Tüstü

Həsən Naseh

tustu

Tüstü

Qarlı bir qış gecəsi
Gəlir tüstü qoxusu.
Yenə bir ailənin
Ərşə çıxır yuxusu.

Tüstülənir bir evin.
Pəncərəsi, bacası
Çöldə qalır o evin
Körpələri, qocası.

Tüstü baş alıb qalxır,
Tüstü baxmır aşağı.
Görmür xəstə qocanı,
Görmür körpə uşağı.

Bu tüstü yerdən göyə
Aparır yetim ahın.
Məzlumların naləsin,
Zalımların günahın.

Nahaq axan qanların
Qoxusunu aparır.
Haqqı gizlədənlərin
Qorxusunu aparır.

Bu tüstü yerlə göyün
Arasında körpüdü
Tanrıya çatmaq üçün
Hələ xeyli körpədi.

Saçların

Sənin saçlarında yaz təravəti,
Sənin saçlarında çiçək ətri var.
Ərköyün saçların budur adəti,
Dağılıb gözləyir nəvaziş, tumar.

Saçların coşqun bir dağ şəlaləsi,
Axaraq tökülür çiyinə sel-sel.
Saçların elə bil günəş şöləsi,
Hər səhər yayılır əyninə tel-tel.

Saçların gözəllik nəğməsidir ki,
Büsbütün hüsnünə bəstələnibdi.
Ayrılan yolların kölgəsidir ki,
Qoşa hörüklərə dəstələnibdi.

Mənim vətənim

Mənim vətənim −
Yatdığım beşik.
Himnim −
Anamın laylasıdı.
Dalğalanan bayrağım −
Onun kələğayısıdı.
Mənim ağ qızılım −
Ana südü
Qara qızılım −
Anamın telləridi.
Yenilməz ordum −
Atamın qollarıdı,
əlləridi.
Milli dəyərlərim
Onların öpüşüylə,
Sığalıyla yazılıb.
Mənim vətənimin
Sərhədləri kiçik olsa da,
Nə məftillə çəkilib
Nə səngərlə qazılıb.

Getmə, qadın!
Sənə çox öyrəşmişəm,
Getmə, evimdən, qadın.
Sənsiz davam etməyə
Ha çalışdım olmadı.

Eşqdə müəllimimsən,
Eşqi izah etmisən.
Tutaraq ürəyimdən,
Sevməyi öyrətmisən.

Gah bütün dərdlərimə
Tək əlacım olursan.
Dərdləşirəm səninlə
Anam, bacım olursan.

Gah da uşaqlaşıram
İncidirəm, qırıram.
Nadinc əməllərimlə
Mən səni çox yoruram.

Mən ki, böyüməmişəm,
Sənə qurban olum mən.
İstəyirsən gedəsən,
Səndən yetim qalım mən?

Getmə dur. Getsən, sükut
Çökər evə, eşiyə…
Sənsiz qəlbim darıxar,
Sənsiz ruhum üşüyər…

0