Çılğın Knausqor və onun “Mübarizəsi”

Ələsgər Həsənov

cilgin-knausqor-ve-onun-mubarizesi

Axır ki bitirdim...

Norveçli yazıçı Karl Uve Knausqorun (K.Ove Knausgard) altı kitabdan ibarət “Min Kamp” (“Mənim mübarizəm”) silsiləsinin türk dilinə tərcümə edilmiş beş kitabını başa vurdum..

15 günə 2610 səhifə...

“Kavgam”...  (“Min Kamp 1”) birinci kitab

“Aşık bir adam”… (“Min Kamp 2”) ikinci kitab

“Çocukluk adası”... (“Min Kamp 3”) üçüncü kitab

“Karanlıkta dans”... (“Min Kamp 4”) dördüncü kitab

“Bahar yağmurları”… (“Min Kamp 5”) beşinci kitab

Silsilənin birinci kitabı ilk dəfə 2009-cu ildə nəşr edilib. Qısa vaxtda 22 dilə çevrilib. Roman bütün dünyada bir “Knausqor çılğınlığı”na səbəb olub.

“Müdhiş bir roman... Çarəsiz bir halda davamını gözləyirəm deməkdən başqa bir şey söyləməyəcəm.” Bu cümlələr mənə aid olmasa da, silsilənin son kitabının türk dilinə çevrilməsini mən də səbirsizliklə gözləyirəm.

Bir insanın və bir yazıçının həyatı... Bütün oxucular ömrünün hansısa bir anında bir yazıçının yerində olmaq və ya yazıçı olmaq arzusuna qapılır, çox sevdiyi, heyran olduğu bir əsərin yaradıcısı olma xəyalını qurur. Bir oxucu olaraq, Karl Uve Knausqorun həyatını öz təsvirindən oxumaq möhtəşəm bir hisdir. Nə yalan deyim, belə bir gözəl əsəri ərsəyə gətirmə istedadına malik olmağı mən də arzulayıram. Ancaq onun kimi cəsarətli olub bu cür bir çılğınlığı hərhalda edə bilməzdim.

Öz həyatlarını qələmə alan yazıçılar az deyil, ancaq cəsarətini toplayıb həyatını bütün çılpaqlığı ilə göz önünə sərən, belə bir “dəliliyə” qol qoyan bir başqa yazıçını hələlik nə tanıyıram, nə də bir əsərini oxumuşam. Uve nəinki həytını bütün çılpaqlığı ilə təsvir edir, o hətta əsərdə real olan personajların adlarını belə dəyişmir. Oxuyanda elə bil, “canlı yayın”da idim: çılğın hadisələr, yazıçının sərxoşluğu və hər dəfə sərxoş olanda elədiyi dəliliklər və ardınca gələn peşmanlıq hissi, keçirdiyi sarsıntılar, sevgi, ayrılıq…

Müəllifin özünü xoşbəxt və ya bədbəxt hiss etməyindən asılı olmayaraq o, daim yalnızlığa can atır. Hər nə qədər  yalnızlıq onu həlaka sürükləsə də, məhvinə səbəb olsa da, heç bir xoşbəxt anını tənhalığına dəyişmir.

Yazmaq, daim yazmaq arzusundadır. Yazmaq və yaratmaq üçün çırpınır. Yazıçı olmaq, romanlar yazmaq həyatının yeganə mənasıdır. Bundan başqa heç nə ona xoşbəxtlik vermir. Yazma işinin onun həyatında hansı yer tutduğunu görmək üçün, mənə elə gəlir, bu cümlələr kifayətdir: “Yazmaq istəyirdim, yeganə istədiyim yazmaqdı, bunu istəməyənləri də anlamırdım, müəllimlik, operatorluq, məmurluq, tədqiqatçılıq, fermerlik, televiziya işçiliyi, jurnalistlik, dizaynerlik, biznesmenlik, balıqçılıq, yük maşını şoferliyi, bağbanlıq, həkimlik və ya astronavtlıq kimi adi peşələrdə işləyənlər necə xoşbəxt olurlar? Bununla necə kifayətlənirlər? Razıyam, təbii olan budur, əksəriyyəti adi işlərlə məşğul olurlar, çoxu da bütün enerjisini buna verir, amma mənə o qədər mənasız gəlirdi ki. Bu peşələrdən birində işləsəydim, nə qədər ixtisasımı yaxşı bilsəm də, nə qədər işimdə yüksəlsəm də, həyat mənə mənasız olardı. Heç vaxt içimdəki boşluq dolmazdı.”

Həyatımızda elə anlar var ki, geriyə baxanda utanırıq, xəcalət çəkirik, günlərlə, hətta aylarla unuda bilmirik. Elə əməllər var ki, üstündən illər keçsə də, hər yadımıza düşəndə gizlənmək istəyir, utanırıq.  Hər şey təkrarbətəkrar canlanır, həmin anın burulğanından özümüzü qurtara bilmirik. Bütün həyatını, xətalarını, xatirələrini ayrıseçklik eləmədən hamının qabağına bir “xonça” kimi qoymaq üçün, yəqin ki, Karl Uve Knausqor olmaq lazımdır.Və, mənə elə gəlir, bunu bacaran yazıçı sayı barmaq sayını keçməz, buna əminəm.

Öz həyatı ilə yanaşı, tanıdığı, həyatında az-çox yer tutan bütün insanları gizlətmədən oxucuya təqdim edən Uvenin nələrlə üzləşdiyini, hansı təzyiqlərə məruz qaldığını təsəvvür etmək çətin deyil. Yaxınları tərəfindən dəfələrlə məhkəməyə verilsə də (birinci kitabdan sonra həyat yoldaşı ondan ayrılmış və onu məhkəməyə vermişdir), bu onu yeni kitablar yazmaqdan və ömrün səhifələrini oxucularla paylaşmaqdan çəkinməmişdir. Və ortaya gözəllikdə biri digərindən geri qalmayan altı əsər ərsəyə gətirmişdir. Təəssüf ki, silsilənin son, altıncı kitabı hələlik türk dilinə tərcümə edilməyib. Ümid edirəm ki, qısa müddətdə tərcümə edilər.

Mənə elə gəlir, elə bir oxucu olmaz ki, bu silsiləni oxuyanda öz həyatı gözündə canlanmasın, həyatının hər vərəqini, hər səhifəsini xatırlamasın. Vərəqləri çevirdikcə utandığı, unutmaq istədiyi hadisələri yadına saldığı üşün yazıçıya qəzəblənənlər də olacaq. Bəlkə də, bəziləri, əksinə, keçmişini xatırlayıb güləcəklər, qəhqəhə çəkəcək, gülümsəyəcəklər.  Bəlkə də, yazıçı Uve kimi, yaddaşı təzlədikcə gözləri yaşaracaq, ağlayacaqlar. Bəlkə də, kimi dərindən köks ötürəcək, üzü qızaracaq. Kimi də gözlərini yumub unutduqlarını xatırlamağa çalışacaq, ya da xatırladıqlarını unutmaq üçün sətirləri sürətlə oxuyub keçəcək. Ancaq silsilənin hər bir kitabı bitəndə, “yaxşı ki, oxududum” deyib, peşman olmayacaq.

Silsilənin dilimizə tərcümə edilməsini çox istəyərdim. Düzdür, tərcümə edilsə, Bukovski kimi tənqid və iradların hədəfinə çevriləcək, amma belə möhtəşəm bir əsərin dilimizə çevrilməsi əsl hadisə olardı.

0