Dönüş

Qəfər Rüstəm

donush

Sərv və söyüd ağaclarının alatoran kölgələriylə evə sarı addımlayırdı. Xəlvət küçələr bədirlənmiş ay fonunda intəhasız səhra kimi uzandıqca uzanırdı. Bir balaca üşütsə də, evə tələsmirdi; küçənin, döngələrin acı bağırsaq kimi uzanmağından məmnun idi.

Evini alanda ən çox məhəllədəki söyüdlərə, ağaclarla əhatələnmiş yollara görə sevinmişdi. Gecələr ağacların sehrli kölgəsində gəzişmək onun üçün nəsə dərin məna kəsb edirdi.

Pilləkənlərdən aramla qalxırdı. Deyəsən, havanın pisləşəcəyindən ehtiyat edib səhər qalın geyinmişdi, paltosunu çıxarıb qoluna keçirəndə yüngülləşdi. Binanın içində səssizlik höküm sürürdü, elə bil sakinlər ölüm hökmünü gözləyən məhkumlar tək sükuta qərq olumuşdular.

Yeddinci mərtəbəyə çatanda handan-hana lift yadına düşdü. Yorğun olduğu halda niyəsə liftə minməmişdi. Özü-özünün kütlüyünə gülməyi gəldi.

Blokun küncündə naməlum qaraltını görəndə karıxıb qaldı. Yerə mismarlanmış kimi dayanıb baxırdı. Sensorlu lampa sönənən kimi hər yer qaranlığa büründü.

Küncdən it zingiltisinə bənzər səs gəlirdi.  Qaranlığın içində elə bil yönünü, harada olduğunu bir anlıq unutdu. Səs çıxarmağa ürək eləmədi, əlini havada hərlədib sensorlu lampanı işə saldı. Ətraf işıqlananda porsuq kimi divara yaslanmış, pencəyinə bələnib bürünmüş bir adam gördü. Anilik, qəfillik elə bil beynini dondurmuşdu, nə baş verdiyini anlaya bilmirdi.

Qaraltının içindən bir adam dirsəklənib qalxdı. Sir-sifəti heykəl kimi qapqara və hissiz görünürdü. Pırpızlanmış saç-saqqalı qəribə bir siluet əmələ gətirmişdi. Sanki binanın divarına kimsə kömürlə profildən insan şəkli çəkmişdi.

– Bağışlayın, siz kimsiniz?

Küncdəki adam daha da bürmələnib yumağa döndü. Öskürəndə bir balaca dikəlir sonra yenə pişik kimi bürünüb yupyumru olurdu.

– Eşitmirsiz? Sizinləyəm!

Yaşlı adam xırıltılı, boğuq səslə elə bil öz-özünə nəsə danışırdı.

– Siqaret istəyirəm. Siqaretin var? Bəlkə, siqaretin olar?

İşıqlar söndü, hər ikisi səssizliyə büründü, qaranlığın o intəhasız, yönsüz-istiqamətsiz müstəvisində sakitcə gözləməyə başladılar.

Naməlum adamın öskürəyi arabir sükutu pozurdu. İllər əvvəl yaddaşına həkk olunan bu öskürək səsi onda qəribə bir qorxu, narahatlıq hissi oyadırdı. Ancaq indiki səs əvvəlkindən daha uzun və xırıltılı idi.

Əlini havada yellədən kimi işıq yandı. Küncdəki adam çöbməlib gözünü ona zilləmişdi. Qırış-qırış sifəti, sinəsinə dəyən ağ saqqalı, ağzınacan uzanmış, kirli bığı yaşlı adamı vahiməli göstərirdi. Ona elə gəldi ki elə bu dəqiqə kabus görür. Ürəyinin bərk-bərk döyündüyü hiss edirdi. Əllərinin içi nəmlənir, alnında soyuq tər puçurlayırdı.

– Bəlkə, siqaretin olar? Yaşlı adam yenə öskürüb hayxırdı.

O, cibindən siqaret çıxarıb yaşlı adama tərəf uzatdı. Yaşlı adam qamış kimi uzun, arıq barmaqlarının arasında siqareti bir balaca ovxalayıb damağına qoydu. Əliylə yandırmaq üçün ona işarə etdi. O, cibindən alışqanı çıxarıb yaşlı adamın siqaretini yandıranda daha da vahimələndi. Belə miskin, səfil bir adamdan niyə qorxduğunu anlamırdı.

– Demək, siqaret çəkirsən, hə?! Yaşlı adam öskürdükcə siqaretin hərcayi dumanı ətrafa səpələnib sifətini ağ dumana bürüyürdü.

– Başa düşmədim? Niyə ki?

