Qurban kimdir? Alis Miller, yoxsa Martin Miller?

Arzu Məmmədova

qurban-kimdir-alis-miller-yoxsa-martin-miller

Tez-tez yazıçıların yazdıqları ilə yaşadıqları arasındakı uçurumdan danışırıq. Yazdıqları kimi yaşamayanlardan. Bu gün sizə yazdığı kimi yaşamadığı ancaq ölümündən sonra məlum olan birindən bəhs etmək istəyirəm. Əslində, bir faciədən, özünün oğluna məktubunda yazdığı kimi itirilmiş bir həyatdan...

Dünən Nihan Kayanın bir kitabına başladım. İlk sözləri belə idi: “Uşaqlıq cəhənnəmdir”. Kitabın ithaf səhifəsində: “Ümid edirəm ki, bu kitab hər oxucunu Alis Millerə (Alice M.) aparar” yazılmışdı. Mən də getməyə qərar verdim.

Alis Miller 1923-cü ildə Polşada doğulmuş bir yəhudi idi. Yəhudi olaraq doğulmaq üçün ən yanlış zamanda, ən yanlış məkanda dünyaya gəlmişdi. Uşaqkən ailəsi ilə birlikdə Piotrkov düşərgəsinə gətirilir. Burada fiziki və cinsi istismara məruz qalır. Atası bu düşərgədə ölür. Anası və bacısı ilə birikdə düşərgədən qaçır. Adını dəyişərək İsveçrədə yaşamağa və Basel universitetində təhsil almağa başlayır. 1949-cu ildə Andreas Miller ilə ailə qurur. Onunla 24 il evli qalır. Psixoanaliz, pedaqogika, uşaq psixologiyası sahəsində mütəxəssisləşir. Və bir kitabla şöhrəti ölkəsini aşaraq bütün dünyaya yayılır – “The Drama of the Gifted Child” (“İstedadlı uşağın dramı”). Bu əsər uşaq psixologiyası, ona valideynin təsiri, valideyin-uşaq münasibəti haqqında yazılmış ən yaxşı əsərdir. Bəs, görəsən, insanların ideal bir valideyn kimi gördükləri Miller necə ana idi?

Bu sualın cavabını Miller 2010-cu ildə 87 yaşında vəfat etdikdən sonra özü kimi psixoanaliz olan oğlu Martin Miller verdi. Özü də “The True “Drama of the Gifted Child”” (“İstedadlı uşağın GERÇƏK dramı”) adlı bir kitab yazaraq.

Alis uşaqlığı ilə, Gestapoda gördüyü zorakılıqla heç vaxt üzləşə bilməmişdi. Onu şantaj edən, sevmədiyi bir adamla ailə qurmuşdu. Əri ondan qorxurdu, o, ərini amansızca alçaldır və “əzirdi”. Əri ilə ona işgəncə verən alman əsgəri arasında paralellik qururdu. Əri qəzəbləndimi, o qəzəbi övladı Martinə yönəldirdi. Martin təhqir olunurdu, döyülürdü və... cinsi istismara məruz qalırdı. Martin əvvəlcə olan-keçənləri birmənalı olaraq qəbul edir, müqavimət göstərmidi. Çünki o, uşaq ağılı ilə, çox sevdiyi anasını “xilas edirdi”. “Qoy, atası anası əvəzinə ona pislik etsin” düşünürdü. Lakin daha sonra istismar anasının gözləri qabağında olmağa başladı. Dünya valideynlik dərsi keçən qadın öz oğlunu atasının cəngindən xilas etmək üçün barmağını belə tərpətmirdi.

Yetkinlik yaşına çatan Martin yatağını islatdığı üçün reabilitasiya mərkəzinə göndərilir. Anasının onun konsultasiya zamanı səsləri qeydə alınan kaseti həkimdən əldə etdiyini öyrənir. Və, nəhayət, anlayır ki, nə qədər arzulasa da, anası ona kömək etməyəcək.

Martin gələcəyi haqqında öz qərarını vermişdi. Anası onun özü kimi psixoanalitik olmasını istəyirdi. Ancaq Martin, öz seçimini edərək müəllim olur. Ailə qurur. Psixologiya təhsili almağa qərar verir. Anası təhsilə ehtiyac olmadığını, bu peşəni özündən öyrənə biləcəyini təkid etsə də, Martin qəti etiraz edir. Çünki onun köləsinə çevrilmək istəmirdi.

Alis Miller 87 yaşnda xərçəng xəstəliyinə tutulur. Bu məğrur qadın kimsəyə möhtac olmamaq üçün intihara qərar verir, sələfi Freyd kimi... Oğluna zəng edir. Danışıq qısa çəkir: “Günorta ölürəm. Vidalaşmağa zəng eləmişəm. Sənə və Manuellaya (həyat yoldaşı) gözəl ömür arzulayıram. Əlvida, başqalarına zəng vurmalıyam”.

Alis Miller oğlunu mirasından məhrum etmişdi. Martin “Alis Miller əfsanəsini” dünyaya danışmağa qərarlı idi. Lakin ölümünü gözləməli idi, çünki “ordusunun”  həyatda ikən ona üsyan etməsini istəmirdi. Özünün dediyi kimi, “içindəki uşaq” ona “ədalətli ol” deyə pıçıldayırdı. O anasının səhvlərini təkrar etməməli, travmalarını övladlarına ötürməməli idi. Keçmişi ilə şəxsən üzləşmək istəyirdi. İngiltərə, Fransa və ABŞ naşirləri yazdığı kitabın çapına razılıq vermədilər. Səbəbi isə aydın idi, Alis Millerin kitablarının satışının düşməsindən qorxurdular. Axır ki, Almaniyada bir nəşriyyat kitabı çap etməyə razılıq verir və belə dünya Miller gerçəyini tanımış olur.

Martin Miller deyir:

“Kitabım anam, Alis Millerdən bəhs edir, onun yazdıqlarından deyil. Anamın heç bir elmi nəzəriyyəsini inkar etmirəm. Ondan çox əziyyət görmüşəm. Ancaq məni ölümdən qurtaran da məhz onun yazıları və nəzəriyyələri olub. Bu, yəqin ki, həyatımın ironiyasıdır”.

Faciəli dilemma!..

Bəs Alis Milleri qınamaq olarmı? Uşaq dünyasını mükəmməl izah edən bir qadının doğma oğlunun çəkdiyi əzablara göz yummasını bağışlamaq olarmı?

Miller özü ilə oğlunun əzabları arasında itmiş bir həyat idi. Gestaponun əlindən heç kim salamat çıxmamışdı. Ölənlər ölmüş, qalanlarsa...

Martin özünə inandırmışdı: anasının çəkdiyi əzablar öz əzabından heç də geri qalmırdı. Qurbanların övladları illərlə məhz bu psixologiya ilə hər şeyə dözürdülər. Əslində, təkcə qurbanlar deyil, onların övladları, yəni ikinci nəsil də qurban idi.

0




daha çox