Çexovların aktyor sülaləsi: böyük yazıçının ailəsindəki teatr və kino ulduzları

Fabula.az

cexovlarin-aktyor-sulalesi-boyuk-yazicinin-ailesindeki-teatr-ve-kino-ulduzlari

MİXAİL ÇEXOV

Çexov soyadını dünyada təkcə yazıçı Anton Çexova görə tanımırlar. Bu nəsildən rəssamlar və aktyorlar da çıxıb. Dünya Çexovlar sülaləsini Hollivudda aktyorluq məktəbi quran yazıçının qardaşı oğlu Mixail və onun ailəsinin üzvləri sayəsində tanıyıb. Düzdür, vətəndə onların adları uzun illər çəkilmirdi, çünki hamısı mühacirətdə idilər.    

Məşhur aktyor, rejissor və pedaqoq Mixail Çexov
Foto: kino-teatr.ru

Mixail yazıçı Anton Çexovun böyük qardaşı Aleksandrın oğludur. Sankt-Peterburqda dünyaya gəlmiş orada böyümüşdür. Yaradıcılığa uşaqlıqdan meyli olub. Ailədə onu “ev teatrı”nın ulduzu sayırlarmış. A. Suvorin adına teatr məktəbini bitirdikdən sonra Mixail Suvorin Teatrının truppasına qəbul edilmiş, bir ildən sonra isə Moskva İncəsənət Teatrına keçmişdir. Onun “Müfəttiş” pyesində ifa elədiyi Xlestakov rolu barədə: "Bu, məhz Qoqolun yazdığı həmin Xlestakovdur” deyirlərmiş. 1918-ci ildə Çexov şəxsi aktyorluq studiyasını qurmuş, 4 il sonra isə Moskva İncəsənət Teatrının birinci studiyasına rəhbər vəzifəsinə gətirilmişdir.

Maxail Çexov, cavanlıq fotoşəkli
Foto: kino-teatr.ru və mihail-chehov.ru

1913-cü ildə Mixail Çexov səssiz kinoya, "Romanovlar sülaləsinin yüzilliyi (Трехсотлетие царствования дома Романовых)" filmində Mixail Romanov roluna dəvət almış, arxasınca 5 filmdə daha çəkilmişdir. 1928-ci ildə Çexov Stanislavskinin metodunu araşdırdığı və seminarlarda aktyorlara təlim keçdiyi "Aktyorun yolu (Путь актера)" kitabını nəşr etmişdir. Elə həmin il də Almaniyaya köçmüşdür. Almaniyada o teatr tamaşalarında iştirak etmiş və filmlərdə rol almışdır. 1930-cu illərdə Mixail Çexov Avropa səyahətinə çıxmış, Parisdə və Londonda çıxış edib aktyorluq təlimlərini vermişdir. O vətənə qayıtmaq ümidilə Sovet rəsmiləri ilə teatr qurma danışıqları aparmış, lakin bir nəticə almadığına görə ömürlük xaricdə qalmışdır.

Mixail Çexovun səhnə obrazları, 1922

Foto: mihail-chehov.ru

1939-cu ildən Mixail Çexov ABŞ-da yaşamağa başlayıb. Amerikada o rejissorluqla məşğul olmuş və Hollivudda böyük populyarlıq qazanan aktyorluq məktəbini qurmuşdur. Məktəbin müdavimləri arasında Yul Brinner (Yul Brynner), Entoni Kuinn (Enthony Quinn), Klint İstvud (Clint Eastwood) və Merilin Monro (Marilyn Monroe) kimi gələcəyin görkəmli sənət ustaları da olmuşdur. 1940-cı illərin ortalarında Çexov şəxsən filmlərdə rol almağa başlamış, hətta Alfred Hiçkokun (Alfred Hitchcock) "Spellbound" filmindəki roluna görə Oskara namizəd göstərilmişdir. Həmin dövrdə o aktyor və rejissorlar arasında Stanislavskinin "Aktyorun özü üstündə işləməsi (Работа актера над собой)" əsəri qədər əhəmiyyətli hesab edilən "Aktyorun texnikası haqqında" kitabını nəşr elətdirmişdir. 1955-ci ildə Mixail Çexov infarkt keçirərək dünyasını dəyişmişdir. Onun xidmətləri vətənində uzun illər öz layiqli yerini tapmamışdır. Lakin 1980-ci illərdən sonra Çexov sistemini Stanislavski metodu ilə birlikdə öyrənilməyə başlanılmışdır.

