Əgər ədəbiyyatla məşğul olmasaydım, çox güman, illər öncə dəli olardım.

Cəlil Cavanşir

eger-edebiyyatla-meshgul-olmasaydim-cox-guman-iller-once-deli-olardim

Cəlil Cavanşirin “Azğın” romanını bitirdikdən sonra bir çox sual yarandı. Növbəti həmsöhbətimiz hökmən bu yazıçı olmalı idi. Heyətimizin bütün üzvləri romanı oxuyub suallarını çıxardıqdan sonra yazıçı ilə üz-üzə, göz-gözə görüşmək arzusundaydıq. Mənə deyəndə ki, müsahibəyə sən də gəl, ilk cavabım belə oldu: “qorxuram”… Səbəbini indi anlayıram, yazıçı ilə romanın baş qəhrəmanını bir-birinə qarışdırmışdım. Əslində, yazıçı ilə üz-üzə, göz-gözə görüşməyə ən çox mənim ehtiyacım vardı. Yazıçı ilə əsər arasındakı sərhədi görməliydim. Cəlil Cavanşirin Vüsal Aydının canlı feysbuk “çək-çevir”i yazıçı haqqında bir çox sualıma cavab oldu. Ancaq qaranlıq qalan suallar da az deyildi.  Üz-üzə görüşmək qismət deyilmiş, əlbəttə ki, hələlik. Pandemiya səbəbi ilə yazıçıya sualları yazılı şəkildə göndərdik. Sağ olsun, vaxt ayırıb hər birinə dolğun cavab yazıb.  

  • Bir müsahibənizdə deyirsiniz ki, “Həyatımı ədəbiyyata həsr eləmişəm”. Niyə məhz ədəbiyyat?
  • Başa düşürəm ki, “həyatımı ədəbiyyata həsr etmişəm” deməyim bir az pafoslu səslənir. Ancaq ədəbiyyat mənim həyat tərzimdir. Uşaqlıqda ən böyük arzum hüquqşünas olmaq idi. İlk şeirlərimi qələmə alanda da, ilk dəfə mətbuatda çap olunmağa başlayanda da, hüquqşünas olmaq istəyirdim. Böyüdükcə arzularım dəyişdi. Bir müddət dinə maraq göstərdim, Türkiyədə İlahiyyat fakültəsində oxumağı arzulayırdım.  Sonra həkim olmağı arzuladım. Orta məktəbin son sinifində isə qətiləşdirdim ki, jurnalistika təhsili almalıyam. Bu həvəslə də ali məktəbə imtahan verdim, ilk cəhdim uğursuz olsa da, hərbi xidmətdən sonra yenidən cəhd etdim. Xarici dillər fakültəsi, Alman dili bölümündən məzun oldum. Elə tələbəlik illərindən jurnalistika ilə məşğul olmağa başladım. 22 yaşımda ilk kitabım çap olundu və o gündən ədəbiyyat yolçuluğuna çıxdım. Ədəbiyyatla məşğul olduğum üçün inanılmaz məhrumiyyətlərim, itkilərim oldu. Bütün bunlara baxmayaraq, özümü ədəbiyyata həsr etdim və peşman deyiləm. Ədəbiyyat mənim üçün bu dözülməz mühitdə yeganə nəfəslikdir. Əgər ədəbiyyatla məşğul olmasaydım, çox güman, illər öncə dəli olardım. Ədəbiyyat mənim xilaskarımdır.
  • Son romanınızda əsas mövzu dəlilikdir. Kitabda bir çox dəli ilə tanış oluruq. Kitabın adı isə “Azğın”dır. Bu adı seçməyinizin səbəbini izah edə bilərsiniz?
