Dalana açılan dar qapı

Qəfər Rüstəm

dalana-acilan-dar-qapi

Dar qapıdan girməyə çalışın. Çünki insanı fəlakətə götürən böyük və geniş qapıdır. Matta/İncil

İnsanın mahiyyəti barədə bir çox paradiqmalar ortaya atılıb, bəlkə də, minlərlə doktorinalar hazırlanıb. Onları ümumi olaraq iki qrupda toplamağa çalışsaq, dünyəvi və səmavi olaraq sinifləndirə bilərik. Səmavi rakurs insanın əsas etibarilə bu dünyaya aid olmadığını, insanın uca Tanrıya çatmaq üçün cəhd etməli olduğunu təlim edir. Dünyəvi yanaşma isə insanın varlığını dünya ilə məhdudlaşdırır, empirik yanaşmanı əsas alır.

Andre Gid “Dar qapı” romanında insanın fəzilətli, saf bir varlığa çevrilməyini səmavi nöqteyi-nəzərdən təhlil edir. İncilin tələb etdiyi bu yolun nə qədər çətin və keşməkeşli olduğunu analiz edir.

Jorem Alissaya aşiqdir. Onların məhəbbəti çox kiçik yaşlarından başlayıb. Alissa Puritan məzhəbinə aid səmimi bir dindar qızdır. Ona görə acı və iztirab İlahi nura qərq olmağın yeganə yoludur. Dünyaya aid hər cür sevinc və həzz insanın tanrıdan uzaqlaşdıran şeytanın tələsidir.

Alissa Joremə bütün qəlbi ilə aşiqdir. Lakin qəlbində ilahi eşqdən başqa bir eşqi gəzdirmək onun üçün dözülməz bir xəyanətdir. Joremin sevgisi sadəcə ona acı çəkmək üçün lazımdır, çünki həmin acı ilahi hüzura qovuşmağa maneə törədən hər cür mənəvi kirlərin təmizləyicisidir.

Alissa Joremi bacısıyla evləndirmək istəyir. Bacısı da uzun müddətdir Joremin eşqindən dəli-divanə olub. Jorem Alissanın niyyətini başa düşəndə sarsılır, onun nə üçün belə davrandığını anlamağa çalışır. Alissa xoşbəxtliyi özünə rəva bilmir, o insanların xoşbəxt olmaq üçün yaradılmadığını düşünür. Xoşbəxtlik insanı bu fani dünyaya bağlayan şeytani bir rabitə ola bilər.

Alissa fədakardır, o, atasının, bacısının xoşbəxtliyi üçün çalışır, hətta öz bədbəxtliyi bahasına. Atası vəfat edənə qədər Joremdən uzaq gəzir. Jorem də eşqinə sadiq qalaraq ona qovuşmağın intizarındadır.

Andre Gid roman boyu Alissanın daxili aləminə, Alissanın özündən belə gizlədiyi daxili dünyasına eyhamlar vurur. Məsələn, o, bacısının təsadüfi bir tacirlə evlənib xoşbəxt olmağını bir mənalı qəbul edə bilmir. Bacısının ona ehtiyacı olmadan xoşbəxt olmağı onu bir balaca narahat edir. Çünki bacısı onun böyük fədakarlığı nəticəsində xoşbəxt olmalı idi. Üstəlik, bacısının qayğısız, rahat həyatı elə bil ona anlaşılmaz gəlir. Qəlb rahatlığı, xoşbəxtlik bu qədər asan olmamalıydı axı.

Alissanın Joremlə olan yüksəlib-alçalan diapazonlu münasibəti insanın nəfsi və qəlbi arasındakı antoqonizmi təsvir edir. Jorem uzaqda olanda onu arzu edir, bütün qəlbi ilə tələb edir, Jorem yaxında olanda isə ondan narahat olur, getməyini istəyir. Joremi seçsə, Tanrıdan uzaqlaşacağına inanır, Joremdən uzaq qalanda isə hədsiz iztirab çəkir.

Alissa insanın ruhunu oxşayan, zövq verən kitablardan uzaq durur. Joremin də sevib əzbərlədiyi şeirləri unutmağa çalışır. Oxuduğu sadəcə bayağı, sxolastika kitablarıdır. Jorem Alissanın belə kitabları oxuduğunu görəndə məəttəl qalır. Alissa insana zövq verən kitabların insanı tanrıdan uzaqlaşdıracağını fikirləşir. Üstəlik, həmin şeirlər Joremi xatırlatdığı üçün elə kitablardan tamam imtina edir. Ona yalnız ilahi sevgini təlim edən, seçdiyi yolun doğruluğunu cürbəcür dəlillərlə isbatlayan sxolastik əsərlər lazımdır.

