“Mən gedirəm! Bitti, hamınızı qoyub gedirəm”.

Ələsgər Həsənov

men-gedirem-bitti-haminizi-qoyub-gedirem

“Yaşlılıq qətliamdır. Ölümünə qaçmaqdır çünki. Hər gün bir əvvəlkindən daha ürkək addımlarla getməyə hazırlanmaqdır. Dönüşü olmayan bir yolçuluğa çıxmış kimi…”

Amerika ədəbiyyatının böyük ustadlarından biri olan Filip Rotun (Philip Roth) növbəti səmimi, maraqlı və unudulmaz bir əsəri… Müdhiş əsər və müdhiş bir yazıçı, o qədər müdhiş ki, oxuduqca bütün gözəl əsər və yazıçıları xatırladır, yada salır…

“Everyman” (“Hər bir insan”) yazıçının qocalıq, xəstəlik və insanın ölümünə qarşı ümidsizliyinə həsr olunmuş cəmi 108 səhifəlik həcmcə kiçik, mənaca çox dərin bir əsəridir.

Qara rənglər üstünlük təşkil edən hüznlü bir rəsm əsəri var sanki gözlərimizin önündə... Bütün qaranlıqlarına baxmayaraq, gözlərimizi ala bilməyəcəyimiz bir həyatdan bəhs edən rəsm əsəri…

Bir saatsaz və brilyant satıcısının oğlu olan, Nyu Yorkdakı bir reklam agentliyindən təqaüdə çıxan “Everyman” zahirən gözəl bir həyat yaşamışdır. Mükafatlar qazanmış bir rejissor olaraq gənc və gözəl qadınların diqqətini çəkmişdir, qızı daim ona heyran olmuşdur, bir dahi maliyyəçi olan qardaşı daim onun yanındadır. Ancaq o artıq ölümün yaxınlaşan səsini eşitməkdədir, cənazə mərasimində başlayan roman boyunca uşaqlığından xəstəxanada yatdığı günləri, keçirdiyi əməliyyatları, yaşlandığında səhhətində yaranan ciddi problemləri, ürək-damar xəstəliklərinin meydana gəlməsini və 11 sentyabr hücumundan sonra köçdüyü bir sahil qəsəbəsində təqaüdçülərə sənət dərsləri verərək keçirdiyi anları xatırlayır.

Xatırladıqca ağlında xoşbəxt keçmişi, uğursuz evlilikləri, sevdiyi insanlara xəyanət etməsi, rəssamlıq xəyalını davam etdirməsi, artıq əsla düzəldə bilməyəcəyi peşmançılıqları gözündə canlanır.

Dünyanın ən güclü roman ustadlarından biri sayılan Filip Rota görə, qocalığa rəğmən cinsəllik arzusunun artması insanın öz yaradılışına və ölümünə qarşı çıxması deməkdir. Bu əsəri ilə Rot bir yazıçının həyatın bütününü əhatə etməsinin mümkünsüzlüyü haqqındakı fikirləri də rədd etmişdir. Həm də bunu böyük və mürəkkəb bir roman yazmadan etmişdir. Cəmi 100 səhifəlik romana 70 illik bir ömrü sığdırmışdır. Bu ömür adını belə bilmədiyimiz küçədəki bir insanın hüznlü ömrüdür.

“Mən gedirəm! Bitti, hamınızı qoyub gedirəm”.

0