  • “Azğın” sözünün lüğətimizdə üç mənası var.  1. Azmış, yolunu itirmiş. 2. Qudurmuş, vəhşi, yırtıcı, amansız, önüalınmaz, sərt, şiddətli. 3. Pozğun, namussuz. Romanın ilk adı “Dəli Qorqud”, ikinci adı “Aşiqlər və başqa dəlilər” idi. Çap ərəfəsində naşirim Müşfiq Xan romanın təbliğatı və satılması üçün bir xeyli ad təklif etdi. Naşirimə güvəndiyim üçün, onun təklifləri üzərində düşündüm və “Azğın” versiyası üzərində dayandım. Mənim əsas qəhrəmanım yolunu itirdiyi üçün vəhşiləşmiş, əxlaqı pozulmuş insandır. “Azğın”ın əsas qəhrəmanı Qorqud ağlını itirmiş, azğınlaşmış və qəddarlaşmış bir obrazdır. Düşünürəm ki, romana ən uyğun ad, məhz “Azğın”dır.
  • “Azğın” romanı qələmə almağınıza səbəb olan ilk qığılcım nə idi? Niyə məhz “dəlilik”.
  • Kənd mühitində böyümüşəm. Ucqar, rayon mərkəzindən uzaq, yolları bərbad, işığı-qazı olmayan, tarixi bir kənd düşünün. Məşhur övliyaların, tarixi şəxsiyyətlərin yolunun kəsişdiyi, ədəbi əcdadım Axundovun qəhrəmanı Molla İbrahimxəlil Kimyagərin məzarı olan dağ kəndi. Dörd tərəfdən dağlarla, çaylarla əhatə olunmuş, meşələrin qoynunda cənnət kimi bir yerdir. Əfsanələrə görə, İslamın dördüncü xəlifəsi Əli ibn Əbutalibin sərkərdələrindən biri bu kəndin ətrafında, “Böyük daş” deyilən yerdə öldürülüb. Nadir şah bu torpaqlarda Surxay xanla döyüşüb. Sovet vaxtı qaçaq hərəkatının tannmış nümayəndələri bu kəndi sığınacaq seçib. Məscidlər, pirlər, övliyalar saysız-hesabsızdır. Bir sözlə qəribə energetikası olan mühitdir. Uşaqlıq illərimdən xatırlayıram ki, kəndimizdə onlarla əqli qüsurlu, psixoloji problemli insanlar vardı. Uşaqlıqda bu insanların əhvalatlarını, başlarına gələn faciəli hadisələri nənəmdən, valideyinlərimdən eşidirdim. Eyni zamanda kənd camaatının bir qisminin, xüsusilə uşaqların bu “dəlilərlə” kobud davranmasını, ələ salmasını xatırlayıram. Bu xatirələrin ilk qığılcımı kimi illər əvvəl “Cəmo” adlı hekayə yazmışdım. Hekayə o vaxt xeyli təqdir olundu. Ən əsası bu hekayəni özüm çox bəyəndim və məhz bu hekayənin bazasında kəndimizdəki dəlilərin əhvalatlarını yazmağa qərar verdim. 2016-cı ildə “Dəli Qorqud” adı verdiyim romanı tamamlayıb ədəbiyyatşünas Ülvi Babasoya göndərdim. Onun qeydləri və tövsiyələri əsasında romanı yenidən işlədim. Bu dəfə romanda iki paralel xətt, həm əsas qəhrəmanın hekayəsi, həm də kəndimizdəki dəlilərin əhvalatları bir-biri ilə birləşdi. Romanı 2018-ci ildə, öz yaşadığım “dəlilik” əhvalatından, hadisəsindən sonra tamamladım. Düşünürəm ki, dəlilik mövzusu məni şüuraltı olaraq illərlə narahat etdiyi üçün, “Azğın” romanı yazılıb. Çünki yazı prosesinin özündə qəribə bir mistika var və hiss edirəm ki, heç nə təsadüfi deyil. Dəliliyin və ölümün bir addımlığından qayıdan bir insan kimi, ölüm, inihar, dəlilik mövzuları mənim diqqətimi cəlb edir.