Alissa Joremdən evlənməyini istəyir. Qızı olsa, adını Alissa qoymağını xahiş edir, hətta ən sevdiyi xaçı da verir ki, gələcəkdəki qızın boynuna assın. Andre Gid burada insanın heç cür islah olmayan eqosuna işarə edir. Alissa dünyəvi hər şeydən vaz keçdiyini iddia etsə də, yenə də öz xatirələrinin yaşadılmağını istəyir, müqəddəs insan kimi xatirlərdə yad edilməyi arzu edir. Bəlkə də, bu, insanın çarəsizliyinin təsirli bir təsviridir. Hər şeydən vaz keçən, bütün arzularını boğan, bütün istəklərini puç edən insan bir adla belə olsa, xatırlanmaq istəyir. Kim bilir, bəlkə də, bu, insanının sonsuzluq arzusunun təzahurüdür.

Alissa hələ o uşaq olan vaxtlar bir zabitlə qoşulub qaçan gözəl göyçək anasını daim xatırlayır. Anasının psixologiyası normal deyil, tez-tez əsəb krizisləri keçirir. Əsərdə həmin qadından o qədər geniş bəhs edilməsə də Alissadan onun haqqında nişanələr tapmaq olur. Alissanın mütləq saflıq, mütləq paklıq yolunun seçməyində məhz bu hadisə çox böyük rol oynayır. Andre Gid hər iki halda insan təbiətinin kövrəkliyini göz önünə sərir: Bir tərəfdə arzularının arxasınca uşaqlarını qoyub qaçan bir qadının, digər tərəfdə seksuallıqdan tamam imtina etmiş Alissa.

Alissa psixolojik vəziyyəti daim həssas olan biridir. Anasının atasına xəyanət etməyinin səbəbini, bəlkə də, rahat yaşamağında, gülüb əylənməyində görür. Dünya nemətlərinin insanı müstəqim yoldan azdıracağına inanır. Belə düşüncə, ya da qorxu bütün hadisənin emosional dəyərləndirməyə səbəb olur. Qorxu insanın ruhunu ən dərininə işləyən bir hissdir. Və qalan həyata güclü şəkildə sirayət edir. Alissa insanın təbiətindəki bu cür şərə tamayülü boğmaq üçün bütün qapıları bağlayıb Tanrıya yönəlir. Əlbəttə ki, belə vaxtı iztirabla qarşılaşır, təbiətinin tələbləri ilə üz-üzə gəlir, həmin anda iztirabın müqəddəsliyi onun dadına çatır. Bütün sevinclərdən, zövqlərdən imtina etməyi özünə borc bilir ki, getdiyi yolda sabitqədəm ola bilsin.

Alissa atası da öləndən sonra tək qalır. Olan qalan əşyasını bir zənbilə yığıb yola düzəlir. Və bütün tanıdığı insanların gözündən iraq bir yerdə son nəfəsini verir. Joremə isə ondan sadəcə xatirə dəftəri qalır.

Qorxular, keçmişdən qalan yaralar Alissanı tamam Tanrı yoluna sövq edir və Alissa özünü bu yola fəda edir. Fəzilətli olmağı, daimi xoşbəxtliyi fani dünyanın zövq və xoşbəxtliyindən vaz keçməklə qazanacağına inanır.

Andre Gid anlaşılmağı qeyri-mümkün olan insan təbiətinə bir düyün daha vurur, bir sual daha əlavə edir. Bizi əsir edən arzulardan qurtulsaq, fəzilətli bir insan ola bilərik mi? Heç cür əldə edə bilmədiyimiz xoşbəxtliyi ondan vaz keçərək, etinasız yanaşaraq onu əldə edə bilərik mi? Andre Gid, əslində, nə sual soruşur nə də cavab verir, onun etdiyi ustalıqla romanın naxışlarını hörmək, sual da, cavab da oxucuya həvalə olunur.

1
  • murshud-nebili MÜRŞÜD NƏBİLİ
    Joreme haksizliq edib ???? Insan arzularindan uzaqlasdiqca ona nece cata biler? Men düsunmurem bele bir yol secen olsun. Belkede zamanina gore bele olurdu etinasiz yanasar oz axari ile gederdi cox hadise ve arzularina catardin .indi konkret arzularin daloyca gerek qacasan dovrudur. Bir terefden hec arzusu olmayan insan xosbext saya biler ozun????????




daha çox