"Kitabların əldə edilməsi və oxunması

Herman Hesse

quot-kitablarin-elde-edilmesi-ve-oxunmasi

Hər bir üzərində mətn çap olunmuş kağızın dəyər adlandırılması, mənəvi zəhmətin bəhrəsi kimi hörmətə, diqqətə layiq olması fikirləri artıq çoxdan köhnəlib. Ancaq ya səhralıqda, ya dağ başında yaşayan, kağız görməyən adamlar üçün  hər hansı bir təqvim kağızı, hər hansı balaca bir mətn, hətta qəzet də çox dəyərli, saxlanılmağa layiqdir. Demək olar ki, hər gün biz  qəpik-quruşa az qala bir taya qəzet-jurnal alırıq. Və çap olunmuş hər hansı bir yazını, məktub şəklində olan istənilən kağızı müqəddəs sayan çinlilərə gülürük.

Lakin kitaba dərin hörmətimizi qoruyub saxlamışıq. Son zamanlarda kitabları yararsız, dəyərsiz bir əşya kimi orda-burda pulsuz, havayı paylayırlar. Amma bizə elə gəlir ki, məhz Almaniyada kitab əldə etməkdən doğan sevinc böyüməkdədir. 

Kitaba sahib olmağın mənasını, qiymətini bilənlər isə hələ azdı. Çox insanlar hər gün gözlərini belə qırpmadan pivəyə, lazımsız şeylərə sərf etdikləri pulların heç onda birini kitablara xərcləmirlər. Bir başqa köhnə fikirli adamlar üçünsə kitablar ən gözəl, yaraşıqlı otaqda toz basmış ağ parçasının altında saxlanılan müqəddəs bir əşyadır. 

 Hər bir əsl, həqiqi oxucusa həm də kitabsevərdir. Və kitabı qəlbən qəbul edib sevə bilən adam, çalışır ki, kitabı alsın, istədiyi vaxtda onu açıb vərəqləyə, yenidən oxuya bilsin, bilsin ki, bu kitab ona məxsusdur, həmişə əlinin altındadır. 

 Kitabı əlbəttə ki, kimdənsə alıb oxuyub qaytarmaq da olar. Lakin kitabdan oxunanlar sanki kitabı yiyəsinə qaytarmaqla unudulub gedir.  Axı gündə az qala bir kitab oxuyan evdar xanımlar var ki, onların məqsədi  mənəvi zənginləşmə deyil, sadəcə öz tələbatlarını ödəmək, asudə vaxtlarını mütaliə ilə keçirməkdir. Və bu halda onlar üçün ən yaxşısı kitabxanadır. Oxucuların bu cür müxtəlifliyini Hotfrid Keller təyin etmişdir. 

Yaxşı oxucu üçün kitab oxumaq başqa adamın düşüncələrinin xarakter və obrazını  tanıyaraq, onu anlayıb, imkan daxilində dostlaşmağıdır. Şairlərin yaradıcılığı ilə tanış olanda – şeirləri oxuyanda biz müəyyən insanlar və hadisələrlə deyil, ilk nöbədə şairin özü, həyat tərzi, temperamenti, daxili dünyası, imzası və ən nəhayət onun yazı üslubu, düşüncə tərzi ilə tanış oluruq. Yalnız  kitaba mübtəla olan, müəlliflə tanış olub, onu anlamağa başlayan, müəlliflə müəyyən münasibəti yaranan şəxs kitabın ona təsirini hiss edə bilir. Bax elə buna görə də o, həmin kitabı mütləq alacaq ki, istədiyi vaxt onu təkrar-təkrar oxuya və duya bilsin.

 Kim ki ancaq qəlbini və ruhunu həyəcanlandıran kitabları əldə edir, onlar tezliklə seçim etmədən, heç bir məqsəd daşımadan bir nəfəsə oxunulan kitablardan uzaqlaşacaq və tezliklə ətrafında sevimli, qiymətli əsərləri toplayacaqlar. Və bu kitablar istənilən şəraitdə onunçün çox dəyərli olacaq. Təsadüfən əlini atıb götürdüyü istənilən kitabdan zövq alacaq. 

 Yüzlərlə, minlərlə "yaxşı kitab"  sevimli kitab olmasa da, hər bir insan üçün  özünün seçdiyi, özünə yaxın və aydın olan, sevib dəyərləndirdiyi kitablar olur. Çünki yaxşı kitabxana sifarişlə əmələ gəlmir: kitab toplayarkən hər bir insan tələsmədən, sanki dost seçirmiş kimi öz tələbatlarına və marağına uyğun olaraq seçməlidir. Və bu belə olarsa kiçik bir kitabxana da böyük bir dünyaya tay olur. Yalnız müəyyən qədər və nisbətən az kitab oxumaqla kifayətlənən oxucu məhz mükəmməl oxucudur. "İncil”dən başqa heç bir kitab oxumamış elə kəndlilər var ki,  onlar ordan elə məlumatlar, biliklər əldə edirdilər ki, heç onu varlı ailələrin ərköyün uşaqları öz zəngin kitabxanalarından ala bilmirlər. 

 Kitabın təsiri çox möcüzəli bir şeydir. Hər bir ata və ya tərbiyəçi bilir ki, oğlan uşağına və ya bir gəncə vaxtında hədiyyə edilmiş kitab heç vaxt hədərə getməz. Məsələ burasındadır ki, məsləhət və ya himayə nələrdəsə müəyyən qədər kömək edə bilər. Lakin cavan və ya qoca olmasından asılı olmayaraq hər bir insan öz kitab yolunu seçməlidir. Homerdən başlayıb Dostoyevskidə qurtarmaq da olar. Əksinə nəsr əsərləri oxuya-oxuya böyüyüb sonradan fəlsəfi əsərlər və yaxud da tam əksinə də olar. Bunun yüzlərlə yolu, istiqaməti var. Lakin kitablarla  maariflənməyin və mənəvi yüksəlişin yeganə yolu oxuduğun əsərə hörmətlə yanaşıb, səbirli, anlayışlı, mühakimələrində ehtiyatlı olub dinləməyi bacarmaqdır. Vaxt öldürmək üçün mütaliə edən oxuyucu nə qədər oxusa da, hətta ən yaxşı əsərləri oxusa belə yadında heç nə saxlamayacaq. Əvvəlki kimi kasıb qalacaq. Öz əziz dostunuzu dinləyirmiş kimi kitabları oxusanız, onlar sizinçün tam olaraq açılacaq və sizin olacaqlar. Bu cür oxunulan kitablar heç vaxt ovcunuzda olan barmaqlarınız arasından sızan su kimi axıb getməyəcək, itməyəcək əksinə, sizi əsl bir dost kimi sevindirəcək və təsəlli verəcək.

 

 Tərcümə edən: Xanım Aydın

0