Milyonların arasında tənha “balaca həyat”…

Ələsgər Həsənov

milyonlarin-arasinda-tenha-balaca-heyat

“Balaca həyat”, Hanya Yanaqihara

 “A Little Life”, Hanya Yanagihara

Ayn Rendin (Ayn Rand) əsərlərindən sonra uzun müddətdir ki, 800 səhifədən böyük bir kitab oxumamışdım. Ancaq xeyli vaxtdır ki, oxuyub bu qədər sarsıldığım bir əsər də olmamışdı. Bir kitab oxuyanda, adətən, onu mənə tövsiyə edən və əldə etmək üçün kömək göstərənlərə təşəkkür edərdim, ancaq bu dəfə etməyəcəyəm. Düzü, mütaliə zamanı dəfələrlə ürəyimdə “Kaş heç rastıma çıxmayaydı, kaş heç oxumayaydım”, dedim.

Kitabla bağlı yazılanlar romanın yanında o qədər sönük və bəsit qalır ki, “Bu adi cümlələri niyə yazıblar?” deyə düşündüm. “Qısa vaxtda hər tərəfə yayılan, böyük əks-səda doğuran, bir çox mükafata layiq görülən roman…” – bütün bu təriflər kitabın məndə yaratdığı təsirin yanında bir neçə quru kəlmədir.

Romanın heç bir mənfi tərəfi yoxdur, bəzi yerlərdə bir az daha əhatəli təsvirlər var, bəlkə əsas mövzuya bir az gec girilir, ancaq məndə bir dəfə də olsun bezmə, yorulma hissi yaratmadı. Əksinə, məcbur qalmadıqca əlimdən buraxmaq istəmirdim. Ancaq, təəssüf ki, “nə yaxşı ki, oxudum” demirəm, heç kimə də tövsiyə etmirəm, hətta “oxumayın” deyirəm. Çünki oxuduqca ürəyiniz dəfələrlə parçalanacaq, sarsılacaq, təşvişə düşəcək, ağlayacaq, hətta hönkürə-hönkürə ağlayacaq.

Bir neçə il əvvəl Jerji Koşinskinin “Boyalı quş” romanı məni çox sarsmışdı. Bir insana, xüsusilə bir uşağa qarşı bu qədər insafsızlıq və vəhşilik, dözülməzdi. Ancaq “A Little Life” insan adlı bu məxluqun nələrə qadir olduğunu, yırtıcı heyvanlardan qat-qat artıq yırtıcı və vəhşi ola biləcəyini göstərir. İnsanı təəccübləndirən bir başqa məsələ odur ki, eyni romanda sevgi, dostluq, mərhəmət, vəfa, inam kimi hislər də eyni dərəcədə sarsıdıcı şəkildə təsvir edilib… Çox az müəllif hisləri bu qədər çılpaq çatdıra bilər, çox az kitab oxucunun ürəyinə yük, ağırlıq yükləyə bilər… Oxuyanda dəfələrlə hayqırmaq istədim: “Sən nələr çəkmisən, sənə nələr çəkdiriblər, nə qədər əzab veriblər, insan ürəyi, bədəni bu zülmə necə dözər!”

Milyonların arasında tənha olan insanlar haqqında oxumaq, onları hiss etmək elə bir ağrı yaradır ki, bütün bu əzablardan, çərəsizlikdən, ümidsizlikdən, ağrılardan, acılardan qaçmaq, uzaqlaşmaq, qurtulmaq, bəzən isə romana soxulub baş qəhrəmanı o ağrılardan, acılarından çəkib çıxarmaq istəyirsən.

İnsan xislətində olan amansızlıq, qəddarlıq, xainlik qarşı tərəfi necə çarəsiz, ümidsiz, milyonların arasında yalqız qoymağa qadirdirsə, bəzən adəm övladına bəxş edilən sevgi, dostluq və mərhəmət də eyni dərəcədə onu məhv etməyə, həyatdan qoparmağa, tənhalığa qərq edərmiş. Bunu romandan sonra daha yaxşı anladım. İnsan bəzən əzab-əziyyətlərdən qaçaraq sevgi və dostluqdan möhkəm yapışır, bu sevgini ona verənlər çıxıb gedəndə isə həyatdan birdəfəlik qopa da bilir.

Həyatımıza girən hər bir insan bizi hər-halda dəyişir, ya yaxşı, ya da pis istiqamətdə. Bəziləri bizi pis əməlləri ilə, bəziləri isə sevgiləri ilə məhv edir. Düzdür, bu iki məfhumu bir-biri ilə müqayisə etmək olmaz, aralarında dağlar qədər fərq var. Sevgi ayrılıqla əlimizdən alınsa da, həyatın mənası onunla keçirdiyimiz dəqiqələrdən, anlardan ibarətdir. Sevgi hər nə qədər ülvi bir hiss olsa da, bir ucunda tənhalıq və çarəsizlik durduğuna görə bəzən insanı həyatdan qopara da bilir.

Kitabda baş qəhrəmanlarının fərqli, qeyri-ənənəvi həyat tərzləri olsa da, oxucu olaraq mənə qeyri-adi gəlmədi, elə bil, hər gün rastladığım, ətrafımda gördüyüm insanlardı. Bəlkə real həyatda onlara rast gəlsək, üzümüzü turşudub başımızı çevirərik, ancaq əsərdə hadisələr o qədər sevgi, mərhəmət, məhəbbət, vəfa, qayğı, dürüstlük kimi hislərlə bəzədilib ki, insan: “Dünyanız da, cəmiyyətiniz də, əxlaq normalarınız da başınıza dəysin” deməmək üçün özünü güclə saxlayır. Əksinə, hayqıraraq “Əxlaq normaları adlı pərdənin arxasında gizlənib zəiflərdən, əlacsızlardan istifadə edən, öz lənətə gəlmiş murdar arzularını həyata keçirənlər məhv olsun, hər nə qədər qeyri-ənənəvi olsa da, bütün sevgi və dostluq münasibətləri, var olsun!” demək istəyir.

0