RETROUVAILLES

Şamxal Həsənov

retrouvailles

“İllər sonra yenidən görüşmək insanda keçmişə qayıtma arzusu oyatmasın gərək”

R.Ə.Nəsirli

 

Bugünkü səslər mənə rəngbərəng karandaşlarımdan istifadə etmək vaxtı çatıb deyirlər. İlk növbədə, bozumtul və açıq-mavi rənglərlə üçmərtəbəli köhnə bir yaşayış binasının iyirmi iki il əvvəlki fasadını (mənzil və blok pəncərələrinin yerlərini boş saxlamaqla) bircə nəfəsə çəkib rəngləmək mümkündür, deyə düşünürəm. Sanki, yeganə problemim təkcə bu texniki məsələymiş kimi, əlim tələssin istəmirəm. Tələskənlikdən həm dözülməz bir bayağılığın, həm də həqiqi bacarıqdan və hünərdən uzaq bəsitliyin peyda olacağından qorxuram.

Bu gün hava sentyabr ayı üçün olduqca günəşli və sakitdir. Belə göydəndüşmə havada insan nəinki ən önəmsiz kiçik problemlərini, hətta istəmədən törətdiyi, tərpənməyən əşyalarının arasında və ya şıltaq yuxularında vaxtaşırı xatırlayıb qorxudan titrədiyi cinayəti də unudurmuş. Qorxudan titrəmək deyirəm, dediyimə çox inanmadan, inanmağa ehtiyac duymadan. İnsan, yəni, yatağımdakı mən. Ayağa qalxmadan dişlərini fırçalayan, təbii ehtiyaclarını fərqində olmadan, amma müəyyən plan çərçivəsində ödəyən, şalvarsız-toqqasız, kiçik əl güzgüsüylə azad birisi. Bunu, demək olar, mükəmməl varlıq hesab edə bilərik. Bəzən telefonun ön kamerasında sifətiylə əylənən, arabir yaraşıqlı oğlunu xatırlayarsa, oğlunu otağından (əvvəlki iş otağım!) götürüb, uzun bir səyahətə çıxan qayğıkeş ata. Dərman və nəcis qoxusu gəlməyən hər hansı ölkəyə.

Çox gözələm bu gün, altımı və otağın havasını da təmiz hesab etmək olar, deməli, gecə qarnım elə də çox... Bu gün, həqiqətən, bu qədər möhtəşəm davam edəcəkmi, görəsən?! İnsanlar necə də sevimli, anlayışlı, sən demə, işıqlı otağım necə bənzərsiz bir gözəllikdə imiş – fikir verməmişdim! Baxın, indidən qarnımı və boğazımı qıdıqlayan sevinc mayesinin iç orqanlarım arasında ora-bura qaynaşdığını, uşaqtək dəcəlliklə bir yerdə dayanmadan cəld yuxarı başa poqquldamaq, ağzımdan daşaraq nəsə demək istədiyini hiss edirəm. Hətta elə indicə sıçrayıb ayağa qalxmamaq, dizlərim kənarlara doğru aralı-bükülü saxlanmış vəziyyətdə bir meymun kimi hoppanıb-düşməmək üçün bədənimi güclə tutmasam belə, arzusunda olduğu şeylərin xəyali görüntüləriylə qane olmağı öyrənmiş bütün fiziki xəstələr kimi, mən də xəyalımdakı yatağımdan qalxıram.

Qəşəngcə gərnəşirəm, pəncərəni açıram, günəşli havanı almacıq sümüklərimdə və burnumda duymağa, səkidən, piyada zolağından keçən bütün bu əcaib insanlara dostcasına gülümsəməyə tam hazıram. Mənim onlara gülümsədiyimi onlar da görsün, istəyirəm.

Varlığımın, yatağımda tutduğu isti yerin, yatağımın lənətə gəlmiş klinikada yer tutub-tutmamağının və bu klinikanın harada yerləşdiyinin fərqində olmadan ətrafımdakı əşyaları boş nəzərlərlə izlədiyim sıxıcı saatlarla müqayisədə, sevinc dolu bu məsum anı dəyərləndirməliyəm. Onun xoş təsirində özümü xoşbəxt hiss etməliyəm. Bu anın təsir dairəsi genişlənsin deyə sevincimə daha geniş sərhədlər cızmaq gərəkdir.

