“Balıqlar ölüm ayağında da gözlərini qırpmır...” Zahid Sarıtorpaqla müsahibə

baliqlar-olum-ayaginda-da-gozlerini-qirpmir-zahid-saritorpaqla-musahibe

Zahid bəylə görüşü Qəfər bəy təyin eləmişdi… “Dərdin sari çəpkəni” romanını oxuyub, barəsində ağızdolusu danışan həmkarımızın sehrinə qapılıb yazıçının son kitablaşdırılan “Quşların intiharına ağlamayın” romanı ilə tanış olmağa qərar verdik… Mütaliədən sonra həm saytımıza material toplamaq, həm də yazıçı ilə yaxın təmas qurmaq, romanda sual doğuran məqamlara aydınlıq gətirmək üçün müsahibə labüd hala gəldi… Səməd Vurğun parkında sadə bir insanla qarşılaşdıq… Sadə, səmimi, illərin yükünü çiynində daşıyıb, lakin hələ də həyatın üzünə baxıb gülümsəyə bilən bir ağsaqqalla… Söhbətimiz uzun çəkdi, lakin müsahibəyə yalnız əvvəlcədən müəyyənləşdirdiyimiz sualları daxil eləmişik…

Sizin ikinci nəsr kitabınızı da oxudum. Şeirləri bura daxil eləmirəm. “Dərdin sarı çəpkəni” və təzəcə bitirdiyim “Quşların intitarına ağlamayın” kitablarınızdan gedir söhbət. Mənə çox maraqlıdır, əsərlərinizdəki bu pessimiz, depressiv ab-hava nədən irəli gəlir? Həqiqətən, dünya bu qədər xaotik, biz isə xaosdayıq?

O sizin ovqatınızla bağlı olan bir məsələdir. Mənə elə gəlir ki, “Dərdin sarı çəpkəni” romanında bir o qədər də depressiv hallar yoxdur. İndi sizinlə haqqında söhbət açmaq istədiyimiz “Quşların intiharına ağlamayın” romanı isə başdan-ayağa dünyanın saxtalığından bəhs edir… Romanda ab-hava belədir. Bu, dünyada nəyə əl atırsansa, kökündə saxtalıq dayandığını isbat edən bir əsərdir. (Yeri gəlmişkən, beş yüz il əvvəl Rotterdamlı Erazmus məşhur “Axmaqlığın tərifi” əsərində dünyada hər şeyin özəyində bir axmaqlıq olduğunu sübut etməyə çalışmışdı) Qəhrəmanların düşüncəsinə görə əsərdə son məqam pirdir. Piri qazıb görürlər ki, içində yarıyacan yanıb ərimiş bir cüt şam var. Bu isə simvolik olaraq insanların tapındığı o müqəddəs yerin belə içində ölü basdırılmadığını – saxtalığını ortaya qoyur. Əsərin mahiyyəti budur. “Mən belə düşünürəm, belə də yazmışam” deməyə ehtiyac duymuram. Əslində, bu mənim sırf öz düşüncəm deyil. Əsərin ab-havası belədir. Hadisələr obrazları gətirib o məqama çıxarır. Yeri gəlmişkən, Tolstoyun iki gün otaqdan eşiyə çıxmadığını görən xidmətçisi narahat olub yaxınlarına xəbər çatdırır, içəri girib görürlər ki, o, ağlayır. Niyə ağladığını soruşanda, Tolstoy cavab verir ki: “əsərimin qəhrəmanı – Anna Karenina ölüb, ona görə…” İndi bu romanın bu ab-havada olması, xaotik və mistik çalarlar mənlik deyil axı… Baş qəhrəmanı, daha doğrusu, anti-qəhrəman Qaraqızın faciəsi onu sübut edir ki, yaşadığı dünya məhz belə bir yerdir. Ona və dünyadaşlarına ürəyim ağrıyır, təbii. Söz yox ki, bu, bədii təxəyyüldür. Mən burda həyatın sırf belə olduğunu demək istəmirəm. Həyat çoxşaxəli və çoxçalarlıdır.

Romandakı personajlar sizcə yaşlarına görə çox qoca görünmürlər? Anladığım qədər Qaraqızın və bacısının yaşları 35-40-dır. Amma insanda elə bir təəssürat yaranır ki, çox yaşlıdırlar.

Mən buna fikir verməmişəm. Üstəlik belə düşünmürəm. Personajlarda bunu hiss eləmirəm. Əksinə Qaraqızı çox çılğın hesab edirəm. Və düşünürəm ki, bu kimi xüsusiyyətlər insanın yaşından asılı deyil.

Qaraqız çox mütaliəli bir insan oldğuna, üstəlik inglis dilini də gözəl bildiyinə görə dünyagörüşü geniş olur. Onun düşüncələri yetkin, ziyalı düşüncələrdir, eyni zamanda çox sadəlövh, həddən artıq məsumdur. Həyatda aldığı zərbələr və ziddiyətli ömür yolu onu bu cür formalaşdırmış ola bilər.

