Bu gecə də belə keçdi.

Ələddin Əzimli

bu-gece-de-bele-kecdi

Bu gecə də belə keçdi.

 

Bu gecə də

belə keçdi.

Səhəri

heç soruşan olmadı

nə işdi?

Yarımcıq yuxu gördünmü?

Cavabını bilmədiyin

suallar çaşdırdımı səni?

Səhər də ötdü beləcə,

düşüncələrin burulğanında.

Hər dəfəki tək

günboyu bomboşam,

görüləsi işim yox.

Bu nə qəfil xəbərdir,

kədəri sevincindən çox.

Qoy olsun,

sən bunu istəmirdin?

İndi bu dünyanın

sevin kədərinə.

Amma darılma,

sızlama

həyatın qəzavü-qədərinə...

 

Rəssam dostumun emalatxanasından reportaj

Eskizdən boylanan qız,

Saçlarını hörümmü?

Şehli dodaqlarından

Bir kəlmə söz dərimmi?

***

Yatana oxşayırsan,

Gözlərinsə açıqdır.

Çiynindəki yaylığın

Nurdur, saçaq-saçaqdır.

***

Eskizdəki cizgilər

Bir sevgi parçasıdır.

Vallah, bu qız bir ürək,

Yüz evin aynasıdır.

***

Hələ rəssam sənə tam

Nə qan, nə can verməyib.

İnan, heç kim cənnətdə

Sən tək mələk görməyib.

***

Çiyələk qız, çiçək qız,

Qonma mənim çiynimə.

Rəssam zalım balası

Sevda salıb beynimə.

***

Fırça işə düşəndə,

Bilməm nə olacaqsan?

Bəlkə, sən Cakonda tək

Tarixdə qalacaqsan?!.

 

Müəmma

Dünyanın mat qalmışam

Qəribə işlərinə.

Uyğunlaşa bilmirəm

Zamanın gərdişinə.

***

Qapımı, pəncərəmi

Döyür aramsız külək.

Küləyin arxasınca

Yəqin, yağış gələcək.

***

...Kimdir islaq nəfəslə

Gecə vaxtı səslənən?

Durub yağışın altda

Gəlişimi gözləyən?..

 

 

Vədəsiz yağış

Hələ payız gəlməyib,

Buludlar kövrəlməyib,

Yerə qanad sərməyib,

Bu yağış hardan yağır?

***

Çaylar baş alıb gedir,

Göylər boşalıb gedir,

Gözlər yaşarıb gedir,

Ağlayır fağır-fağır.

***

Hər işin öz çağı var,

Öz yeri, oylağı var,

İçimdə bir ağrı var,

Tərpənir ağır-ağır.

***

Narahatam gecədən,

Yağış yağdı sübhəcən,

İndisə gölməçədən,

Bir uşaq mənə baxır...


 

 


 

 

0