədər mücərrəd, o qədər əlçatmazdır ki, insanlar ya bu prototipə uyğun rola girib psixologiyasını xarab edir, nevroz olur, ya da orta statistik insan mənəviyyatına sahib ola bilməyən mədəniyyətsizə çevrilir. Halbuki insan öz taleyini, öz xarekterinə uyğun formalaşdırlmalıdır. Mədəni insan hər şeydən əvvəl azad və öz həyat yolunu seçə bilən fərddir.

0