Romanda mühit müasirdir, amma qəhrəmanlar elə bil ki, sovet dövrünün obrazlarını xatırladır. Bu haqda nə düşünürsünüz?

Məncə elə deyil. Məsələn, romanın qəhrəmanlarından olan Hidayətin dizləri üstə çöküb Allaha yalvarması, onun vicdanının yanması, əzab keçirməsi… bütün bunların yaş həddini və ya onun hansı cəmiyyətdə yaşamasını göstərmir. Bu kimi psixoloji durumlar hər yaş dövrünün və istənilən cəmiyyətin insanına xas ola bilər.

Sizcə Qaraqızın bədbəxtliyi Hidayətkimilər və sistemdir, yoxsa o  özü buna səbəbdir?

Bilirsiz, Qaraqızın yetim, tənha, yiyəsiz olması və təcavüzə məruz qalması... bütün bunlar onda mənəvi travmalara səbəb olub. Dolayısilə bu yaralar onun şəxsiyyətini formalaşdırıb. Üstəgəl sosial cameə və insanlarda nəinki ictimai şüur, hətta onun işartılarının belə olmaması...

Bu personaj bizim cəmiyyətdə deyil, məsələn Avropada olsaydı, o yenə bu cür formalaşardı, ya başqa cür? Bax bu məqam mənim özüm üçün də qaranlıqdır.   

Romanda ən maraqlı və sual doğuran məqam sonluqdur. Sizcə romanın sonunda Qaraqız nəyə çevrilir?

Çox gözəl... Elə əsər onun üstündə qurulub. Bunu mən cavablandıra bilmərəm. Bu artıq oxucunun xəyal gücündən, ona biçdiyi roldan asılıdır. Bu məqamı oxucunun öhdəsinə buraxmışam.

Yeri gəlmişkən bir detalı açıqlamaq istəyirəm. Bunu, səhv etmirəmsə, başqa müsahibələrimdə də demişəm. Altı romanım üzdədir. Bunların heç birini planlı şəkildə yazmamışam. Hamısı şüur axınının nəticəsidir. Başlanğıcı da, sonu da... Çətini başlamaqdır. Mənim üçün ən çətini 30-35 səhifə yazmaqdır. Sonrası su kimi axıb gedir. Bəzi məqamlardan başqa, heç vaxt nə əvvəlini, nə də sonunu planlayaraq yazmamışam. Bu mənim özümə də maraqlı gələn bir haldır. Quruluş, struktur, plan... hansısa “izm”lərə meyl etmək mənim üslubuma xas olan şeylər deyil. Sadəcə, yazılarımdakı obrazlar mistik, metafizik və magik ab-hava içində cərəyan edir.     

Sizcə Qaraqızın dəyişilməsi çox kəskin olmur ki?

Mənim üçün bu gözlənilən idi. Həyatda mənə elə gəlir, bundan daha betərləri ola bilər. Çünki o insandır. İnsanın həyat hadisələrindən asılı olaraq metomarfozaya uğraması qaçılmazdır. Hələ 2009-cu ildə nəşr olunmuş “Üfürülmüş çırağın ruhu” adlı kitabımdakı şeirlərin birində belə bir misra var: “balıqlar ölüm ayağında da gözlərini qırpmır...” Məncə, Qaraqız da gözlərini qırpmadan öz mənəvi ölümünü qarşılayır, eynən balıqlar kimi...

Bu gün 28 Maydır. Qaraqız kimi insanlar üçün Sovetlər Birliyi yaxşı olardı, yoxsa Respublika?

Onlar üçün azadlıq olan yerdə nə Sovet, nə Respublika... Bütün bunlar siyasi qəliblər, siyasi çərçivələrdir. Mənə elə gəlir ki, bunun bir təsiri olmamalıdır. Sovet dövründə də belə insanlar vardı. Bizim cəmiyyətdə də həmçinin. Əsas taledir, bir də yazı – sirri-xuda yazı... Şeirlərimdən birində demişəm:

“ilk dəfə dünyada

çiyni bir tabuta dirənənəcən

böyüyür kişinin boyu-buxunu...”

Bəs qadın? Bəs qadının özü heç, ruhunun boyu-buxunu, Qaraqız demişkən, “bu murdarxanada” zülümlərə dirənənəcənmi boy atır? Məncə, roman bu suallara tam olmasa da (bu, heç mümkün də deyil) müəyyən qədər doğru-dürüst cavab verir. Dəyərli alimlər, tənqidçilər – Elnarə Akimova, Maral Yaqubova, Ülvi Babasoy, Nərgiz Cabbarlı, yazıçı və şairlər – Vaqif Osmanov, Gülşən Mustafa, Aida Adıgözəl əsərin təhlilində bu məsələlərə daha geniş toxunublar.

 

0