Potağal ağacında bir qadın…

Ələsgər Həsənov

potagal-agacinda-bir-qadin

Varlı bir ailənin qızı olan şair və yazıçı Cokonda Belli (Gioconda B.) 1948-ci ildə Nikaraquanın paytaxtı Manaquada dünyaya gəlmiş, gənc yaşda ailə qurmuş və bir övlad dünyaya gətirmişdir. Somoza rejiminə qarşı mübarizəyə qoşulmuş, 1975-ci ildən 1979-cu ilə qədər Meksika və Kosto Rikada rejimə qarşı aparılan mübarizədə müxtəlif vəzifələri həyata keçirmişdir. 1979-cu ildə rejimin süqutundan sonra Nikaraquaya qayıtmış və müxtəlif sahələrdə işləmişdir. 1990-cı ildən sonra ədəbi yaradıcılığa üstünlük vermiş və siyasətdən uzaqlaşmışdır.

Bellinin ilk şeir kitabı olan “Linea de fuego” ilə 1978-ci ildə Latın Amerikasının ən yüksək ədəbiyyat mükafatı olan “Casa de las America”sına layiq görülmüşdür. Onun “The Country Under My Skin A Memoir of Love and War” (türk dilinə “Tenimdeki Ülke Nikaragua / Aşk ve Savaş Anıları” adı ilə tərcümə edilib) əsəri isə bir qadın üsyançının qələmə aldığı ilk memuar sayılır. Yazıçının digər əsərləri bunlardır: “Sofia de los Presagios” (1988), “Waslala”, “Memorial del Futuro” (1996), “El Pergamino de la Seducción” (2005).

 “Dünyadakı bu səyahətdə anladım ki, inqilab müvəqqəti bir həvəs deyil. İnqilab məni əbədiyyən dəyişən bir reallıqdır.” Cokonda Belli

“The Inhabited Woman” (türk dilinə “Portakal ağacında oturan bir kadın” adı ilə tərcümə olunub) avtobioqrafik çalarlı romanında yazıçı qadınların həyatı ilə yanaşı Amerikanın “arxa bağça” saydığı bir Mərkəzi Amerika ölkəsi tarixinin ən əlamətdar dövrünü təsvir edir. Bu ölkə Nikaraquadır, inqilab isə 70-ci illərin diktatura rejiminə qarşı edilən ehtişamlı üsyandır.

Roman inqilab, üsyan romanıdır, lakin bir qadının qələmində bu hadisələr tamam fərqli təsvir olunur. Yazıçı romanda Nikaraqua və digər Mərkəzi Amerika ölkələrində azadlıq uğrunda özünü oda atan qadınların problemlərindən, mübarizələrindən və qadın iradəsinin, qadın ağlının təşkilatlanmasından bəhs edir.

Romanda yazıçının həyatından izlərə rast gəlirik, kitab, eyni zamanda, avtobioqrafik roman da sayıla bilər. Gənc və gözəl Laviniya həm də mahir bir memardır. Varlı bir ailəyə mənsub olsa da, ətrafında baş verən haqsızlıqlara, diktatura rejiminə biganə qala bilmir. Hər nə qədər əvvəllər bu yola girməkdən çəkinsə də, daha sonra birbaşa həyatını inqilaba həsr edir.

Roman, bir baxımdan, iç-içə iki − rejimə qarşı mübarizə aparan üsyançılardan və ispan işğalçılara qarşı çıxan qızıldərililərdən bəhs edən süjetdən ibarətdir. Bir tərəfdə Felipe və Laviniya, digər tərəfdə isə Yarins ve İça. İspan işğalçılarına qarşı yerli əhalinin mübarizəsi daha çox poetik bir dillə verilib və əsərə fərqli bir dad qatır.

Düşünürəm ki, romanda yerli qəbiləyə mənsub İça adlı qadının düşüncələrini əks etdirən hissələrə daha geniş yerilsə idi, daha maraqlı olardı.

Əsərin maraqlı və axıcı dili, gözəl süjeti var, ancaq məndə mövzuya layiq bir həyəcan yaratmadı.

0