İmdad

Ələddin Əzimli

imdad

Bu gün şair Ələddin Əzimlini doğum günüdür. Fabula.az kollektivi olaraq biz də şairi 65 yaşının tamam olması münasibəti ilə təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Şairin ən yeni şeirlərindən bir neçəsini oxucularımıza təqdim edirik.

İMDAD

Məni
Ora apar,
yovşanlar
ətir saçan yerə.
Torağaylar,
qaratoyuqlar
hoppanaraq
qaçan yerə.
Səslə,
nəfəslə
dolsun ciyərlərimiz.
Zil qaranlıq gecədə
qara at kişnərtisinə
sıxılsın sinirlərimiz.
Elə
bayquş səsinə də.
Çevrilib dayanaq,
duraq göz-gözə.
Söylə, bu an
kim çatar dadımıza?!

 

AZADLIQ

Getdi hər kəs-
yaxşı da,
pis də.
Pərdələr bağlandı,
qapılar qapandı.
Tək-tənha qaldım
soyuq dəhlizdə.

Kim bilir
nə vaxt dönəcəklər,
məni
azadlığa buraxıb
sevindirəcəklər?..

 

SƏRXOŞ GECƏ

Yuxusu
dağılan gecə,
əlindəki qaranlığı
su kimi içə-içə
gəlir
mənə tərəf.
Məni də qatıb
barmaqlarının arasından
süzülən qaranlığa
udmaq istəyir.
Uzaqdan
duyuram bunu,
gecənin
sərxoş olduğunu...

 

XƏTA

Döyüldü qapım,
açmadım amma.
Sındırıldı qapım,
tərpənmədim əsla.
Üzümü
hətta belə
yan etmədim
bu olaydan.
Ürəyimdə
söylədim ancaq,
Allah uzaq etsin
hamını
belə vədəsiz xətadan...

 

TƏRAVƏTLİ SƏMA

Sübhün şəfəqi
dəydi çaya,
şöləsi qalxdı.
Quşlar
dilə gəldi,
səsi qalxdı.
Onda gördüm
hər gülün,
hər çiçəyin
titrəyişi
bir özgə aləm.
Ruhum
uçmuş bədənimdən
oynamada!
Xoş,
təravətli səmada !...

 

GETDİ

Külək
aldı əlimdən çiçəyi,
çox uzağa-
gəlməzə getdi.
Hər şey
əlimdə ikən
necə də
bir an içində,
yox oldu
və gözlərimdən itdi...

 

İGİD ANASI

Yanımdan ötən
bu gözəlin
gözlərində qaldımı şəklim.
Yol verin,
yol verin siz ona,
qarşısından çəkilin.
O
bu günün çiçəyi,
açıq, aydın səması,
ürəkləri oynadan
bir ilahi duası.
Allah,
Allah!
Özün qoru bu mələyi.
Bəlkə də, o, mələk yox,
üzümüzə açılan
xoş sabahlarda,
yurda dayaq olası,
neçə igid anası...

 

BARIŞIQ

Sənin yoxluğun
yuxusuzluq kimi
çırpınır qarşımda.
Durmuşam
yoxluğa gedən,
bəlkə də, qayıdan
yolun başında.
Bir sətirsən
əvvəli, sonu bilinməz.
Gəl indi baş aç,
oxu bu sətri
İstəsən ucadan,
ya da ki,
səssiz-səmirsiz,
yəni,
sükut içində
gözləri qapalı
və ürəyində.

Ümidim var
qayıdacaq
və qəlbimin
qapısını döyəcəksən
barışıq dilində...

 

0