Azad Ruh

Qəfər Rüstəm

azad-ruh

Bu hekayəni 2-ci Qarabaq mühraibəsində şəhid olan dəyərli əməkdaşım Azad Bəkirlinin ruhuna ithaf edirəm. 

İyul axşamları bir az cansıxıcı olur. Zavodun yeknəsək səs-küyü gecəni daha da yorucu edir. Beynim yorulur, ruhum yorulur. Bir az kənardan qopub gələn dəniz qoxulu külək zavodun ağır iyinə qarışır, adamı məst edir, sərxoş edir. Zavodun dar küçələri labirinttək adamı çaşdırır. 
Əyilib yolun kənarındakı daşın üstünə otururam. Səmada ay buludlarla gizlən qaç oyanır. Arabir buludun qaranlığı ışığı udub yox edir, sadəcə zavodun sarı işıqları görünür.
Tənhalıq, sadəcə tənhalıq, hara getsə, harda olsa, insan taleyidir tənhalıq.
– Niyə ki, Allah bizimlədir, biz tək deyilik.
– Dindar olduğunu bilmirdim. 
– Allaha inanmaq üçün dindar olmağa ehtiyac yoxdur.
O da gəlib yanıma oturur. Hündür boylu, enli kürəkli, alının yanlarından bir azı seyrəkləşmiş, şəvə saçlı adam. Elə  gecə kimi əsrarəngiz və məchul. 
– Hələ də mühraibə davam edir, – deyə iri buğumlu barmaqlarını bir-birinə keçirir. 
Mənsə səssizcə uzağa baxıram, müharibəni düşünürəm.
– Düzünü de, atışma olanda qorxdun?
Həmişə kimi gülümsəyəndə ağappaq dişləri göründü. Əlini çiynimə yavaşca qoyub qamətini dikəltdi.
– Qorxmuram deyən yalan deyir, amma əldən nə gəlir, torpağımızı qorumalıyıq, ya yox?
– Düzdü, onu təsdiqləyirəm, mənsə elə indi də qorxuram.
– Nədən?
– İnsandan.
Yenə mənə baxıb gülümsəyir.
– Qorxmaaa, atalarını yandıraram səni qorxudan insanların. 
– Bizi aldadıblar Azad, bizi  çox pis aldadıblar, insan ali, şərəfli varlıq filan deyilmiş. Bir-birini mənfəəti üçün didən, didişdirən heyvan imiş.
O elə bil məni heç dinləmir, öz-özünə nəsə danışır. Mənə elə gəlir ki, o elə bu dəqiqə cəbhədədir. İndi iyul yox, soyuq oktyabr ayıdır, göydə buludların yerinə topun-qradın canyandıran işığı partlayır.


 – Azaaad! Əyil Azaaad! Başından vurulacaqsan, Azaaad! O gülüşün bir daha olmayacaq, Azaaad!!!
Yerə sərələnmişəm. Soyuq asfaltın sərinliyi canıma keçir. Hər yeri yenə sakitlik bürüyüb. Buludlar naxış-naxış səmaya sərilib. Yerdən qalxmaq istəmirəm. Elə buradaca yatmaq bir daha oyanmamaq istəyirəm.
– Qalx, müəllim, qalx, – əlini mənə uzadır. 
Əlini tutmuram, dikəlib yerimdə otururam.
– Bilirsən gözlərim yaxşı görmür, deyirəm müharibəyə getsəm, görəsən, mənə çətin olmaz ki?
– Əlbəttə çətin olar, gözü yaxşı görməyənləri müharibəyə aparmırlar.
– Yox, əşi, necə yəni, mən gedəcəm. Gözümə linza taxıb yoxlanışa elə gedəcəm, həkimlər bilməyəcək.
– Elə bil ölməyə tələsirsən, niyə yaşamq istəmirsən?
Mənə baxıb gülümsünür.
– Buna yaşamaq deyirsən? Necə deyərlər, belə yaşayışa – deyə əlini havada yelləyir. – Zarafat bir yana, torpaq namusdur, namusu tapdaq altında olana yaşamaq haramdır.
– Bir şair var e, deyir “müharibə olmasa”, filan, bilirsən o şeiri.
Başını yırğalayır
– Şeir zad əzbərləyən deyiləm.
– Dünya bu qədər genişdi, bizsə onu bölə bilmirik. 
– Qonşu gərək qonşu olsun, bizim bəxtimiz gətirməyib. Onlara indi gününü göstərməsək, başqa vaxt gec olar.
– Hər nə səbəb olursa-olsun insan insanı öldürməməlidir.
– Necə?
– Bilmirəm, bilmirəm, Azad, mən də bilmirəm.
Ayağa qalxıb irəli-geri var-gəl edirəm. Yaxınlıqdakı nasosun qulaqbatıran səsi məni diksindirir.
– Sən yaşamalısan, bir yolunu tapıb yaşamalısan. Eşidirsən məni? – Yaxasından tutub onu sirkələyirəm. – Eşidirsən məni? Səngərdən başını çıxarma, bildin?
İki əli ilə əllərimi tutur.
– Ay müəllim, sakit ol, kim ölür, niyə ölürəm? Görəcəsəksən, onları qovub çıxaracağıq torpaqlarımızdan, heç kimə heç nə olan deyil.
Əsəbləşirəm. İstəyirəm sifətinə yaxşı bir şapalaq keçirəm. Amma bacarmıram. Mənə baxıb gülümsəyir. 
– Sən yaşamlısan, Azad. – Əllərimlə başımı sıxıram, nəyəsə cavab axtarıram. Amma heç bir şey ağlıma gəlmir.
– Mən Azadam, – səsi ipək kimidir, hiss edirəm ki məni təsəlli etmək üçün danışır. – Mənim ruhum azaddır. Heç bir qüvvə, heç bir güllə məni əsir ala bilməz. Əgər cəsədim qara torpağa düşsə, ruhum səmada pərvaz edəcək. Mən azad ruham, mən həmişə azad olacam.
Yorğunluq göz qapaqlarıma çökür, qulağımda küy əmələ gəlir. Səma asta-asta şəfəqin qırmızılığına bürünür. İyulun bürküsü canımı sıxır. 
 

0