Cızmaq demişkən, görəsən, rəngli karandaşlarımı nə vaxt, harada itirmişəm? Əlbəttə, belə ucsuz-bucaqsız və qarışıq otağın içində, bu qədər çoxgözlü şkafların, irili-xırdalı rəflərin, siyirmələrin ortasında nəyinsə qeyb olmasına təəccüblənməmək lazımdır. Diqqətlə ətrafıma baxıram. Sadəcə kefi kök olduğumdan, əylənmək istədiyimdənmi karandaş axtarışı aparıb-aparmadığımı düşünürəm. Ah! Yoxsa, sağımdakı tumbanın ikinci siyirməsində, yerlərini əzbər bildiyim oyun kartlarımla qələmlərimin altında durması tamamilə təsadüfdür?! Bayaqdan otaqda məharətlə gizlənmiş tumbaya gözucu baxıb gülümsəyirəm.

Kefim çox yaxşıdır, çox! Siyirmənin sərin dəstəyini üç barmağımla dartıram və işə bir baxın siz! Səmanın gözümə sataşan xəyali dörd ədəd Cadenza, bir ədəd Georgio Armani, Guerlain (Eau de Toilette), Pandora və Chanel qablarının arasından karandaş qutumu qamarlayıb açıram.

Gözəl karandaşlarımın bir-birindən fərqli boylarda və fərqli çəkilərdə olması onlardan hansısa birini digərlərindən daha çox və ya az sevməyimə səbəb olmayıb qətiyyən. Düşüncəli heç kəs xatirələrini, ağlındakı surətləri və məkanları rəngləmək kimi ağır məsuliyyəti üzərinə götürmüş karandaşları arasında ayrı-seçkilik salmamalıdır. Üstəlik, rənglər və zövqlər müzakirə olunmadığı kimi, mənim dişlənmiş, bəzilərinin kənarları uçquna uğramış, bəzilərinin ucları yastılaşmış və yuvasından küskün ayrılmış, bəziləri tamamilə taqətdən düşmüş karandaşlarımın hər birinə eyni dərəcədə sayğı göstərirəm, hamısını sevirəm.

Rəngləri və taleləriylə çoxdan barışmış karandaşların arasından boz rəngi əlimə alıram. Bir rəngi rəssamtək ələ almaq, əldə tutub onu izləmək düşüncəsi belə məni indidən daha qəribə, bir növ daha cəsur edir.

Birdən xəstəliyim öz pis niyyətilə içimdə həyəcanla yanaşı, yadlaşmış məsuliyyət, qorxu hissi oyadır, məni başlamaq istədiyim işdən geri çəkmək istəyir. Çünki məndən daha canlı tanınan xəstəliyim bilir ki, bir binanı başdan-ayağa rəsm etməyə səbrim və ya ehtirasım çatmaz.

Xəstəliyim başqa bir şeyin də fərqindədir: nə vaxt hansısa kiçik detalların, onların azdırıcı şaxələrinin izinə düşsəm, yaddaşımda daha önəmli yer tutan, özlərində “bütövlük” və “anlam” kəsb edən məfhumlar bu detalların qalıqları altında qalıb məhv olur. Yatağa məhkumluq özüylə birlikdə hissiyyatsızlıq, unutqanlıq, halsızlıq, ən acınacaqlısı, həvəssizlik gətirir. Məhz buna görə də, rənglərin hər birinin cəlbediciliyini və önəmini dərk etsəm də, onlardan doyunca istifadə aclığımı susdurmalıyam. Detallara baş vurmamalıyam.

Bəlkə, susdurmalı deyiləm! Əziz dostum şeytan pıçıldayır qulağıma: Tanrını qısqandır, təbiətdə doğulmaq istəyən və doğulmamış hər rəngə bir şans ver, – deyir.

Beləcə, bozumtul, açıq-mavi rənglərlə Z-nin içərisində yaşadığı binanın hər gün girib-çıxdığı ensiz, birinci giriş qapısından başlayıb, yuxarı istiqamətdə iki mərtəbə qalxmaq, Z-nin içərisində gəzişdiyi mənzilin həyətə baxan iki pəncərəsini sarımtıl işıq düşən pərdələrilə birlikdə rəsm etmək lazımdır. Pəncərədəki pərdələrə xüsusi diqqət ayırmaq lazımdır. Çünki tül pərdələr (indi də xatırladığım kimi) onlara düşən sarımtıl işığa rəğmən açıq-mavi rəngdə olmalıdır, məhz Z tərəfindən çəkildikləri üçün dalğaları alçaq və səssiz görünməlidir.