  • Romanda olduqca rəngarəng personajlar var. Hətta hər birinə bir roman belə yazmaq olar. Bunlar xəyali personajlardır, yoxsa real personajlar? Bəs baş qəhrəman?
  • Əksər obrazlarımın ilham mənbəyi kəndimizin “dəliləridir”. Əksər obrazların prototipi hələ də sağdır. Yenidən dəlilik mövzusuna qayıtmağa gücüm çatsa, “Azğın” romanında ötəri işlədiyim iki obrazımın həyatını fərqli bir romanda yazmaq istərdim. Əsas qəhrəmanımın ilham mənbəyi özüməm. Qorqud obrazını yaradarkən təxəyyülümü çox da çətinə salmamışam. Ancaq bu o demək deyil ki, baş qəhrəmanın prototipi mənəm. Öz həyatımdan bir çox hadisələri bu obraz vasitəsi ilə təqdim etmişəm. Qəhrəmanım Qorqudla tamam fərqli xarakterli insanlarıq. Öz həyatımda təsirli hesab etdiyim detalları, yaşadıqlarımın bir hissəsini ona köçürdüm. Eyni zamanda cəmiyyətdə, ictimai mühitdə mənim şişirdilmiş, fərqli təqdim olunan bir yazıçı obrazım var. Bu önyarğı, haqqımda yayılan şaiyələr, məni tanımayan insanların münasibəti Qorqudu yaratmağıma stimul verdi. Məhz bu səbəbdən romanın avtobioqrafik olduğunu düşünənlər çoxdur.
  • Baş qəhrəman düşdüyü vəziyyətə görə daim keçmişi günahlandırır. Hətta tez-tez ona baş çəkən güzgüdəki yeniyetməni belə düşmən görür. Həqiqətənmi, insanın taleyində keçmiş bu qədər böyük rol oynayır? Gələcəyi heçmi dəyişmək mümkün deyil?
  • Keçmişimiz bizi qarabaqara təqib edir. Keçmişdə buraxdığımız səhvlər, işlədiyimiz günahlar bir gün mütləq qarşımıza çıxır. Eyni zamanda keçmişin xatirələri əgər xoş deyilsə, bizə əzab verir. Biz ağrılı, əzablı keçmişimizi silməyi bacarsaq, bəlkə də, xoşbəxt ola bilərik. Mənim qəhrəmanım da uşaqlıq travmalarının əzabını çəkir. Ətrafımızda yüzlərlə insan var ki, Qorqud kimi keçmişində ilişib qalıb, gələcəyini qura, dəyişə bilmir. Bəlkə, “Azğın”ı yazmasaydım, mən də keçmişin zir-zibilləri arasında eşələnirdim. “Azğın”ın çapı, oxucular tərəfindən təqdir olunması, ciddi qələm adamlarının diqqətini çəkməsi məni keçmişin əzabından, ağrılarından xilas etdi. Gələcəyi dəyişmək böyük əzm, iradə, fədakarlıq tələb edir. Keçmişdən xilas olmaq üçün düzgün qərarlar verib, düzgün addımlar atmalıyıq.
  • 90-cı illər Azərbaycan ədəbiyyatında o qədər də geniş işlənməyib. “Azğın” romanında həmin illərin təsviri var. Sizcə həmin illər Azərbaycan ədəbiyyatı və ictimaiyyəti üçün nə ifadə edir?
