Yaşayırsansa, unutma, “hələ yolun başındasan”… Paolo Cordano

Mustafa Ruşan

yashayirsansa-unutma-hele-yolun-bashindasan-paolo-cordano

Düzünü deyim, kitabdan çox şey gözləmirdim. Amma içimdə, haradasa gizli bir yerimdə bir səs deyirdi ki, görəcəksən, yanılacaqsan. Və mən yanıldım... Və mən bu romana vuruldum...

Müəlliflə ilk dəfə "Sadə ədədlərin tənhalığı" romanı ilə tanış olmuşam... Daha doğrusu, romanı oxumamışam, amma yaxından maraqlanmışam... Əsasında film çəkildiyini də bilirəm... Birmənalı qarşılanmadığına görə həmişə seçimdə tərəddüd eləmişəm...

Paolo Cordano 1982 təvəllüdlüdür. Yaşı elə də çox deyil, üstəlik, ədəbiyyatçı da deyil, yəni peşə baxımından nəzəriyyəçi-fizikdir. Buna baxmayaraq, ortaya qoyduğu mətn məni olduqca təəccübləndirdi. Silinməz izlər qoydu. Ola bilsin, romandakı mövzu məndə belə bir təəssürat yaratdı.

Hadisələr Əfqanıstana sülhməramlı orduların yola düşməsi ilə başlayır. Hələ sütül cavan olan bu gənclər müxtəlif xəyallarla, daha doğrusu, xam xəyallarla yola düşürlər. Kimi eşitdiyi şaiyələrlə amerikalı əsgər qızlar haqqında fantaziyalar quraraq, kimi həyatın ona yüklədiyi məsuliyyətdən qaçaraq, kimi də keçmişindən yaxasını qurtaracağını ümid edərək Əfqanıstan səhralarına yola düşür.

Lakin gedilən yerin adı Gülüstan olsa da, bircə gülə də rast gəlmirlər. Əksinə, həyatın bütün tikanlarına tuş gəlib kimilərin xəyalları, kimilərinsə bədənləri parça-parça olur.

Yetri, Çederna, Rene, Dzemperi (yeganə qadın əsgər), Egitto hər  birinin dolğun obrazlı təsvirləri məni o qədər özlərinə bağladı ki, nifrətqarışıq hislərlə izlədiyim qəhrəmanları belə özləməyə başlamışam.

Romanın ikinci hissəsi isə emosiya partlayışı idi. "BUUUUM!" məni daxilən partlatdı. Heç hislərimə sərhəd qoymadım. Hislərim bədənimə necə istədisə, elə də hökm elədi. Hazırda o səhnələr yadıma düşür və mən yenə "hiss əfəndinin" amansız hakimiyyətinə boyun əyirəm.

Yəqin ki, bu yazıçının uğurudur. Əgər bir kitabı oxuduqdan sonra qucaqlayıb, yanımdan ayırmaq istəmirəmsə, onu götürüb hər dəyər verdiyim insana oxutmaq istəyirəmsə, yəqin ki, bu yazıçının məharətidir.

Dırnaqarası baxdığım romandan sonra qərar verdim, yazıçının bütün kitablarını oxuyacam. Yenə də arama məsafə qoyuram. Məsafə həmişə yaxşıdır. Bilmirəm sonrakı romanları məndə hansı təssürat yaradacaq. Amma indidən sonuncu romanını sifariş vermişəm.

Kitabın orijinal adı "İnsan bədənidir". Bu ad daha çox anatomiya kitabını xatırladır. Amma türklərin verdiyi adı daha uğurlu hesab edirəm. "Daha yolun başındasın". Həyat belədir. Nə qədər ağrılı hadisələrlə üzləşsək də, hələ yolun başındayıq. Müharibə də bu cürdür. Həyatın içində bir həyatdır. Həyatın özü də bir müharibə meydanıdır. Birmənada deyil, əlbəttə.

Kitabda məndə yeganə negativ hislər oyadan, amma çox təbii qarşıladığım şey, mədəniyyət fərqindən irəli gələn müəyyən səhnələr idi. Söyüş sarıdan kitab boldur. Ehtiyatlı olun!

0