Kaş

İlqaroğlu

kash

Bir uşaq küçədə oyun oynayır

Əsməri, Məmmədi o haraylayır

Birlikdə qoşulub çıxırlar yola

Yol gedir otlağa, sonu xeyir ola

Otlaqda tapırlar qəribə əşya

Toxunaq əşyaya? Ya toxunmayaq?

Öyrənmə marağı üstün gəldi, ax

Toxundu bir bala ürkək, qorxaraq

Bombaymış, partladı o an qəflətən

Balalar uçdular of pərən-pərən

Pəncərəyə qaçdı ana; Əsmərim

Hardadır Məmmədim, hanı Qəmərim?

O körpə ruhlar ki, uçdular göyə

Analar qaldılar göyüm-göynəyə.

Qarğışlar, göz yaşı dayanarmı ki,

Balalar baxırlar səmalardakı

Niyə ağlayır ki, görəsən, anam

Mən ki ölməmişəm sağam, burdayam.

Atalar, analar qalırlar ağlar

Bombalar, raketlər könüllər dağlar

Əllərin qurusun bomba çıxardan

Ağılın tükənsin, dəli olasan.

Hər gündə, hər ayda minlərlə yas var

Əcələ sözüm yox, bax bu cəlladlar

Doymayır insanın qanın içməyə

Qatillik eyləyir haq deyə-deyə

Zalım zülmü ilə necə zövq alır

Necə gündən günə gündüz qaralır

Necə öldürürlər məsum insanı

Necə dağıdırlar bağı-bağçanı

Nə qılınc olaydı insana qalxan

Nə zireh olaydı, nə də ki qalxan

Nə bomba, nə raket, nə tank olaydı,

Nə qatil, nə məqtul, nə qətl olaydı,

İnsanlar qocalıb elə solaydı.

Ya da ki, xəstəlik, təbii fəlakət

Alaydı insanı dünyadan xəlvət

Amma insan qatil olmayaydı kaş,

İnsan daş kəsəydi, kəsməyəydi baş

Xəyalım yenə də utopiya cızır

Qələmim, deyəsən, bir nağıl yazır

Bu nağıl uşağın nağıllarıdır

Orda biri digərinin yarıdır

Orada uşaqlar raketlə ölmür,

Uşaqlar evində həyatı sürür,

Orada uşaqlar atasız qalmır,

Zalımın gülləsi qapını çalmır.

Orada sevinclər, gülüşlər vardır,

Orada fəsillər qışdır, bahardır.

Qan ləkəsi yoxdur qışın qarında

Quş səsləri gəlir yay, baharında

Ax bu nağıllarım niyə nağıldı?!

Ax bu xəyallarım niyə xəyaldı?!

Nağıllar, xəyallar bir gerçək ola

Onda yaşamağa dəyər bu dünya.

 

 

 

 

0