Gənclik həyəcanı, ölüm qorxusu, məsuliyyət və inanc haqqında unudulmaz roman “Nemesis”

Ələsgər Həsənov

genclik-heyecani-olum-qorxusu-mesuliyyet-ve-inanc-haqqinda-unudulmaz-roman-nemesis

“Nemesis” amerikalı yazıçı Filip Rotdan (Philip Roth) oxuduğum ikinci əsərdir. İki il bundan əvvəl “Portnoy's Complaint” (“Portnoyun fəryadı”) əsərini oxumuş və çox bəyənmişdim. 2018-ci ildə 85 yaşında vəfat edən yazıçı 20-dən çox romanın müəllifidir. “Beynəlxalq Buker”, “Pulitser”, habelə “Frans Kafka” mükafatlarına layiq görülüb. Yazıçının aldığı mükafatlar qeyd etdiklərimdən çoxdur, sadəcə bir neçəsinin adını çəkdim. Filip Rot ABŞ-da həyatda ikən əsərləri külliyyat şəklində nəşr edilən yeganə yazıçı olmuşdur.

“Nemesis” (“Nemezida”) kiçik (cəmi 176 səhifə) həcmli olmasına baxmayaraq sarsıdıcı və unudulmaz bir əsərdir. İnsanın varlığını və Tanrını sorğulayan, fərdin üzləşdiyi çətinlik zamanı özü, sevdikləri və cəmiyyət qarşısında davranışlarını gözlər önünə sərən bir əsərdir.

Hər birimiz bir uşaq xəstələndiyində və ya həyatdan köçdüyündə içimizi parçalayan qəzəb və kədərlə üsyan edirik, sorğulayırıq və günahkar axtarırıq. Əsər boyu bu hissi dəflərlə yaşayacaqsınız…

1944-cü ilin yayında, poliomielit epidemiyası (sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və ölümlə nəticələnə bilən yoluxucu xəstəlik, kütləvi yayıldığı zaman müalicəsi, peyvəndi və yayılma forması bilinmədiyi üçün dünyada çox sayda uşağın ölümünə və şikəst qalmasına səbəb olmuşdur) Nyuark (Newark) sakinlərinin, xüsusən də uşaqların həyatını cəhənnəmə çevirdiyi zaman, gözləri kifayət qədər görmədiyi üçün orduya alınmayan gənc bədən tərbiyəsi müəllimi Baki Kantor (Bucky Cantor) şəhərin yəhudi məhəlləsindəki bir məktəbdə yaz tətili zamanı uşaqlara idman dərsləri keçir. Müharibəyə gedə bilmədiyi üçün özünü sorğulayan və üzülən müəllim uşaqları xəstəlikdən qorumaq üçün çalışır, səy göstərir. Davranışları ilə hamının hörmətini qazanan gənc müəllimin sevgilisi Marsiya (Marcia) şəhərdən və epidemiyadan uzaq bir yay düşərgəsində işləyir və Kantoru düşərgədə boşalmış idman müəllimi yerində işləmək üçün dilə tutmağa çalışır.

Gənc müəllim seçim qarşısındadır, sevgilisi ilə birlikdə xəstəlikdən uzaq bu düşərgəyə getmək, yoxsa öz sağlığını da itirmək təhlükəsi olan şəhərdə qalaraq uşaqları qorumaqda davam etmək. Bir tərəfdən xoşbəxtliyi və sağlamlığı, digər tərəfdən vicdanı və sevdiyi uşaqlar qarşısındakı insani borcları arasında qalan müəllim bütün həyatını dəyişdirəcək bir seçim edəcək…

“Nemesis” gənclik həyəcanı, ölüm qorxusu, məsuliyyət və iman haqqında unudulmaz bir romandır.

Bir oxucu ömrü boyu yüzlərlə əsər oxuya bilər, lakin oxuduğu əsərləri saymağı və ya oxumaq üçün tövsiyə ediləcək əsər istəniləndə ağlına ilk gələn əsərlər vardır. “Nemesis” oxuduqca hər səhifəsində insanı sarsan və sorğulamağa məcbur edən, heç bir zaman unuda bilməyəcəyiniz və hər xatırladığınızda eyni hisləri təkrar yaşadan əsərlərdən biridir. Bir çox dəfə özünüzü gənc müəllimin yerinə qoyacaq, görəsən belə bir seçim qarşısnda olsam, mən necə davranardım kimi sualı özünüzə verəcəksiniz.

Duyğusal bir oxucu isə əsər boyu dəfələrlə göz yaşını saxlaya bilməyəcək və qəlbində o dərin üzüntünü, kədəri hiss edəcəkdir.

Təsadüfən qarşıma çıxan, ancaq oxuduqdan sonra yazıçının tapa bildiyim bütün əsərlərini oxumaq qərarı verditdirən “Nemesis”i oxumağınızı tövsiyə edirəm. Oxuyanlardan fikirlərini bölüşməyi xahiş edirəm.

0