Təpədən dırnağa hirs içindəyəm

Ramiz Rövşən

tepeden-dirnaga-hirs-icindeyem

Təpədən dırnağa hirs içindəyəm
Dönmüşəm dustağa hirs içindəyəm
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz
Bir çiçək qoxusu, bir quş qoxusu
Daha ürəyimə yol tapa bilməz

Səpdim mən öz yarama mən öz külümü
Adam öz külünə bulanır belə
Dişim parça-parça kəsir dilimi
Şeirim hecaya bölünür belə

Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim
Daha bu qələmim çiçək bitirməz
Qızlar çələng hörməz şeirimdən mənim

Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın

Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
Gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam

Yox heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim

Mən sənin yanında dururam
Sənin… küçənin tinində dilənən qarı
Başından var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı

Heç kəs sığal çəkməz dümağ saçına
O gümüş telindən öpürəm sənin
Qorxma, pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin.

 

0