AYDAHO / GERİ DÖN

Mustafa Ruşan

aydaho-geri-don

Idoho / Emily Ruskovich

Aydaho / Emili Raskoviç

 Aylar əvvəl bu kitabı səbətimə atmışdım. Bir gün oxuyaram ümidi ilə. Təkrar romanı başlamadan əvvəl əsərin məzmunu haqqında tamam unutmuşdum, heç maraqlanmadım da... Bir o yadımda qalmışdı ki, əsər hansısa bir prestijli mükafata layiq görülüb. İndi öyrənim ki, bu, deyilənə görə, dünyanın ən demokratik mükafatı sayılan IDLA (International Dublin Literary Award) imiş. Laureat 100 000 evro ilə təltif edilib. Qurumun yeganə tələbi əsərin ingilizcə olmasıdır. Əsərlər istənilən ölkədən qəbul edilir. Buyurun meydan, özünə inamı olan hər bir yazar, sadəcə tərcümə pulu ödəyərək əsərini bura göndərə bilər.

 Son sifarişlərimin içində "Aydaho"da vardı. Sıraya qoydum, dünən bitirdim. Romanı bitirdikdən sonra bir düşündüm və anladım ki, romana qəti nüfuz edə bilməmişəm. Onunla aramda o qədər məsafı yaranmışdı ki, hissiyatımın bir "qıdımı" belə tərpənmirdi. Düzünü deyim, romana başlamadan bu qədər məsafə yoxdu, əksinə, bundan əvvəl oxuduğun Paolo Jordanonun "Hələ yolun başındasan" romanının şövqü ilə əsərə dördəlli yapışmışdım.

Romanı oxuyarkən ilk 100 səhifəsi daxili motivasiyamla getdi, sonra sağa-sola yalvaran gözlərlə baxıb "Nolar məndə həvəs oyadın!" deyib oxumaq üçün motivasiya axtarırdım. Bəzən bu yalvarışa cavab verən olur, bəzənsə öz "dərdim"lə baş-başa qalırdım.

Foto: Emili Raskoviç (Emily Ruskovich)

Roman 2004-cü ildən başlayır və gah keçmişə, gah da gələcəyə sıçrayır. Və, əlbəttə, sizin başınız qarışır. Əsər Veyd ilə ailə qurmuş, səkkiz ildir onunla yaşayan bir piano müəlliməsinin təhkiyəsi ilə başlayır. O doqquz il öncə Veydin ilk ailəsində baş verən faciəni anlamağa çalışır. Qarşısına çıxan kiçik, zahirən əhəmiyyətsiz əşyalarla bu hadisə arasında əlaqələr qurmağa, beynində bu ailənin həmin əşyalarla münasibəti canlandırmağa çalışır. Məsələn, cinayətin baş verdiyi yük maşına oturub xırda izlər axtarır. Əksər hallarda da xəyalındakını reallıq olaraq qəbul edir. Onun artıq 38, əri Veydin isə 50 yaşı var. Veyd xəstədir, nəsillikcə ona ötürülən yaddaşsızlıq mərəzinə yoluxub və get-gedə yaddaşını tamamilə itirməkdədir. Bəzən Ennə zorakılıq edir. Hətta bir dəfə yaralayır. Lakin Enn ona olan məhəbbətindən onu heç vaxt atmır, son nəfəsinədək.

Oxuduqca anlayırsan ki, Enn Veydi atmamağının bir səbəbi də baş verən cinayətdə özünə dair izlər görməsidir. Bu ciyanəyətin üstünü açmağa çalışarkən öz "barmaq izlərinə" də rast gəlir. Ennin ömrü demək olar ki, bu cinayəti anlamağa həsr olunub.

Veyd keçmiş həyat yoldaşı Ceyn və iki qızları, biri altı, digəri səkkiz yaşlı Mey və Cunla dağa odun toplamaq üçün gedirlər. Burada Ceyn balaca qızı Meyi balta ilə öldürür, bu mənzərəni görən Cun isə itkin düşür. Romanın sonrakı sətirlərində öyrənirik ki, Ceyn Meyi öldürərkən qızcığaz dodaqaltı bir nəğmə oxuyurmuş. Bu nəğməni biz daha sonra Veyd yaddaşını möhkəmləndirmək üçün Ennin yanına piano sərsləri almaq üçün gəldikdə eşidirik. Enn bu nəğməni Veydə pianoda çalmağı öyrədir.

Analşıldığı qədər, cinayət qısqanclıq zəminində baş verib. İlk baxışda əsər trilleri xatırladır. Amma məllif bu süjetə elə bir lirik atmosfer qatıb ki, bəzən əsərdən şübhələnməyə başlayırsınız. Görəsən, yazıçının bu cinayətin üstünü açmaq kimi bir dərdi var, ya yox? Beyin buna fokuslanır. Amma beyin istədiyini əldə edə bilmir. Müəllif, necə deyərlər, onu barmağında dolamağı bacarır. Hər nə qədər belə bir ağır faciəni lirik, romantik bir təsvirlə oxucuya çatdırmağa çalışsa da, şəxsən mənim ağlım bunu anlamaqda olduqca çətinlik çəkdi. Amma yaşadıqca, görürəm ki, mövzu insandırsa və bura dünyadırsa, hər şey mümkündür.

Əsərə beş baldan 3 bal verirəm. Özümə əziyət vermək, beynimi yormaq, personajları anlamağa çalışmaq üçün təkrar oxumaq istəyərdim. Elə bil, içimdə bir səs mənə əsərə kifayət qədər məsuliyyətlə yanaşmadığımı söyləyir. Eksperimental əsərlərlə tanış olmaqdan qorxmayanlar üçün tövsiyə olunur.

0