İnsan əti yeyən intellektuallar...

Mustafa Ruşan

insan-eti-yeyen-intellektuallar

Bu romanı türk buktuberi Ebru Aykaçın əlində görmüşdüm. Hələlik kitab haqqında fikirlərini eşitməmişəm. Romanın mövzusu yaman diqqətimi çəkmişdi. Sifariş verdim. Yazıçını aradşdırdım. İlk romanı deyil, amma müxtəlif mükafatlara layiq görülüb. Argentina yazıçısıdır.

Romanı hər dəfə oxuduqdan sonra "yeməyi necə yeyəcəm?!" sualı gözümün qabağından getmirdi. Amma yenə də yeyirdim. Ta ki, "buğlama xəngəlin" yanındakı broyler ətlərini görənə qədər. Bu pik nöqtə idi. Kitabdakı təsvirləri xatırlatdı. Xəngəlləri yedim, yeməli idim, çünki qonaqlar vardı. Ətləri isə görməzlikdən gəldim. Yaxşı ki, unutma neməti var. Əks halda bu kitabdan sonra qəti ətə yaxınlaşa bilməzdim.

Çünki roman yamyamlığın leqallaşmasından bəhs edir. Roman distopiya janrında yazılıb. Heyvanlar arasında yayılan virus onları məhv edib, qalanlarının isə insana ölümcül zərərləri var. Hətta hökümət vətəndaşlara çətirlə gəzmə qanunu qoyub. Çünki quşlar başlarına "zad" eləsələr, virusa yoluxa, dolayısilə ölə bilərlər...

Virus ev heyvanlarına da yoluxub, heyvan əti qadağan edilib. Bir müddət insanlar sadəcə bitki mənşəli qidalarla qidalanıblar. Lakin zülal əskikliyindən meydana gələn xəstəliklər artanda bəzi kəsimlər dözə bilməyib insan ətinə keçiblər.

Daha sonra bu proses leqal insan əti yemə mərhələsinə keçib. Görürsüz, necə soyuqqanlılıqla yazıram. Roman da bax beləcə soyuqqanlılıqla yazılıb. Və beləcə insan əti yetişdirən fermalar qurulub. Onlara insan demirlər. "Xüsusi ət" deyə adlandırırlar. Səs telləri kəsilir. Alınlarına şirkətin damğası vurulub xüsusi hüceyrələrdə saxlanılırlar. İnsanlar ancaq sözlərin arxasında gizlənərək bu vəhşiliyin öhdəsindən gəlirlər.

Baş qəhrəmanımız Markos bir fermada ferma sahibinin sağ qoludur. Atası dünyada baş verən bu insan əti yemə prosesinə dözə bilməyib dəli olub və xəstəxanada xüsusi müalicə alır. Markos atasının xəstəxana xərclərini qarşılamaq üçün bu işdə işləyir. Bir müddət əvvəl körpə oğlu dünyasını dəyişdiyindən həyat yoldaşı ondan ayrı yaşayır. Onu sadəcə romanın sonunda görürük. Bir gün ona rüşvət kimi bir "dişi" göndərirlər. Və "axarında" gedən həyatı alt-üst olur...

İnsanları öldükdən sonra krematoriyaya göndərirlər. Çünki leşyeyənlər adlı bir təbəqə var. Meyitləri çıxarıb yeyirlər. İnsan ovları təşkil edilir. Bu xüsusi bir biznes sahəsinə çevrilib. Məsələn, ovda hamilə dişilərə üstünlük verilir. Çünki onlar ana bətnindəkini qorumaq üçün daha amansız bir şikara çevrilirlər...

Fermada yetişdirilən "heyvanlar" onların kəsimi, orqanlara ayrılması, xüsusi saxlama yerləri, kəsim üsulları tük ürpərdicidir. Bu fermaya iş müraciəti edən namizədlərdən birinə sorusurlar ki, niyə bu ağır işi seçib. Cavaba baxın, "Sevdiyim qız hamilə qaldı, ona görə pula ehtiyacım var". İnsanı yaşatmaq üçün insan öldürməyə razı olur.

Əslində? bu mənzərə mənə elə gəlir çox da yad deyil. Yazıçı dünyanı bütün çılpaqlığı ilə ortaya qoymağa çalışıb. Və uğurlu alınıb. İnsan, məcazi də olsa, dünyanın yaradılışından növdaşının ətini yemirmi? Strategiya dəyişməzdir. Yaşamaq üçün mübarizə aparmalı, zəif olan yer üzündən silinməli. Dünyaya baxış bu olandan sonra başqa nə gözləmək olar?

Görəsən, insanı insanlıq çərçivəsi daxilində saxlayan nədir? Əvvəllər ağıl olduğunu düşünürdüm, amma indi şübhə içindəyəm. Kitabda təsvir edilənlər nə vaxtsa real ola bilərmi? Məncə, ola bilər. Bəşəriyyət tarixinə baxanda, heç də bu distopik gəlmir. Həmişə bir diləyim var: insan qalaraq bu dünyadan köçmək! Çünki insanlıqla heyvanlıq arasında incə bir pərdə var. Gündə, bəlkə, dəfələrlə o pərdəni yırtırıq, amma diləyim odur ki, doğru olduğuna inandığım yoldan birdəfəlik çıxmamaq. Ona görə bu doğru yolu tapmaq, mənə elə gəlir, bəşəriyyətin ən ümdə məsələsidir. Yoxsa bir gün insan əti yeyib dünyanın ən intellektual insanına da çevrilə bilərik. Bu heç də ağıla uzaq deyil. Diqqət edin "ağıla" uzaq deyil!

Ləziz leşlər / Aqustina Bazerrika

Cadáver exquisito / Agustina Bazterrica

 

0