Sadəcə özüm olmaq istəyirəm.

Cim Kerri

sadece-ozum-olmaq-isteyirem

Məşhur aktyor, parodiyaçı, ssenarist və prodüser Cim Kerri (Ceyms Yucin) 1962-ci ilin 17 yanvarında dünyaya gəlib.

 
Aktyor “Maska”, “Əbədi Betmen”, “Eys Ventura”, “Axmaq və ondan da axmaq”, “Yalançı, yalançı”, “Trumenin şousu”, “Qüsursuz şüurun əbədi parıltısı” kimi filmlərdəki yaddaqalan ifası ilə tamaşaçıların qəlbini fəth edib.

C.Kerri 1980-ci illərdə müxtəlif səhnələrdə parodiya və yumoristik səhnəciklərlə çıxış etməyə başlayır. İllər sonra isə komediya janrının ən tanınmış aktyorlarından birinə çevrilir.  Özünəməxsus üz ifadələri, kəskin zarafatları, ifadəli jestləri ilə tamaşaçıları gözləri yaşarana qədər güldürən aktyor çox keçmədən böyük kino sahəsinə atılır. İstər komediya (“Eys Ventura”, “Axmaq və ondan da axmaq”, “Yalançı, yalançı”), istərsə də dram (Trumenin şousu”, “Qüsursuz şüurun əbədi parıltısı”) janrlı filmlərdəki baş rolu kino tənqidçiləri tərəfindən də müsbət qarşılanıb. 

Aktyorluqdan başqa musiqi karyerası ilə də gündəmdə qalmağı bacarıb. Musiqi təhsilinin olmamasına baxmayaraq müxtəlif teleşoularda parodiyaçı-vokalist kimi çıxış edib. Tammetrajlı filmlərdə çoxlu sayda musiqiləri səsləndirib. Hətta 2011-ci ilin sentyabrında Cim Kerri Nyu Yorkun “Arlene’s Grocery” klubunun səhnəsində bir neçə rok-kover (“I Started a Joke” - Bee Gees qrupu, “Bullet with Butterfly Wings” - The Smashing Pumpkins ansamblı və “Creep” - Radiohead) səsləndirmişdi.

Ancaq son illər Cim Kerrinin həyatı xeyli dəyişikliyə məruz qalıb. Bir neçə uğursuz filmin ardından  şəxsi həyatında baş verən itki - sevdiyi qadının intiharı, onu dərin depressiya vəziyyətinə salıb. Bundan sonra aktyor bir müddət insanların gözündən gizli qalmağı üstün tutaraq özünə qapanıb. 

Lakin ötən il internetdə Cim Kerri haqqında sənədli film yayımlanıb. Heyranlar  sevimli aktyorlarının bu müddət ərzində nə işlə məşğul olduğunu öyrəniblər. 

“I needed color” (“Rəngə ehtiyacım var”) adlı sənədli film tamaşaçıları Cim Kerrinin daxili dünyası, rəngarəng aləmi, danışan boyaları, coşğun fantaziyası ilə tanış edir. Rəssamlıq qabiliyyəti ilə mənəvi yaşantılarını anlatmağa çalışan aktyor doğrudan da əsl istedad sahibi imiş.

Cim Kerrinin dediyinə görə, hələ uşaq vaxtlarından təklikdə olmağı sevirmiş. Otağında müxtəlif rəsmlər çəkir, təxəyyülündə müxtəlif hadisələri canlandırardı. “Tək qalmaq mənim üçün cənnət idi”, - deyən Cim düşüncələrdə azadlığın, sərbəstliyin mütləqliyini də vurğulayaraq qeyd edir ki, “incəsənət, bir növ xidmətdir, təhtəlşüurunuza tabe olub, ona xidmət göstərirsiniz”. 

Uşaqlıqdan rəssamlıqla maraqlanan Cim son illərdə bununla ciddi məşğul olur. “Əvvəllər tez-tez çəksəm də tamamlanmış işim olmurdu. Yalnız  bir neçə il əvvəl qırılmış qəlbimi sağaltmaq üçün, düşündüm ki, rəsmlə məşğul olmağın köməyi dəyər...” 

Məşhur aktyorun öz təqdimatında əsrarəngiz əl işlərinin sərgiləndiyi 6 dəqiqəlik film 1 ayın içində 5 milyona yaxın izləmə sayına çatıb.

Ötən ilin sentyabrında Las Veqasın “Signature Gallery” qrupunun qalereyasında Cim Kerrinin rəsmlərindən ibarət “Günəş yağışı” adlı sərgi keçirilib. Bu aktyorun əsərlərinin ilk böyük nümayişidir. 

Həm rəsmləri, həm də heykəltəraşlıq nümunələri ilə düşüncələrini, daxili azadlığını tərənnüm edən Cim Kerri deyir:  “Sadəcə özüm olmaq istəyirəm... Həyatın ağrısını unutmağa fokuslanmışam; ağrını unutmaq, ona istehza etmək, azaltmaq... və gülmək...” 

/Parafr.az/

Xavər ZAHİR

0