Qadından kişi və qadınlara manifest

Mustafa Ruşan

qadindan-kishi-ve-qadinlara-manifest

We Should All Be Feminists / Chimamanda Ngozi Adichie

Hamımız feminist olmalıyıq / Çimamanda Nqozi Adiçi

Müəllifin ikinci kitabıdır oxuyuram. Birincisi "Amerikanha" romanı idi. Məni tutmamışdı. Halbuki əsərin çoxlu mükafatları var. Deməzdim ki, yaxşı əsər deyil, amma nədənsə ulduzlarımız barışmamışdı. Bir də bu yazıçıya qayıtmağı düşünmürdüm.

Ta ki, Ebru Aykaçın videosuna qədər. Kitabın cildində "qadından qadına" ifadəsi keçir. Halbuki Ebru bu kitabı hamıya təqidlə tövsiyə edirdi. Qabağıma çıxdı bir gecədə bitirdim. Balaca kitabdır.

Mən feminist deyiləm, ümumiyyətlə “-ist” şəkilçisinə qarşı məsafəliyəm. Sıravi insan olmaq, daha doğrusu, böyük hərflərlə "İNSAN" olmağa üstünlük verirəm. Amma bu qadının kitabda yazıdıqları bəzi məsələlərə şərik olmamağım mümkün deyil.

Mənə görə cinsiyyətlər arası üstünlük anlayışı yoxdur. Bunu biz uydurmuşuq. Elə "üstünlük" anlıyışının özü belə nisbi məsələdir. Cinsiyyətlər arasında fərq var və bu fərq kiminsə kimdənsə yüksəkdə dayandığını göstərmir.

Bilirsiz, son 8 mart "bayramında" nə düşündüm? Bu bayramla biz nə demək istəyirik? Bəli, bunun bir tarixi arxa planı var. Amma danmaq olmaz ki, biz qeyd edəndə bunu ağlımıza gətirmirik. Düşürük hədiyyələr dalınca. Nədənsə, mənə bu bayram qadınlara təhqir kimi gəlir. Yoxsa biz demək istəyirik ki, qadın unudulur, il boyu xatırlanmır, gəlin heç olmasa bir gün bu "zavallıları" şad edək. Yoxsa bu mənayamı gəlir? Bilmirəm, əlbəttə bu subyektiv görüşdür. Mən onları şad eləməyin əleyhinə deyiləm. Ümumiyyyətlə, insana hörməti ilk planda tuturam.

Nə yalan deyim, fikrimcə, qadın olmaq çətindir. Təsəvvür edin, yəqin siz də tez-tez qarşılaşmısınız, deyirlər: "Filan şeyi eləməsən, arrrvaddsan!" Qəribə deyil?! “Arvad” sözündən xoşum gəlmir, üstəlik bu cümlədə qadın olmaq özü təhqir kimi qəbul edilir.

Mən heç vaxt evdən bir yerə getmək istəyən qadının "Ərimdən icazə alım görüm buraxır!" ifadəsini anlamamışam. Məgər ailə bu olmalıdır? Biz iş yerində müdirdən icazə alırıq. Qadın evdə nədir? Əri müdir, qadın isə bir ömürlük işçi? Axı, o ailəni xoşbəxt olmaq üçün qurmuşdu. Azadlıq səadətin birinci şərtidir. Sizcə, bu ailədə qadın xoşbəxt ola bilər? Sizcə qadın bu situasiyada ərinə hörmət edir, ya ondan qorxur? Sizcə, kişi xanımını sevir, ya ona etibar eləmir?

Birincilik və ya ikincilik özü nisbi bir məsələdir. İlk yaradılan Adəmdir bəli, ikinci yaradılan da Həvva... Arada çoxmu fərq var? Birinci yaradılmaqla ikinci yaradılmaq arasında nə üstünlük var? Bu bir sıradır. Niloyanı tanıyırsız yəqin. Dostu Efe ilə bir gün ağacda armud görürlər. Efe deyir mən birinci gördüm, armud mənimdir. Niloya isə deyir mən də ikinci gördüm, armud mənimdir. Anlayırsız, məsələni? Nolar anlayın.

İnsanın insana hökm etmə arzusunu anlamıram. Xüsusilə də cinsiyyətlər arasındakı bu çəkişməni heç vaxt qəbul eləmirəm. Bu cür insanlar yaxşı olardı ki, bir psixoloqa baş çəksinlər və bu əziyyətdən qurtulsunlar. Çünki həqiqətən bu insanın özü-özünə verdiyi əzabdır. Heç kim heç kimdən yaradılış baxımından üstün deyil. Fərqliyiq, bəli qadın kişidən fərqlidir və fərqliliklər üstün olma mənasına gəlmir.

Bir nəfər demişdi: “Qadın məndən daha yaxşı düşünə bilməz”. Mən donub qalmışdım. Nə deyim? Necə izah edim? Özü də bunu deyən oxumuş, ziyalı bir insan idi.

Feminizmin doğuluşu qaçılmazdı, çünki zehniyyət cins məsələsini istismar edir. Feminizm çarədirmi? Çox əmin deyiləm. Çünki, mənə elə gəlir, kökündə aqresiya var. Olsun, bu da bir mübarizədir. Bəşəriyyət səhvlərlə dərs çıxarmağı sevir...

Qızıma baxıram, nədənsə içimə kədər dolur. Sizcə niyə? Məncə, artıq sözə ehtiyac yoxdur. Ümid edirəm o bir şəxsiyyət kimi yetişər, cəmiyyətin cinsə diqtə etdiyi şeylərdən özünü qoruya bilər.

Bir ailədə qonaq idik. Evin kişisi süfrə başına oturdu, qadınsa mətbəxdə. Kişi süfrəyə göz gəzdirdi, "Arvaaaad! Duz gətir" qışqırdı. Arvad yeyin addımlarla gətirib süfrəyə qoydu. Gözlərində təşviş vardı. Beş dəqiqə keçdi... Kişi yenə qışqıdı. Və əmrləri dəfələrlə təkrar elədi. Yadıma İslam peyğəmbəri gəldi, evini süpürən, ayaqqabılarını yamayan, dəvənin üstündə ikən əşyası yerə düşən, yanında dostları ola-ola dəvəni çökdürüb öz əşyasını götürən... Öz işini özü görən. Allah xatirinə deyin mənə, "Biz kimik?!"

Kitab 15 bölümdən ibarətdir. Fikirləri ilə tam şərik olmasam da, müəllifə bir çox məsələdə haq verirəm. Dərindən köks ötürüb "Nolar insan olmaya çalışaq" deyib, sözü bitirmək istəyirəm.

0