Soyuq girişin həmişə üfunət qoxuyan qaranlığını, ona bitişik sağdakı zir-zibil boşluğunun yarıaçıq dəmir qapısını, orası-burası zamanla aşınmaya uğramış çirkli beton pilləkənləri olduğu kimi deyil, Z-nin görmək istəyəcəyi kimi, düzgün və səliqəli xətlərlə çəkməli və canlı rənglərlə təzələməliyəm.

Bir ay sonra cəsarətimi sınamaq qərarına gələrək, həmin girişin qaranlığıyla və ağır qoxusuyla tanış olmazdan və həyəcanla ikinci mərtəbəyə qalxaraq, evli Z-nin əriylə yaşadığı həmin ikiotaqlı kiçik mənzilin qapısını döyməzdən öncə, yəni, qaranlığın, qoxunun və qapının rəsmlərini çəkməzdən əvvəl daha önəmli bir şeyin rəsmini unutmamalıyam: kafedən çıxdıqdan üç gün sonra tanış olduğum, iyirmi doqquz gün paltomda büzüşərək altında yüz iyirmi dörd gilə Marlboro çəkdiyim qocaman söyüd ağacının, yəni, həyatımın dəyişmək üçün gözlədiyi mərkəzin rəsmini.

Ağacın nazik, qırmızımtıl-qоnur budaqlarının kənarlarını (bir qədər əvvəl vurğuladığım xəstəliyim səbəbindən) uşaqlığımda çox vaxt asana qaçaraq seçməyə üstünlük verdiyim tünd qəhvəyi rənglə çəkib, cəld içini boyayıram. İndi budaqlar iyirmi iki il əvvəlki kimi soyuq və quru görünür. Sonra, kədərli qoca gövdəsinə sirdaşlıq, şahidlik, yorğunluq əlamətləri verən bir sıra qabartmalar, çoxlu-çoxlu şişkinliklər, xırda çatlar və kəsiklər qatıram. Bütün bu əlamətlərin rəngləri qaradır, eynilə onlara söykənib, zaman-zaman onların izini və formasını üzərində daşımış paltomun rəngi kimi.

Ağacı bitirdikdən sonra, planladığım kimi binanın Z-yə aid xarici hissəsini çəkib başa çatdırıram. Növbə binanın içinə, Z-nin dərisinin şaftalı qoxusuyla digər ev qoxularının qarışdığı evin qapısına gəlir.

Bir ay sonra ərinin evdən çıxdığına və evdə Z-dən başqa heç kəsin qalmadığına əmin olarkən, bütün cəsarətimi ayaqlarıma verdim. Üstü müxtəlif elanlar, başdansovdu “eskizlər”, yağlı-duzlu söyüşlərlə doldurulmuş giriş qapısından içəri keçdim: təcili satılan ev elanı, hər növ məişət avadanlıqlarını canla-başla təmir etməyə hazır qayğıkeş ustanın nömrəsi, simmetriyası pozuq ürək içərisində üstəgəllə tez-tələsik toplanmış iki baş hərf, “Bloka zibil atma, ay eşşəyin balası!” və hər ikisinin ilk sözü eyni hərflə başlayan və bir-birilə yaxın məqsədlər daşıyan iki dəhşətli söyüş cümləsi – təbii ki, bütün bunları yazıb-rəsm etmək və nəticədə diqqətimi yersiz detallara vermək istəmədim.

Sürahiyə toxunmadan pillələri ruh kimi eyni yeyin addımlarla qalxdım. Az-maz götür-qoy etsəm və ya yavaşlasam bütün yığılmış cəsarətimin ora-bura səpələnəcəyini bildiyimçün mənzilə çatar-çatmaz qapının zəngini basdım. Zəng coşqun cingiltiylə Z-ni çağırdı, mənisə, sanki, yuxudan oyatdı. Ərinin nəyisə unutduğunu düşünən Z soruşub-düşünmədən cəld qapını açdı. Rəfiqəsi Zabilə ilə danışmış ola bilərdimi? Rəfiqəsi ünvanını mənə icazəsiz verdiyi üçün Z-nin hər ikimizə acığı tuta bilərdimi?