  • Bizim nəslin uşaqlığı – 90-cı illər ədəbiyyat üçün ən maraqlı mövzulardandır. Biz Sovetin çöküşünü, müharibəni, qıtlığı, çətinlikləri görən nəsilik. Çox təəssüf ki, məhz o illər, keçid dövrü ədəbiyyatımızın da durğunluq dövrüdür. Ən böyük hekayələr, romanlar o dövrün insanlarının taleyindədir. Bu gün ölkəmizin, ictimai mühitimizin, təhsilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin düşdüyü vəziyyətə qiymət vermək üçün məhz 90-cı illər dəqiq təhlil olunmalı, o dövrdə baş verən hadisələrə, siyasi proseslərə vicdanlı qiymət verilməlidir. Müharibə kimi qlobal bəla, ictimai formasiyanın dəyişməsi, inqilab, müstəqilliyin elanı, cəmiyyətin yenidən formalaşması ədəbiyyat üçün çox şey ifadə edir. Mən romanımda bir dağ kəndində baş verən hadisələrin fonunda bu məsələlərə sadəcə ötəri toxunmuşam. Romanın redaktədən əvvəlki vəziyyətində siyasi çalar daha çox idi. Müəyyən səbəblərdən redaktora təhvil verənə qədər romanın böyük hissəsini ixtisar etməli oldum. Yəqin ki, 90-cı illərdən bəhs edən başqa bir romanımda ixtisar etdiyim materiallardan istifadə edəcəyəm.
  • Baş qəhrəmanın atası oğlunun sevdiyi müəlliməni qaçırır, Edip kompleksi və qəhrəmanın qadınlarla olan ifrat ötəri münasibəti... Belə münasibətlər Azərbaycan cəmiyyətini nə qədər əks etdirir?
  • Oxucunu yönləndirmək, əsərimi müdafiə etmək istəməzdim, amma cəmiyyətimizdə kifayət qədər buna bənzər neqativ hadisələr var. Kriminal xəbərlərdə yüzlərlə bu cür hadisələrə rast gəlirik. Gəlinini qaçıran qayınata, qızına təcavüz edən ata, bacısını zorlayan qardaş və s. Heç bir cəmiyyət bu cür neqativ hadisələrdən sığortalanmayıb. Qəhrəmanımın qadınlara qarşı manyakal, heyvani münasibəti, əslində, Azərbaycan kişisinin qadına münasibətinə tənqidi yanaşmadır. Şəxsən mən Azərbaycan kişisinin qadına münasibətindən razı deyiləm. Ümumiyyətlə, cəmiyyətimizdə qadın-kişi münasibətləri çox düzənsiz, sistemsizdir. Romanda məhz bu münasibətləri aydınlaşdırmağa çalışmışam. Hər halda “Azğın”da gerçəkləşən hadisələrin baş verdiyi coğrafiya bizim ölkmizdir. Qadın və kişi laqeyidliyi, ikili münasibətlərdə riyakarlıq, oyunbazlıq kifayət qədər bu cəmiyyəti əks etdirir.
  • Müasir dünya ədəbiyyatını yaxşı bilən insansınız. Bizim ölkədə də dünya miqyaslı əsərlərin çıxacağına inanırsınızmı?

  • Azərbaycan ədəbiyyatında kifayət qədər dünya səviyyəli əsərlər yazılıb və yazılmaqda davam edir. Azərbaycan yazıçısının dünyaya çıxması üçün, onun əsərlərinin dünya dillərinə tərcümə olunması lazımdır. Tərcümə, beynəlxalq nəşriyyatlarda nəşr olunmaq böyük maliyyə tələb edən, ciddi prosesdir. Hal-hazırda bunu təkbaşına bacaran istedadlı müəllif demək olar ki, yoxdur. Bu prosesi dövlət maliyyələşdirməli, dəstəkləməlidir. Dünyanın əksər ölkələrində dövlət ədəbiyyatının dünyada tanıdılması üçün ciddi layihələr həyata keçirir, bu məqsədlə böyük pullar ayırır. Azərbaycanda dünya səviyyəli sayıla biləcək kifayət qədər yazıçı və şair var. Sadəcə dövlət doğru insanlara dəstək verməlidir. Dövlətin ciddi dəstəyi olmadan Azərbaycan yazıçısının özünü dünyaya təqdim etməsi, dünya səviyyəli tənqidçilərin diqqətini çəkməsi, dünyada oxunması mümkün deyil.