Yaşlı adam “sısıs” səsi çıxara-çıxara qımışanda bir topa siqaret dumanı havaya milləndi.

– Əvvəllər siqaretə nifrət edərdin. Bəlkə də, nifrətin mənə idi, siqaretə yox.

Qorxudan dodaqları səyridi, bütün bədəninə gizilti yayılırdı. Qarşıdakı adamdan niyə qorxduğunu indi başa düşürdü.

– Sən, sən, yox əşi, lənətə gələsən.

Yaşlı adam siqaretdən bir qullab daha vurub bir topa dumanı burnundan bayıra buraxdı.

– Səndən heç vaxt incimədim oğlum, sənin yerində olsaydım, mən də elə edərdim.

Onun dizlərində taqət qalmamışdı. Yerə çöküb pilləkəndə oturdu. Nə baş verdiyni anlamağa çalışırdı. İllər sonra, hətta unudulub getmiş xəyallar tək yaddaşından silindiyi atası indi qarşısında dayanmışdı. Tamam tanınmaz, sər-səfil vəziyyətdə  yanında oturmuşdu. Danışmağa söz tapa bilmirdi. Artıq içindəki nifrət də, qəzəb də öləziyib yox olmuşdu.

– Atam müharibədən qayıdanda, yaşlı adam sözə başladı, mənim yeddi yaşım vardı. Müharibədən sağ-salamat qayıtsın deyə Allaha dua edirdim. Elə atam da mənim üçün Allah idi, bəzən ona bəzən də göydəki Allaha dua edirdim. Elə bilirdim ki, qayıtsa, bütün qayğılarım, çətinliklərim yox olub gedəcək. O gəldi, amma necə gəldi? Bəzən deyirəm, kaş gəlməsəydi, mənim xəyalımda ilah kimi tərtəmiz, əlçatmaz olaraq qalardı.

Minaya düşmüşdü, ayağının və gözünün birini itirmişdi. Piratlar kimi zədəli gözünü qara örtüklə örtərdi. İndi zehnimdə ondan geriyə sadəcə anamı döyən, əzazil bir pirat qalıb. Onun xoş üzünü xatırlaya bilmirəm. Xoşbəxtlikdən tez öldü, yaraları onu çox yaşamağa imkan vermədi. Hər gün içib bir qırağda zar-zar  zarımağını unuda bilmirəm.

O, başını əlləriylə sıxıb atasına qulaq asırdı. İşıq sönüb hər yeri qaranlığa bürüyəndə bir anlıq yuxuda olduğunu düşündü. Zülmət qarnalıqda xırıltılı, boğuq səs hey danışıb-deyinirdi.

– Atam öləndən sonra anam başqa bir adamla evlənmək məcburiyyətində qaldı. Çətin zamana idi, tək başımıza həyatda qala bilməzdik. Ögey atam onun qədər olmasa da, kobud adam idi, ən xırda şeyə görə məni də,  anamı da danlayıb-dansıyardı. Anam əli-qolu bağlı qalmışdı, hər gecə kəm taleyini düşünüb göz yaşı tökürdü. Göz yaşlarını məndən də, ərindən də gizlədərdi.

Yaşlı adam qanrılıb onun əlindəki salofan torabaya baxdı.

– Nəysə, bu qədər qəm-kədər bəs edər. Əlindəki nədir?

-Heç, kitablardı, köhnə kitablar, satmağa aparmışdım.

– Ver baxım. Yenə kitab oxuyursan?

– Arabir, o qədər də vaxt olmur.

Yaşlı adam torbadan kitabın birini çıxarıb toranlıqda o tərəf-bu tərəfə çevirdi.

–  “Atalar və oğullar” bunu cavan vaxtı oxumuşdum. Sonra torbanı eşələyib digər kitabı götürdü. – “Çar Edip”, Sofokl, bunu oxumamışam. Cavan olanda insan çox oxumaq istəyir. Bilmirəm, səbəbi nədir, bəlkə də, gələcəyə olan inamdı. Elə bilirsən ki, hamıdan fərqli olacaqsan. Başqalarının elədiyi səhvləri eləməyəcəyini düşünürsən. Amma elə olmur, heç vaxt elə olmur. Sizdən ayrılandan sonra hiss elədim ki, həyatım məndən asılı deyil. O vaxta qədər elə bilirdim ki, öz həyatımı, öz taleyimi özüm yaza bilərəm, ancaq sonra başa düşdüm ki, görünməz bir əl bütün iradəmə hökm edir, məndən xəbərsiz mənə müdaxilə edir.   

– Ata! – səsindən qorxdu. İyirimi il, bəlkə də, daha çox idi, ata sözünün dilinə gətirməmişdi.

