Dilənçi və dönərçi

Yaşar Bünyad

dilenci-ve-donerci

“İki yumurta, bir pomidor…Yağsız… Bir az su qatsam, tavaya yapışmaz… Çörək var, dünənki… Deyirlər, boyatı xeyirlidi çörəyin… Ruslar həmişə boyat çörək yeyir…”

Ürəyində danışa-danışa ovcundakı qəpikləri bir də saydı. Sağ cibi cırıq idi. Əlini sol  cibinə salıb eşələdi ki, bəlkə, dibində ilişib qalan qəpik ola. Bayaqdan, bəlkə, yüz dəfə qurcalanmışdı cibində. Boş idi.

Mədəsi kökdən düşmüş kamança kimi cırıldayır, əttökən küyü başına düşürdü. Dəqiqəbaşı da ağzını acılaşdıran seliyini udhauddaydı. Günü-gündən balacalaşan mədəsini beləcə aldadırdı.

Dünəndən qiyməti iki dəfə qalxan yumurtalara baxa-baxa öz aləmində qayğanaq bişirirdi. Hələ ki yağsız …

İbtidai sinifdə yaxşı oxumuşdu, hesabı bilirdi. Üstündəki qəpikləri bir də sayıb əmin oldu ki, yağla pomidora pulu çatmayacaq…

“Belə yaxşıdı, hər gün pamidor-yumurta olar? Eyni şey yeməkdən mədə yara tökər”.

Özünə təskinlik verirdi. Yalanına  gözləri yaşarınca gülərdi, əksinə, üç gündü boyat  çörəklə dönər dükanı qarşısındakı masalarda müştərilərdən qalma , çəkinə-çəkinə yığıb ikilitrlik fanta butulkasına boşaltdığı ayranla dolandığını yadına salıb kövrəldi.

“Qarnımdakı sancı elə o ayranın zibilidi. Lənətə gəlmişlər, Allah bilir, nədən qayırırlar. Bir də sancı tutsa, gərək kolluğa verəm özümü. Çatdıra bilsəm…”

Nəfəs borusu qıcıqlandı, elə bil udlağına pişpişə otu  düşmüşdü. Öskürdü. Gözləri yaşaranacan öskürdü .

“Xəstələnməsəm, qalan hər şey düzələr. Təki iynə-dərmana möhtac qalmayım, kimdi mənim qayğıma qalan? Olmaz xəstələnmək...”

Skamyaları boş görünən parkın girişində  dayandı . Xəyali qayğanağını yeyib su əvəzinə bir udum hava alıb qurtarırdı ki,  tində, qəzet-jurnaldan  savayı  min cür xırdavat satılan “Mətbuat-yayımları” köşkündən “ştuçni” siqaret  götürüb  yırğalana-yırğalana  parka tərəf gələn kişini görüb  tanıdı. Özünün fəxrlə dediyi kimi, neçə-neçə cəmiyyətin fəxri üzvü, qalaq-qalaq diplomların sahibi, tanınmış şair-jurnalist idi. Qoltuğunda da həmişəki kimi iki kitab. Qabaqlar qalmaqal azarkeşi olan  kütlənin sevimlisinə çevrilmiş məşhur saytı vardı. Dilə-ağıza  düşməkdən ehtiyat edən məmurlar, bəzi  deputatlar, hətta bir neçə nazir onu gizlincə “qret” eləyirdi, amma sonradan, özü demiş, paxıl həmkarları ayağının altını qazıb saytı bağlatdırdılar. Çoxdan görsənmirdi. Yəqin, Rusyətdə olub. Arada xaricə getməyi var axı. Kitaba maraqları olmasa da, insafən restoran, kafe, mağaza işlədən həmyerliləri “patriot” şairin  kitablarını ancaq  keflənib onunla  selfi çəkdirəndə əllərinə alsalar da, qürbət elə qonaq gəlmiş el sənətkarını əli boş yola salmazdılar. Hə, bir dəfə Arkan ustaya da özünəməxsus pafosla: “Kitab olmazsa, məhv olar bəşəriyyət!”– deyib “yeddi iqlim qurşağında” yerləşən vətənimizin bütün bölgələrinə həsr etdiyi şeirlər kitabını bağışlamış, əvəzində həm doyunca yeyib-içmiş, əlli manat da pul alıb o gedən getmişdi. Heç Arkan usta o kitabı bir dəfə də açıb baxmamışdı ki, görsün kitabın içində əlli manata dəyən nə yazılıb... “Əslində, xalq öz şairini, aşığını ovcunun içində  saxlamalı, dolandırmalıdı”, – deyirdi şair. Ağlına gəldi ki, “neçə gündü acam” deyə yaxınlaşıb pul istəsin , sinəsinə döyən məşhur şair heç olmasa bircə dəfə kasıb ellisinin qarnını doydursun,  amma o andaca  parkın qənşərində bir ağ “cip”  dayandı, içində oturanlar: “Qadan alım, ay elli!” – deyib şairi  çağıran kimi iti addımlarla maşına  tərəf  tələsdi, heç çevrilib ona tərəf  də baxmadı. Şairi aparan cip gözdən itəndə ağlındakı söz ağzında, qolları da yanında qaldı.  

