Qərb roman ənənəsini yapon yazı ənənəsi ilə birləşdirən yazıçı

Ələsgər Həsənov

qerb-roman-enenesini-yapon-yazi-enenesi-ile-birleshdiren-yazici

Natsume Soseki / Sanşiro

Natsume Soseki (Natsume Sōseki) 1867-1916-cı illərdə yaşamış yapon yazıçısı, ingilis ədəbiyyatı mütəxəssisidir. Dünya səviyyəsində tanınmasa da, Yapon-Rus müharibəsindən sonra yapon müasir ədəbiyyatına adını yazdırmış ən önəmli yazıçıdır. Qərb roman ənənəsi ilə yapon ənənəvi yazı ənənəsini birləşdirərək orjinal bir üslub yaratmağı bacarmışdır.

Natsume Soseki özündən sonra gələn Ryunoske Akutaqava (Ryūnosuke Akutagawa) kimi böyük yazıçıların yaradıcılığına təsir etməyi bacarmış, müharibədən sonrakı yapon yazıçılarının əsas mədəni qaynaqlarından biri olmuşdur. Əsərləri bir çox dilə tərcümə edilmişdir.

Müasir yapon ədəbiyyatının ən önəmli nümayəndələrindən biri olan Natsume Sosekinin incə yumor və sonsuz məsumiyyətlə zəngin bu romanı 23 yaşındakı Sanşironun yaşadığı balaca bir yerdən ayrılıb ali təhsil almaq üçün Tokioya gəlməsi ilə başlayır. Şəhərdəki izdiham, yeni tanış olduğu insanlar, akademik dairələr və hər şeydən əvvəl qadınlar arasında Sanşiro həyatını zənginləşdirməyin yollarını axtarır.

Sanşiro ilk məhəbbət, adət-ənənələr, modernləşmə və yaşlılığın lağbazlığına qarşı gəncliyin idealizmini anladarkən arxa planda da dövrün sosial və mədəni quruluşuna gətirdiyi tənqidlərini oxucuya təqdim edir.

Ondan çox roman və hekayə kitabının sahibi olan və demək olar ki, hər biri müxtəlif dillərə tərcümə edilmiş Natsume Soseki Yaponiyanın modernləşmə yolunda böyük addımlar atdığı müharibədən sonrakı dövrünün ən vacib yazıçılarından biridir.

Əsəri çox sevdiyimi söyləyə bilmərəm, ancaq tövsiyə ediləcək qədər də maraqlı bir əsər olduğunu düşünürəm. Bir çox şeyi ilə yadda qalan bir əsərdir, ümumiyyətlə həyəcan yaratmadığını və sonadək oxucunun bir şeylər gözlədiyini, lakin bu gözləntinin qarşılanmadığını da söyləmək mümkündür. Lakin əsərin və yazıçının fərqli tərzi hiss olunur, əvvəldən necə başlamışdısa sonadək sakit və özünəməxsus şəkildə də davam etdi. Axıcıdır, yorucu deyil, sakit və adi bir təhkiyə tərzi var. İmkanım olsa, yazıçının başqa əsərlərini oxuyacağımı düşünürəm.

Yazıçının əsərdəki ən xoşəgələn və gözəl tərəfi insanların xarakter və davranışlarını anlatma tərzi və bacarığıdır. Bir çox fərqli davranış və xarakterə malik insan çox gözəl anladılır. Yapon xalqının ənənələri və mədəniyyəti, yapon insanının həyatı haqqında kitabdan çox dəyərli məlumatlar əldə etmək mümkündür.

Təbii ki, bunlar mənim subyektiv düşüncələrimdir. Oxumaq istəyənlərə xoş mütaliələr arzulayıram.

“Sanşiro, mənim ən sevdiyim kitablardan biridir.” Haruki Murakami

0