– Haycan, oğul!

– Bəs bu qədər vaxt harda idin?

Həmin gün atası bəs deyənəcən içib lül-qəmbər evə gəlmişdi. Divanda uzanıb zarıyırdı. Deyəsən, kiminləsə dalaşmışdı, tez-tez o adamı söyürdü, şüuru gedib gəlirdi. Ağız dolusu qusanda anası bərk əsəbiləşmişdi. Deyinməyə başlamışdı. Atası bu dəfə həmin pis söyüşləri arvadına deməyə başlamışdı.

O, balaca otaqda imtahana hazırlaşırdı. Anasının fəryadını eşidəndə elə bil yer ayağının altından qaçmışdı. Atası pencəklə  qadına vura-vura ən rəzil söyüşləri söyürdü. Atasının əsəbdən qızarmış, pörtdəmiş üzü onun ürəyində qorxu yox, güclü qəzəb oyadırdı. Stolun üstündəki bıçağı götürüb, onun bədəninə necə sapladığından xəbəri olmadı. Atasının ağrıdan qızarmış sir-sifəti, qan çanağına dönümüş gözləri ona adi kino səhnəsi kimi gəlirdi. Bircə anası nalə çəkib qışqıranda özünə gəldi, qanlı bıcağı əlində görəndə bütün bədəninə gizilti yayıldı, bədəni uçunmağa başladı.

Sonralar ansının ona qarşı soyuqluğunu görəndə başa düşdü ki, həyat elə göründüyü kimi asan dərk edilən bir şey deyil. Həyatın tələbi kimi evlənib oğul-uşağa qarışmağa tələsmişdi. Fikirləşirdi ki, bəlkə, evlənsə, sakit, qayğısız  həyata qovuşar və dərk edə bilmədiyi həyatın, qadın-kişi münasibətinin sirli tərəflərinə agah olar.

– O gün xəstəxanada hər şeyi düşündüm, sənin mənə qarşı olan hərkətinin səbəbini anlamağa çalışdım. Bilirsən, bıçaqladığın yer çox ağrıyırdı, amma çox qəribədir, sənə əsəbiləşə bilmirdim. Səni ağız dolusu söymək istəyirdim, ama söyə bilmiridim. Ona görə yox ki, səni sevirdim. Sənə qarşı elə də dərin sevgi hiss etməmişəm. Bütün baş verənlərin səbəbkarı mən idim və özümü söydükcə rahatladığımı hiss edirdim. Elə bilirdim ki, heç vaxt arvadıma əl qaldırmaram, atama oxşamaram, amma olmadı. Ən böyük yarışda uduzduğumu, ən böyük yalançı olduğumu hiss elədim. Sən demə, həyat mənim tab gətirə bilməyəcəyim ağırlıqda imiş. Biz bir heykəl düzəltməyə çalışırıq, amma onun qəlibi çoxdan hazırdır. Bəlkə də, mənə əsəbiləşirsən, iradəsizliyimə, gücsüzlüyümə bəraət qazandırdığımı fikirləşirsən. Bəlkə də, elədir, bəlkə də yox. Amma mən bunu hiss elədim və ondan sonra həyatımı öz axarına buraxmağa qərar verdim. Yaxşı yerəmi çıxdım, pis yerəmi, deyə bilmərəm. Bir dostumun köməkliyi ilə Rusiyaya getdim. Taleyin qabağıma çıxardığı macərları yaşamağa başladım.

Yaşlı adam danışdıqca dil-dodağının quruduğunu hiss edirdi. Bir iki udum içkinin vaxtı çoxdan çatmışdı.

– Evdə, bəlkə içkin ola, fərqi yoxdur, nə olsa, olar.

Uzun uzadı nəsə danışmağa həvəsi yox idi. Etiraz etmədən evə girdi, bir butulka araq və stakan gətirib atasının yanına qoydu. Qapını örtəndə arxadan danışıb deyinən qadının səsi gəlirdi. Atası butulkanı başına çəkib ağzını kir-pasaqlı qoluyla sildi.  

– Sən gedəndən sonra anam da məndən küsdü, aramıza soyuqluq girdi. Elə bu yaxınlaracan tək yaşayırdı, mənimlə yaşamaq istəmədi.

Yaşlı adam içkidən bir iki qurtum içəndən sonra səsi daha gur çıxmağa başlamışdı.

– Ax, qadınlar, qadınlar... Onları başa düşmək müşkül məsələdir. Arzuları, kaprisləri həmişə gizlidir. Saysız-hesabsız qadın gördüm, amma qadınları hələ də anlamamışam. Sənin arvadınla aran necədir.

