Geridə qalmış Azərbaycan ədəbiyyatında mən uğurlu adamam…

Rasim Qaraca

geride-qalmish-azerbaycan-edebiyyatinda-men-ugurlu-adamam

‒ Salam, bəy, necəsiniz?

‒ Çox sağ olun, yaxşı olmağa çalışıram. Üç bəyaz ölümlə ehtiyatla davranıram, bol su içirəm, praktik xatxa-yogaya hər gün ən az yarım saat vaxt ayırıram. Şaqomerim hər zaman aktivdir.

‒ Son vaxtlar ədəbi məhsuldarlığınız necədir?

‒ Məhsuldarlıq haqqında düşünmürəm, mənə görə məhsuldarlıq önəmli deyil, ‒ səhv etmirəmsə, bu ifadə sovet planlı təsərrüfatından yadigar qalmadır. Önəmli olan ədəbiyyat prosesinin özüdür, yazıçı kimliyinin formalaşmasıdır, yazıçı-oxucu münasibətləridir. Bax bu dediyim məsələlər bizdə hələ ki problematikdir. Zahirən proses var, yazanların sayı-hesabı yoxdur. Kitablar, təqdimatlar, mükafat və təqaüdlər, jurnallar və saytlar – hər şey görüntü yaratmaqdan ötrü yaxşıdır, lakin, hal-hazırda Azərbaycanda ədəbiyyatda baş verənlərin dünya ədəbiyyat prosesinə dəxli yoxdur. Burada bir yazıçının boy artımına heç bir şərait yoxdur, əksinə, başından basmaq üçün bütün şərtlər hazırdır. Bu səbəblərdən mənim də indi yazmağa həvəsim yoxdur. Sadəcə aradabir özüm özümü qeyrətə gətirərək başladığım avtobioqrafik romana davam edirəm. Fevral ayına, ad günümə yetişdirməyi qarşıma məqsəd qoymuşam. Bu əsərdə də ədəbiyyat mühitindəki yaramazlıqları işıqlandırmağa çalışıram.

‒ Qarşılaşdığınız problemlər sizi yazmağa sövq edir, yoxsa destruktiv təsir bağışlayır?

‒ Problemlə qarşılaşmaq ifadəsi düzgün deyil. Biz problemin içindəyik. Onunla nəfəs alırıq və birlikdə yaşayırıq. Onun təsir və əks təsirləri bəzən bədii əsərə çevrilə bilər, ancaq indiki halda onu həll edə bilməz. Çünki Azərbaycan yazıçısı şərlə anlaşma masasına oturub və ondan bəslənməkdədir.

‒ Sizə hansı daha səmimi gəlir, nəsr yoxsa poeziya?

‒ Nəsr və poeziya bir-birindən ayrı deyil, ‒ mənə görə poeziya da nəsrin kiçik formasıdır, ‒ ümumən yazıçı səmimi olmalıdırmı? Bu ölçü vahidini kim qoyub? Ədəbi yaradıcılıqda əsas məsələ səmimiyyətdirmi? – bunu düşünmək lazımdır. Məsələn, indiki halda mənə səmimi olmamaq daha səmimi gəlir.

‒ Özünüzü nəsrdə də uğurlu hesab edirsiz?

‒ Uğur nisbi anlayışdır. Nəyə və kimə görə uğur? Mənfur kapitalist ölkələrində uğur, ‒ əgər o, həqiqətən, uğurdursa, ‒ yazıçıya pul gətirməlidir. Hə, geridə qalmış Azərbaycan ədəbiyyatında mən uğurlu adamam, ancaq gəlin görək əsərlərim dünyanın hansı mədəni ölkəsində yayınlanıb? İranda, Türkiyədə çap olunmağı saymıram. Bizim kimi onların da mədəni dünyaya dəxli yoxdur.

‒ Alatoranda müsbət senzura var, yoxsa nə təklif olsa çap edirsiz?

‒ Jurnalı deyirsinizsə, artıq çap olunmur və orada mənim üçün prioritet olan mövzular vardı. Çap etdiyimiz kitablardasa yenə özümə xas olan bir xəttin olmasına çalışıram.

‒ Sizin ədəbiyyata xidmətinizi yaxşı bilirik. Sizcə, daha nələr etmək olar. Ədəbiyyatımızı müasir tendensiyalarla ayaqlaşacaq səviyyəyə gətirmək üçün nə eməliyik?

‒ Demək olar ki, sıfırdan başlayaraq hər şeyi yenidən başlamaq lazımdır. İndiki yazıçı ailəsi sağlam deyil və bu ümumən milli ədəbiyyatımızı yaxşı heç yerə aparmayacaq.

‒ Dünya miqyaslı yazıçı olmaq üçün gənc yazara nə lazımdır?

‒ Bu yaxınlarda gənc yazarlardan biri mənə belə bir sual verdi: “Rasim bəy, “Buker” mükafatını almağın yolları nədir?” İlk kitabı çıxmış gənc yazardı. Başa düşürdüm. Bu gənc daxilən Nobelə iddiadan əl çəkmiş, heç olmasa “Buker” almağın xəyallarını qurmaqdaydı. Məsələ burasındadır, bizim dünya ədəbiyyat liqasına çıxmaq yollarımız indilik bağlıdır, yazıçılarımızı da bu heç narahat etmir, milli məhəllədə roman yazıb hava atmaq onlara yetir. Mədəniyyət Nazirliyi yanında xarici naşirlərə Azərbaycan yazarlarının əsərlərinin tərcüməsinə və çapına qrant verən institut yaradılmalıdır. Mən bu məsələ haqqında dəfələrlə yazmışam, Mədəniyyət Nazirliyinə məktub da yazmışam, mənə cavab yazaraq bu məsələylə məşğul olduqlarını bildiriblər, lakin bir ildən artıqdır, heç bir gəlişmə yoxdur. Bu bir açardır. Dünyaya çıxmaq üçün bir mədəniyyət açarıdır. Mədəni ölkələrin hamısında bu institut var. Gürcüstanda 4 ildir yaradılıb, hətta İranda da yaradılıb bu yaxınlarda. Amma biz geridə qalırıq. 4 il ərzində Gürcüstan ədəbiyyatından 200-dən artıq əsər yabançı dillərə tərcümə edilərək çap olunub. Bu kitablar Gürcüstan hökümətinin maliyyə dəstəyi ilə çap olunub. Bəs bizdə son dörd ildə neçə kitab xaricdə nəşr olunub? Yazıçıların öz şəxsi təşəbbüsü və xərci ilə 5-10 belə misal göstərmək olar. 50 ədəd tirajla. Buradakıların gözünü kül üfürməkdən ötrü. Çoxu da Türkiyədə və İranda.

‒ Müsahibə üçün təşəkkür edirik…

 

0