İyirmi doqquz axşam xəyalımda canlandırdığım yüzlərlə səhnədən fərqli olaraq, Z, sanki, varlığıma, anidən peyda olmağıma çox sevinməmiş, hətta təəccüblənməmiş kimi görünürdü. Mənsə, indi qapının kandarında dayandığıma görə özümdən utanmalı və hər şeyin başlamadan bitdiyini qəbul etməli olduğum halda ağzımdan çıxan bu cümlə axınına təslim oldum:

– Salam. Bakıya qayıtdığını eşitdim. Evlənmisənmiş... Səni görmək istədim. Bilirəm, Kamran evdə yoxdur.

Pilləkəni, sürahini, qapını və qapı zəngini açıq rənglərlə rəsm etdikdən sonra, orada keçirdiyim bənzərsiz təlaşı, Z-nin laqeydliyi qarşısında sarsılıb duyduğum ağır utanc hissini, onu son gördüyüm vaxtdan dörd il sonra söylədiyim bu qaba cümlələri olduqca tünd, qarmaqarışıq və anlaşılmaz rənglərlə rəngləmək lazımdır. Həm ruh halımı doğru təsvir etmiş olarlar, həm də utanıb unutmaq istədiyim digər şeylər kimi heç vaxt aydın və həqiqi görünməzlər.

Bir neçə saniyəlik tərəddüddən sonra Z şübhəli nəzərlərlə məni süzdü və cavab verdi:

– Tez içəri keç, bu vaxt kimsə görsə, səhv başa düşər. Kamran tez qayıdacaq. Niyə gəlmisən?

Gəlişimin səbəbini bir az əvvəl söyləsəm də, Z-nin bunu səbəb kimi qəbul etməməyini anladım. Daha rasional, əxlaq çərçivəsində, xüsusilə də, bu saatda evli bir xanımı narahat etməyimə haqq qazandıracaq önəmli səbəb tapmalı idim. Tapa bilmədim. Zatən, bir qədər sonra Z-nin bu sualını ritorik də hesab etmişdim. Sanki, o an mənə aydın olmayan səbəbdən (bəlkə, Z-nin məni qıcıqlandıran qeyri-səmimiliyindən) gözlərimin önünə qara pərdə çəkilmişdi və heç nədən qorxub-çəkinmədən ağlımdan keçən hər şeyi ifadə etmək arzum qarşısıalınmaz olmuşdu.

– Mən səni görmək istədim! – deyə əminliklə təkrarladım və elə bil, dörd il əvvəl heç bir şey bildirməmiş çıxıb gedən, qayıdar-qayıtmaz evlənən və indi, bəlkə də, sevdiyi həyat yoldaşını hər axşam evində gözləyən, onu təmin edən Z deyilmiş kimi, bütün bunlara səbəb mən imişəm kimi kədərli peşmançılıq duydum. Sakitləşmişdim. Hər şeyə rəğmən, onu bağışlamaq, qucaqlayıb öpmək istədim. Amma üç ay yarımlıq hamilə Səmanı xatırlayıb, özümü saxladım.

Z-nin, mənim həyatımda olmadığını açıq-aşkar anladığım, lakin qəbul edə bilməyib incidiyim kədərli anı, yəni həyatımın birdəfəlik dəyişməsinə səbəb olacaq həmin anı Z-nin rəngiylə, yəni qırmızıyla rəngləyirəm. Hətta bu səhnədə onun uzun, dolğun bədəninə düşən, arxasındakı güzgünün yuxarı sağ küncündə əks olunan koridor işığını və sağlam dizlərinə çatmayan yumşaq kətan paltarını da qırmızının fərqli çalarlarıyla rəngləyirəm.

Qarşımdakı səhifə qırmızıya, onun çalarlarına boyandı və mən iyirmi yeddi il əvvəl ayrı otaqlar tutmağımıza baxmayaraq, hər axşam bir neçə saat sevişib yorulub, bir yataqda yatdığımız iki həftəlik yay tətilimizi, çirkli taksilərin arxa oturacağında, narahat kino zallarında, köhnə kitablar, suvenirlər, hədiyyəlik əşyalar satılan, sahibi həmişə hansısa arxa otaqda məşğul görünən və əksər vaxtlar nəsə almaq üçün deyil, öpüşmək üçün girdiyimiz nəmli-tozlu-havasız mağazalarda, qaranlıq arxa küçələrin dolambaclarında hər fürsətdə öpüşdüyümüzü xatırlayıram.

