Mənim də həyatımı yaz…

Arzu Məmmədova

menim-de-heyatimi-yaz

Düz iki il bundan öncə Rasim Qaracanın nəsri ilə tanış olmuşdum. O zamandan bəri "Zülmətdə bir Alatoran" mənim üçün çağdaş ədəbiyyatımızın 5 ən yaxşı nümunəsindən biridir.

Yənə bir yaz sonunu Rasim Qaraca kitabı ilə keçirdim. Udum-udum, aram-aram, hekayə-hekayə oxudum. Bitsin istəmirdim.

"Mənim həyatımı yaz" - bu ad kitabı açıqlamağa bəs edir. Yazıçı bizə bizim hekayəmizi danışıb. Bu hekayələr bir az yaralı, bir az da gülməlidir. Bu hekayələri oxuyarkən bəzən ağladım, bəzən ürəkdən güldüm. Yazıçının ironik dilini, hətta bəzən arqo sözlərdən istifadəsini sevdim. Yerində işlənəndə hər şey keyfiyyətli olur.

İnsan nə qədər oxuyur oxusun, öz dilində yaranmış mətn oxumaq istəyir. Öz dərdini dinləmək, təskinlik tapmaq istəyir. Bizdə də bildiyiniz kimi, bunu tapmaq biraz çətindi. Bu kitabda kəndlilərimiz, şəhərlilərimiz, nadanlarımız, aqillərimiz, şairlərimiz, yazıçılarımız, qadınlarımız, kişilərimiz, xəstələrimiz, sağlamlarımız var. Ümumi bir cəhət varsa onlar arasında, o da itirmişlikdi. Bu insanlar maddi-mənəvi haradasa, nə vaxtsa nəyisə itiriblər. Və o boşluq ruhlarında bir yerdə eləcə qalıb. Bu hekayələrdəki ortaq hiss təəssüfdür. Vaxtında atılmayan addımlar, edilməyən hərəkətlər, deyilməyən sözlərdən duyulan dərin təəssüf.

Tez-tez Azərbaycan ədəbiyyatını yetərincə oxumadığımız, təbliğ etmədiyimiz söylənir. Neçə gündür qrupda da bu minvalda müzakirələr gedir. Rasim Qaracanın kitablarını könül rahatlığı, vicdan rahatlığı ilə hamınıza tövsiyyə edirəm. Azərbaycan ədəbiyyatını ayaqda saxlamağa çalışan qələmlərdən birinin belə gözəl kitabı 500 tirajla çıxıb. Bu dərd müzakirə olunmalıdır.

Rasim Qaraca, əziz yazar, hər şeyə rəğmən yazmağa davam edin. Bunlar həm də tarixə qeyd düşməkdir. Bunlar yaşayacaq, bunlar qalacaq.

Qeyd. Kitabda 16 hekayə, bir də kiçik bir pyes var. Kitabın tərtibatinı da çox sevdim.

Rasim Qaraca -

Nəşriyyat - Alatoran

Səhifə sayı - 243

 

0