  • Ədəbiyyatımızın gələcəyini necə görürsünüz? Bir on, on beş il sonra da yenə bu depressiv ab-hava ədəbiyyatımızda ən azından azalacaq?
  • Mən bu barədə olduqca nikbinəm. Getdikcə daşlar yerinə oturacaq, bazar münaibətləri aydınlaşacaq, bu gün kimlərinsə hesabına təbliğ olunan, “meydanda at oynadan” saxtakarlar aradan çəkiləcək və həqiqi ədəbiyyat sevdalıları, ciddi yazıçılar oxucusunu tapacaq, hətta kitablarının satışından pul qazanacaq. Əzmli, inadkar və sevərək bu işlə məşğul olanlar ədəbi mühitin durulmasına, bu ab-havanın dağılmasına nail olacaq.
  • Ədəbiyyat daha çox xaosla bəslənməyi sevir, bu baxımdan pandemiyanın ədəbiyyata, ədəbiyyatımıza müsbət nə kimi təsirləri olacaq?
  • Pandemiaya qlobal bəla olaraq ədəbiyyatdan, həmçinin bizim ədəbiyyatdan da yan keçməyəcək. Həm ədəbiyyatda, həm musiqidə, həm teatrda və kinoda pandemiyanın izlərini görəcəyik. Ancaq bu dönəmdə yazılan, bu dönəmi əks etdirən əsərlərin səs-sorağı on il, iyirmi il sonra gələcək. Pandemiyadan zərər görmüş nəsil üçün bu dönəmi əks etdirən əsərlərin, yaradıcılıq nümunələrinin maraqlı olacağını düşünmürəm. Məncə, bu dönəm haqqında ən ciddi əsərlər ən azı on il sonra yazılacaq.
  • Yazıçı qütbləşmələri haqqında nə düşünürsüz? Sizcə, üç-beş yazıçı dost-tanış bir yerə yığışıb o biri üç-beş nəfəri tənqid edə-edə hara kimi gedəcək?
  • Dəstəbazlıq, qrupbazlıq meyilləri ədəbiyyatda hər zaman olub. Dünya ədəbiyyatında da bunun onlarla nümunəsi var, həmçinin bizim ədəbiyyatımızda. Qruplaşmalar, qarşı cəbhələrin yaranması ədəbiyyatın inkişafına, rifahına xidmət etməlidir. Hansısa dərgilərin, portalların, nəşriyyatların, ədəbi birliklərin ətrafında toplaşan yaradıcı insanlar rəqabət hissi ilə irəliyə doğru addım atmalı, ədəbiyyat və sənət üçün çalışmalıdır. Təəssüf ki, bizdə bu qrupaşmalar da qeyri-ciddidir. Bizdə yaradıcı adamlar 5-10 manat qonarar, təqaüd, hansısa dərgidə çap olunmaq, harasa səfərə getmək, ev sahibi olmaq üçün qruplaşır. Bizim qruplaşmaların mahiyyətində ədəbiyyat sevdası, ədəbiyyat təəssübkeşliyi yox, aqrarlıq, acgözlük dayanır. Ona görə də ədəbi dəstələr arasındakı çəkişmələr də bayağı və mənasız görünür. Bunun ən böyük günahkarı dövlətdir. Dövlət ədəbiyyat siyasətini dəyişməli, yazıçını qonararla, təqaüdlə ələ keçirmək, kölələşdirmək siyasətindən imtina etməlidir. Azərbaycan Yazıçılar Birliyi ya ləğv edilməli, ya da islahatlara getməlidir. Əgər tezliklə ciddi dəyişiklik olmasa, bu dəstəbazlığın, qruplaşmanın sonu fiaskodur. Uduzan isə mədəniyyətimiz, ədəbiyyatımız olacaq.

Müsahibə suallarını hazırladı: Fəhmin Mirzə, Mustafa Ruşan, Qəfər Rüstəm

0