“Əvvəllər dolu olardı buralar. Uşaqlı-böyüklü... Eh, indi adamlar adam içinə çıxmaqdan utanır elə bil. Camaatın necə yaşadığını biz dilənçilər daha yaxşı hiss edirik.  Deyəsən, vəziyyət günü-gündən ağırlaşır, day əl açana da baxan yoxdu bu şəhərdə. Dilənməyə çəkinir adam… Görürəm, rəhimləri gəlməyinə gəlir, amma verməyə pulları yoxdu çoxunun. Əl açana pul verə bilməyən kasıb da xəcalət çəkir. Bizi dolandıran  kasıblardı axı, imkanlıların küçə-bacada nə azarı var? Onlar, onsuz da, dilənçi görəndə elə bil qutuda ilan görürlər. Allah kasıblara bərəkət versin! Bu dövlətlilərin elə bil cibləri olmur e... Keçən ay bahalı şadlıq sarayının qənşərinə getdim, dedim, bəlkə, toy adamları əliaçıq olar, amma  nəinki qonaqlar, heç bəy də  əlini cibinə salmadı. O yekəlikdə maşının başına pir kimi dolanıb ürəkdən o qədər xeyir-dua eləmişdim ki!.. Halal xoşları... Adama yer eləyir ki,  tank boyda maşında gəlin gətirəsən, bircə manata qıymayasan...”

Yadına düşdü ki, toy adamlarından biri gəlin maşınından uzaqlaşdırmaq üçün ona kağız pul vermişdi, yəni, a gədə, izal ol burdan!.. Pul da nə pul. Səhərisi gün valyuta dəyişmə məntəqəsində o kağıza minnətnən bir manat vermişdilər. İran puluymuş, özü də ən dəyərsizi...

“Əvvəllər yaxşıydı... Arkan ustanın yanında işə başlayana qədər o  tindəki çörəkçi əmi hər səhər bir təndir çörəyi, ya şirin qoğal, göyərti satan xala da otuz, bəzən əlli qəpik uzadardı heç əlimi açmamış. Bilirdim ki, yazığı  gəlir. Özü qəpik-quruş qazanır, canı sağ olmuş, hələ mənə də əl tuturdu. Polislər polkasını dağıdıb qovdular, – deyəsən yerpulu verə bilməmişdi, – daha gəlmir buralara...”

Metronun çıxışıyla üzbəüz dönərxana vardı. Elə indi də var, amma əvvəllər onu türk dönərçi işlədirdi: Arkan usta. Müştərisi bol idi. Səhərdən axşamacan növbə olurdu. Müştərilərin çoxu tələbə idi. Alanlar tərifləyirdi ki, çox dadlıdı, əti, tərəvəzi bol, üstəlik, ayran da müftə.

“Arkan usta məni dönərxanaya işə götürəndə bərk-bərk tapşırmışdı ki, gözdə-qulaqda olum, qoltuğu papkalıları görəndə aradan çıxım. İşləmək üçün yaşım az idi axı. Daha dilənmirdim. Masaları yığışdırmaq, silib təmizləmək, zibilləri atmaq mənlik idi. Deyirdi ki, ayağım yüngüldü,  mən işləyəndən alver iki dəfə artıb. Arkan usta sağ olsun, üç dəfə yemək verib qarnımı doyuzdururdu, iş bitəndə də  beş manatımı  alırdım... Hayıf, indi yoxdu burda. Deyirlər, qazandığına İstanbulda mülk alıb, köçüb, obyekti də satıb bu zəhləmgetmiş yekəqarına. “Alverim yoxdu, səndən ötəri başımı əngələ sala bilmərəm,” – deyib məni işdən qovmasaydı, təzədən dilənməyə başlamazdım... Məncə, Arkan usta qayıdacaq. O gün parkdakı kişilər danışanda qulağım çaldı ki, Türkiyədə vergilər çox yüksəkdi... Bizdə isə  çox rahatdı, valla rahatdı. O yekəqarın dönərçi deyir ki, nə vergibazlıqdı, uçastkovunun haqqını ver, başı-qulağı sakit işlə. Hamı kimi... Bilirəm, orada çox dözən deyil, beş-altı aya bir də gördün qayıtdı. Bura öyrəşən orda dözməz. Qayıdacaq... Bu yekəqarın isə çox acgözdü. İnsafsız, müştəridən qalan artıq-urtuğa da göz dikir. Özü də  guya Allah adamıdı. Yalansa...”