O, nəsə başqa bir şey demək istədi. Tamam ayrı bir mətləb gəldi ağlına, amma nə onu deyə bildi, nə də atasına cavab verdi.

– Bilirəm, səndə də alınmır, sadəcə səbr edirsən. Başa düşürəm, mənə bax gözünə su ver, bu həyat elə də asan deyil.

O çönüb atasına çəpəki nəzər saldı. Onun üst-başından yayılan pis qoxu burun sümüyünü çatladırdı. Qəribə bir tale kimi gəldi ona, illər sonra  bıçaqladığı atası indi qarşısında dayanıb miskin-miskin araq içirdi. Hərdən ona elə gəlirdi ki, bu yanında oturan adamı heç vaxt tanımayıb, onunla heç bir doğma bağı yoxdur.

– Əməllərimizə bəraət qazandırmasaq, dünya dözülməz olar, o yorğun səslə dilləndi.

– Özünlə, taleylə çox oynama, mənim balam. Mən də başqa cür olmaq istədim, amma alınmadı. Tək gözlü pirat babanın o axmaq ruhunu tez-tez yanımda hiss edirəm.

– İnsanın dəyişməyi üçün həmişə imkan var. Təki məsuliyyətdən qaçıb xətalarına bəhanə tapmasın.

Atası pilləkənə sərələnib yaxasını açdı. Hər ikisi bir müddət hərəkətsiz dayandıqlarına görə yenə işıqlar söndü. Qaranlığın içindən sadəcə yaşlı adamın səsi gəlirdi.

– Elə çox istəyirəm ki, yenə cavan olum, bir qadına baxıb şəhvətlənim. Həmin hisslər indi mənə tamam yaddır. Bunun nə demək olduğunu bilməzsən. Şəhvətli olmaq sadəcə sənə kişi olduğunu bildirmir, həm də həyatda olub olmadığını sənə xəbər verir. Mən artıq ölmüşəm, mən artıq yoxam.

Əsəbdən bütün bədəni əsim-əsim əsirdi. İndi bu dəqiqə  durub getmək, qapını bərk-bərk bağlamaq istəyirdi. Amma vicdanı oğrun-oğrun qapını açıb atasını evə aparmağa səsləyirdi. Bilirdi ki, o qapını açsa, bir daha heç bir şey əvvəlki kimi olmayacaq.

– Məni evə buraxmağını gözləmirəm, atası onun ürəyindən keçənləri oxuyurmuş kimi danışdı. Mən elə bilirdim, başqa cür olsam, onda azad insan olacam, öz təbiətimlə mübarizə aparsam, onda əsl insan olacam. Amma hamısının  səfsətə olduğunu anladım. İndi mərhəmətliymişsən kimi davranmağa çalışma. Sənin ürəyində mərhəmət deyilən hiss yoxdur, eynən mənim kimi. Belə saxta hisslər keçirib özünə əziyyət etmə. Amma bu o demək deyil ki, sən pis adamsan. Mən öz yolumu seçmişəm, sən də seçəcəksən.

– Bəs niyə illər sonra gəlib qapımın ağzında dayanmısan?

– Anan niyə mənə görə  səndən küsdüsə, mən də ona görə buradayam. Çünki insanam oğlum. Özüm də özümü anlamıram. Səni də, ananı da sevirdim, sizi atıb getməyim sizi sevmədiyim mənasına gəlmir.

O, acı-acı gülümsədi. Həmin gecə əlində tutduğu bıçaqdan bütün bədəninə yayılan ağrı elə bil indi canlandı. Həmişə istəmişdi ki, atasını bıçaqladığına görə  peşmanlıq hiss keçirsin, ara bir xiffət çəksin, lakin bunun mümkün olmadığnı anlamışdı. Peşman ola bilməmək hissi bütün həyatını məhv edirdi. İndi isə elə bil bir az yüngülləşmişdi. Atası ilə söhbətləşəndən sonra elə bil min dəfə peşman olub ağlamış kimi sustalmışdı.

Atası ayağını sürüyə-sürüyə liftə yaxınlaşdı. Butulkanı başına çəkib oğluna tərəf baxdı.

– Mən gedirəm, arabir gələcəm, mənə içki və siqaret verərsən. Adi insanlar kimi evdə yatmaq mənə yaddır daha.

Lift aşağı endikcə bütün bloka küt səslər yayırdı. O, qaranlıqda  oturub blokun pəncərəsindən ayın süd tək ağ işığına baxdı. Evə getməyə həvəsi yox idi. Pilləkənə uzanıb əllərini başının arxasında birləşdirdi. Yorğunluqdan ağırlaşmış göz qapaqları tez-tez qapanıb açılırdı.

14.05.20

0