– Sən də evlənmisən. Təbrik edirəm! Səma necədir bəs? Eşitdim hamilədir. Çox sevindim!

Sevinmiş kimi görünməyə çalışmadı. Gözlərimə çəkinmədən diqqətlə baxması məni çaşdırırdı. Heç nədən əmin ola bilməyib özümü müdafiəsiz və gücsüz hiss etdim. Bunları nə zaman, kimdən öyrəndiyini soruşmaq istədim, amma susdum. Başqa vaxt soruşacaqdım.

– Niyə mənə bir şey deməmiş çıxıb getmişdin? Harada olduğunu da yazmadın. Heç nə deməmiş getmək nə deməkdir?

– Atamın vəziyyətini bilirdin axı. Deyə bilməzdim. Kamran gələcək indi. Getsən yaxşı olar. Yəqin, məni, elə özünü də pis vəziyyətdə qoymaq istəməzsən, hə?

– Nə vaxt görüşə bilərik? Görüşməliyik. Görüşüb danışaq.

– Əlbəttə, görüşməli deyilik, Ramiz. Hələlik.

Qapını yenidən açarkən mənə yaxınlaşdı. Dərisinin rənginin və saçının qoxusunun dəyişmədiyinə sevindim. Dodaqları həmişəki kimi dolğun, yaş və yapışqan görünürdü. Bir cüt gözəl gözlərinin iri və qəhvəyi rəngdə qalmasına, göz bəbəyinin eyni xırdalığına sevindim. “Hələlik”? Görəsən, köməyə ehtiyacı olan bir xəstə kimi indicə dəstəyə uzanmış incə biləyindən tutub Z-ni qucaqlasaydım, məni bağışlamasını istəsəydim, elə buradaca öpüşə bilərdikmi?

Hansı tarixədək “Hələlik”? Çıxarkən, ondan ötrü çox darıxdığımı deməli idimmi? Bir göz qırpımında keçən dörd ildən sonra məni daha sevməyə bilərdimi? Bunu da soruşmalı idimmi? Yaxınlaşmaq istədim, amma özünü yarım addım geri çəkən Z iri gözlərini açdığı qapıya zillədi. Səmimi ola bilmədiyinə hirslənmək və əslində, mənlə eyni hissi bölüşdüyünə inanmaq istədim. Əksinə, daha çox xəcalət və geniş boşluq duyğularıyla nə baş verdiyini anlamağa çalışaraq (və ya anlamaq istəməyərək!), tələsmədən paltomun ciblərinə girdim. Və indi mənə daha çox səssiz və təhlükəli görünən blokun qaranlığına çıxdım.

Fikirli-fikirli pilləkənləri düşərkən, yetkin və ağıllı, həyatında hər şeyi qaydasına qoymuş soyuqqanlı bir kişi kimi davranmağa çalışmağım əbəs idi. Çünki, Z-ni sevdiyimi anlamışdım və bunu özümdən gizlədə bilmirdim.

Bir tərəfdən buraya gəlməklə hər şeyi qatıb-qarışdırdığımı düşünsəm də, evə dönər-dönməz, Səmanın yumşaq, təhlükəsiz qoynuna girər-girməz hər şeyi niyə qəlizləşdirdiyimi və bu kiçik macəramı unuda biləcəyimə sadəlövhcəsinə inandım. Heç nəyə görə hələ gec olmadığını düşündüm.

Burada məndən daha ağıllı və təcrübəli olduğuna inandığım, bu gün hələ istifadə etmədiyim karandaşlara şans vermək istərdim. Qoy, mənim çəkdiyim sonuncu səhnəni özləri bildiyi kimi, özlərinə ən çox yaraşdırdıqları yerdə rəngləsinlər. Onlara güvənirəm. Bu müddət ərzindəsə, mən arxada qalan sadə insan həyatımı (gəlin “qızıl dövrümü” adlandıraq) mənə daha yaxşı xatırladacaq Nabokovdan oxuya bilərəm.

Sizi inandırım, insan belə möhtəşəm havada ya Nabokov, ya da Proust oxumalıdır. Ya da şirin-şirin yatmalıdır.

Şamxal Həsənovun "Səs və ya qırmızı" romanından fraqment

0