Bir dəfə utana-utana hansısa müştərinin nimçədə yarımçıq qalmış  dönərini götürmək istəyəndə “kirli əlini nimçəyə vurma, sürüş burdan, küçük!” – deyib elə çığırmışdı ki, polis çağıracağından qorxub əkilmişdi.

“Hə, o dönərçi deyir, iki it saxlayır bağında, buldoqdu-nədi, onnan, guya müştərilərdən qalan artığını da onlara aparır. Buldoqa ha! İnanan daşa dönsün!  Buldoq dönər yeyib ayran içir ki?...”

Bəlkə də, sadəlövhlüyündən inanmaq istəmirdi ki, bu zəmanədə qudurğanın iti dönər də yeyər, dana basdırması da, hələ suşi də, özü də vasabi ilə...

Şirəsi süzülən (əslində, şirəsi də qurumuşdu) boş mədəsi xəyali yeməkdən doymadı. “İki yumurta... bir pa... pa...”  Dili söz tutmurdı. Qarnında qaydasız döyüş davam edir, içi qarmon kimi açılıb-yığılırdı. Fikrini mədəsində, bağırsaqlarında tüğyan edən gurultudan yayındırmağa çalışdı. Bacarmadı. Xəcalət çəkə-çəkə yanından ötənlərə nəzər yetirirdi ki, görəsən, içini parçalayan, səsi beynini dağıdan bu hay-küyü eşidən varmı? Sanki  gözəgörünməz idi. Ona məhəl qoymadan hərə öz dərdini daşıya-daşıya harasa tələsirdi...

Yemək...yemək...

Addımbaşı adamın gözünə girən iri reklam şitlərində üstü küncütlü bulkanın yarığından kotleti, holland pendiri, pomidor dilimi görsənən  burqerlərin iştahalı görünüşü onun ağzını sulandırmasaydı, bəlkə,  bir az da dözərdi. Nə illah elədi ağlına yeməkdən savayı nəsə gətirsin, alınmadı. Və birdən,  hardan yadına düşdüsə, o yekəqarın dönərçinin üzünü heç vaxt  görmədiyi itini kinoya baxırmış kimi təsəvvüründə canlandırdı. Canlandırmağına canlandırdı, amma tərslikdən o da yemək yeyirdi. Təmtəraqlı yay restoranında, palma ağacının kölgəsində masa sifariş vermiş adam kimi ədəb-ərkanla oturub sağında onun əmrlərinə müntəzir dayanmış qırmızı “kəpənək”li ofisiant, qənşərində cürəbəcürə eqzotik nemətlər, içkilər, sinəsində kraxmallı salfet... çəngəl-bıçaqla döşənib  qızardılmış steykin canına...

Sancıları getdikcə çoxalırdı. İniltiyə dönən ağrılara dözə bilməyib  qarnını bərk- bərk qucaqladı, kimsə halının pisləşdiyini duymasın deyə  asta-asta parkdakı nəhəng mərmər heykəlin dibinə çökdü...

Elə bildi, ağzından köynəyinə süzülən qanlı steykin tamatlı  sousudu. Əlinin ardıyla onu  sildi. Çənəsindən üzüaşağı qırmızı köpüklü  ağız suyu axırdı...

Soyuq daş döşəmədə qıvrılıb qalmışdı. Huşunu itirir, qapanan  gözlərinə getdikcə qaranlıq çökürdü.

  Kiminsə heybətli əlim çiynindən yapışıb  onu silkələdi. Əl çox güclüydü. Sanki taraz saxlamaq istədiyi başı zəifləyib haldan düşmüş bədəninidən ayrılmışdı, meyvəsi çırpılan zərif tut budağı kimi əsim-əsim əsdi. Gözlərini qıya-qıya çiynindəki ağır əlin  sahibinə baxdı. Arkan ustaya oxşatdı. Yuxuda gördüyünü zənd elədi, baxdı, baxdı... Gülümsədi. “Qayıtdın, abi?” – soruşmaq  istədi. Quruyub çatlamış dodaqlarını açıb yumdu. Adamlar üçün darıxan parkın göyərmiş daş döşəməsinə çöküb güclə pıçıldadı: “Pisəm, abi... çox pis...”

 Nəinki indi çox uzaqlarda olan  Arkan usta, hətta bayaqdan  qolundan  yapışıb ona yardım etmək istəyən park nəzarətçisi də onun nə pıçıldadığını eşitmədi...

Fabula.az

0