Bizdə kitab heç üzqırxan qədər də reklam olunmur.

Yaşar Büntad

bizde-kitab-hec-uzqirxan-qeder-de-reklam-olunmur

Bu yaxınlarda bir neçə qəzet və saytlarda sevindirici bir xəbərə şahid olduq. Lakin pandemiyanın hər bir xəbəri üstələdiyi kimi, bu xəbər də qaranlıqda alovlanan qığılcım kimi yanıb söndü. Yazıçı Yaşar Bünyadın “Hələ ki təyyarələr uçur” hekayəsi III Beynəlxalq Ədəbiyyat Festivalında üçüncülüyə layiq görülmüşdü. Əlbəttə, ədəbiyyata həsr olunan saytın heyəti kimi bu bizi sevindirməyə bilməzdi. Yazıçı ilə uzaqdan da olsa, sual-cavab elədik. Ünvanladığımız sualları səmimi cavablandırdığına görə Yaşar bəyə təşəkkür edirik.

 

− Yaşar bəy sizi təbrik edirik. “Avropanın Mərkəzi-2020” adlı III Beynəlxalq Ədəbiyyat Festivalında “III Международный литературный конкурс “Центр Европы-2020”” hekayəniz üçüncü yerə layiq görülüb. Əvvəlcə festival haqqında qısa məlumat verə bilərsiniz? Necə oldu ki, festivala baş vurdunuz?

− Təbrikə görə təşəkkür edirəm. Bildiyiniz kimi, mən, 2019-cu ildə sevimli şəhərimiz Bakıda Heydər Əliyev fondunun dəstəyi ilə müvəffəqiyyətlə keçirilən IV Avro-Asiya Ədəbiyyat Festivallar Festivalının (ЛИФФТ) diplomantları sırasında oldum. Dünyanın çox ölkəsindən bu möhtəşəm ədəbiyyat bayramına yazıçı və şairlər toplaşmışdı. Bu cür müsabiqə və festivallarda iştirak etməyim bu günlərdə üçüncülük qazandığım III Beynəlxalq festivala da maraq yaratmaya bilməzdi. Axı bu festivalın təşkilatçılarından və sponsorlarından biri də ЛИФФТ-di. Azərbaycandan 6, ya 7 yazıçı və şair qatılan bu yarışmada uğur qazanmağım, əlbəttə ki, sevindirdi məni. Pandemiya dövrünə düşdüyü üçün yekun virtual şəraitdə keçirildiyindən, qalibləri bir yerə yığmaq mümkün olmadı. Yeni sənət adamlarıyla ünsiyyət qurmaq əlbəttə ki, çox yaxşı olardı. Əfsuslar...

−  “Hələ ki təyyarələr uçur” hekayənizin məzmunu nədən bəhs edir, sizcə, hekayənin qalib gəlməsində əsas amil nə idi?

− Ən çox sevdiyim və mənə iki dəfə uğur gətirən bu hekayəmi gözəl şair və yazıçı dostum, Yelçin fondunun mükafatçısı, “Русская премия» mükafatının 2014 cü il finalçısı Nicat Məmmədov rus dilinə tərcümə edib. İlk dəfə, 2018 ci ildə,“Hələ ki təyyarələr uçur” hekayəm Xalq yazıçısı Elçinin münsif olduğu Mir Cəlal adına I beynəlxalq hekayə müsabiqəsinin qalibi olmuşdu. Hekayə İçərişəhərli neftçinin uşaqlıq xatirələrindən, ilk sevgisindən, əsrarəngsiz Bakımızın yaxın keçmişi və indisindəndi. Yəqin, elə Bakı sevgisini verə bildiyimdən hekayəm də sevilib...

−  Hekayənizin üçüncü yer tutduğunu eşidəndə hansı hislər keçirdiniz? Belə bir nailiyyəti gözləyirdinizmi?

− Hər bir qələbə, kiçik, ya böyük olsun, yaradıcı insanda sözlə çatdırmağı mümkün olmayan xoş hisslər yaradır. Əlbəttə, sevindim. Qəribədir ki, mən hansı bir müsabiqəyə hekayə göndərirəmsə, ən kiçicik qələbəmi də hiss edirəm. Məsələn, bu yaxınlarda pandemiya ilə əlaqədar müsabiqə keçirilirdi və ora, şərtlərə uyğun gəlməyən, lakin karonavirusun fəsadlarıyla bağlı bir hekayə göndərmişdim. Yaxşı da hekayədi, “Ədəbiyyat qəzeti”ndə yayımlanıb, oxuyub dəyərləndirə bilərsiniz. Qabaqcadan da feysbuk səhifəmdə yazdım ki, qalib olmayacağıma əminəm.

−  Nailiyyətiniz Azərbaycan ictimaiyyətində necə qarşılandı? Sizcə, layiqli maraq göstərildimi?

− Sağ olsunlar, “Ədəbiyyat qəzeti”, Kulis.az saytı, əsasən də ədəbiyyat adamları, dostlarım sevindilər, təbrik edib yetərincə paylaşdılar. Geniş ictimaiyyətdə ədəbiyyata müğənnilərə olan qədər maraq yoxdu deyə, heç kimi qınamağa haqqım yoxdu. Maraqlar göz qabağında. Televiziya kanallarımız nəyi və kimləri üzdə saxladığı da aşkar. Ədəbiyyat ən sonuncu yerdə qalıb, qaranlıq dalanın küncündə, gərəksiz əşya kimi…

− Sizcə, Azərbaycanda bu cür müsabiqələr keçirilsə, ədəbiyyatın inkişafına töhvə verərmi?

− Ümumiyyətlə, bizdə çox az sayda nüfuzlu müsabiqələr keçirilir. Çox olsa daha yaxşıdı. Gənclərimizi üzə çıxartmaq lazımdı. Bunun üçün çoxlu şeir, hekayə, roman müsabiqələri olması vacibdi. Həm də, reklam. Bizdə kitab heç üzqırxan qədər də reklam olunmur.

0