Mixail Çexov “Abie's Irish Rose” filmində, 1946

Foto: kstati.net

 

OLQA ÇEXOVA

Aktrisa Olqa Çexova

1914-cü ildə Mixail Çexov Anton Çexovun həyat yoldaşının qardaşı qızı Olqa Knipper ilə ailə həyatı qurub. Ada adlı bir qızları dünyaya gəlib, lakin evlilikləri cəmi 3 il çəkib. Aktrisa olan Olqa 1920-ci ildə Almaniyaya köçərək filmlərdə çəkilməyə başlamışdır. 1930-cu illərdə artıq o Alman kinosunun ulduzu sayılırmış. Olqa Çexova Hitlerin ona olan rəğbətindən məharətlə istifadə etmişdir, belə ki, o Fürerin sevdiyi aktrisalardan biri olmuşdur. Bütün bayramlarda Hitler ona şəxsən şirniyyatlar və "Xanım Olqa Çexovaya heyranlıq və ehtiramla, Adolf Hitler" imzalı portretlərini göndərirmiş. 1936-cı ildə Üçüncü Reyxin Dövlət Aktrisası adına layiq görülüb. O 140-dan çox filmdə rol almış, lakin bunların heç biri, müəyyən səbəblərə görə, SSRİ-də ekranlara verilməmişdir.

 

Aktrisa Olqa Çexova

Foto: kino-teatr.ru

Olqa Çexoca, ikitərəfli aqent hesab edilən aktrisa

Foto: kino-teatr.ru

Olqa Çexova kimdir? Bu sual hələ də açılmayan sirrdir. Məsələ ondadır ki, Sovet qoşunları Berlini ələ keçirdikdən sonra aktrisanı hərbi təyyarə ilə Moskvaya gətirib Kremldə keçirilən görüşlərdən sonra təzədən Berlinə qaytarıblar. Tədqiqatçıların fikrincə, İkinci Dünya müharibəsi illərində Olqa Çexova sovet kəşfiyyatı tərəfindən işə cəlb edilib və o Stalinlə Hitlerin ikitərəfli agenti olub. Ancaq özü bunu təkzib edib və fəaliyyəti barədə heç bir sübut tapılmamışdır. O bir dəfədən artıq SSRİ-də olmamışdır. Olqa Çexova 1980-ci ildə 82 yaşında vəfat etmişdir.

 

Olqa Çexova, ikitərəfli agent hesab edilən aktrisa

Foto: kino-teatr.ru

Aktrisa Olqa Çexova

Foto: kino-teatr.ru

VERA ÇEXOVA-RUST

 

Aktrisa Vera Çexova

Foto: kino-teatr.ru

Mixail Chexovun birinci həyat yoldaşı Olqadan Olqa adlı qızı olub. Olqa daha sonra özünə Ada təxəllüsünü götürüb. Almaniyada böyüyüb və valideynlərinin izi ilə gedərək aktrisalığı seçib. 49 yaşında Ada təyyarə qəzasında vəfat edib. Alman həkim Vilhelm Rust ilə ailə qurub, bu evlilikdən 1940-cı ildə sülalənin davamçısı olan Vera Çexova-Rust dünyaya gəlib.

XX əsrin ən gözəl Avropa aktrisalarından biri sayılan Vera Çexova

 

Foto: istorik.net

Aktrisa Vera Çexova

Foto: istorik.net

Vera Çexova 16 yaşından filmlərdə rol almağa başlayıb. O müharibədən sonrakı dövrün ən məşhur Alman və XX əsrin ən gözəl Avropa aktrisalarından biri sayılıb. Onun kino karyerası 1950-ci illərin ortalarından 1990-cı illərin ortalarına qədər davam etmişdir. Bu müddət ərzində o 50-dən çox rolda oynamışdır. 2006-cı ildə Vera Çexova "Alman kinosuna verdiyi töhfəyə görə" mükafatlandırılmışdır.

XX əsrin ən gözəl Avropa aktrisalarından biri sayılan Vera Çexova

Foto: istorik.net

Nənəsi Olqa Çexovanın vəfatından sonra Vera Rusiyaya gəlmiş, Melixovda Anton Pavloviç Çexovun ölümünün 80 illik yubileyində, 1983-cü ildə isə XIII Moskva Beynəlxalq Film Festivalında iştirak etmişdi.

Çexovlar sülaləsindən yeganə vətəndə qalan şəxs yazıçı Anton Pavloviç Çexovun həyat yoldaşı Olqa Leonardovna Knipper-Chexova olub.

https://bit.ly/2XzhmYx

Tərcümə etdi: Mustafa Ruşan

0