Mərd-namərd

Rasim Qaraca

merd-namerd

Yeməkxanadakı yaşlı adam lüləkabab yeyirdi, qarşısında salat, məzə ya da hər hansı bir içki filan yox idi. Sadəcə çörək və lüləkabab.
Mən qonşu masada oturub çay içirəm. Bu adam ehmal-ehmal əti çeynədikcə mənə tərəf baxdığını gözlərimin ucu ilə hiss edirəm. Asta-asta çayımı içir, onun təklifsizcə baxışından əsla narahat olmuram. Əksinə ürəyimdə hesablamışam, yeməyimi yeyib bitirən kimi ona çay təklif edəcək, bu minvalla söhbətə başlayacaqdım. Sözün düzü, buraya vaxtı öldürməkdən ötrü girmişdim, çay içmək bəhanə idi. Dışarıda hava soyuq olduğuna görə qapalı bir yer axtarmışdım. 
Adətən vağzal ətrafındakı bu çayxanalardan, yeməkxanalardan, uzaq qaçıram. Müştərilərin basırıq olduğu məkanlarda həm də xidmət səviyyəsi, həm də keyfiyyətin aşağı olduğu məlumdur.
Əvvəllər şəhərin ən abırlı yerlərindən sayılan Səməd Vurğun bağının içərisində peyda olmuş, üzərində əl yazısı ilə iri hərflərlə “XAŞ” yazılmış çadır yeməkxanalar birdən-birə diqətimi cəlb eləmişdi. Aradabir onların yanından ötərkən o qədər də fikir verməzdim, görünür zaman keçdikcə adamın gözləri belə şeylərə alışır. Ancaq bu səfər müşəmbədən qurulmuş bu mağarlar nədənsə mənə çox qəribə, bir az da ekzotik görünmüşdü. Nəyə görə də içəri girib bir kənarda oturmayasan, ətrafdakı söhbətlərə qulaq verib çadır dünyasının sirlərini öyrənməyəsən...
Ancaq içəridə bu yaşlı kişidən başqa heç bir müştəri yox idi. Qəsdən ona yaxın masada oturmuşam, söhbətə necə başlayacağımı götür-qoy edirəm.
Bu arada yeməkxananı işlədən adam (40-45 yaşlarında) gəlib mənim qarşı tərəfimdə sobaya yaxın oturur, hovxurub əlini bir-birinə sürtür.
-Doğru deyirlər, qışın gözü qaradır.
İlk dəfədir belə söz eşidirəm:
-Necə dedin?
-Deyirəm ki, qışın üzü qaradır, bu bir məsəldir, mənim anam həmişə belə deyir.
Gözlənilmədən yaşlı kişi söhbətə qoşulur:
-Bizim tərəflərdə bir az başqa cür deyirlər: “Qışın közü qırovdur”.
Doğrudan da hava soyuq idi. Əldəqayırma pəncərə şüşələrinin məsamələrindən külək acı-acı pilləyirdi. Belə havalarda elə çayxanada oturub nədən olursa-olsun söhbətləşmək istəyirsən.
Bizim söhbətimiz elə bil öz-özünə alınmışdı, yeməkxana sahibi əlüstü:
-Sizin tərəflər hansı tərəflərdir ki? – deyə soruşur. Belə sırtıq adama nə deyəsən, elə birinci kəlməsində adamın haralı olması ilə maraqlanır.
-Mən Ermənistanın Sisyan rayonundanam, - kişi sakitcə, təmkinlə dillənir. Bunun ardınca elə bil söylədiklərinə və ya söyləyəcəklərinə mötəbərlik qazandırmaqdan ötrü Rəsul Quliyevlə eyni kənddən olmalarından, uşaq vaxtı birlikdə mal nobatına getmələrindən danışır.
Eynim açılır. Ürəkdən qəh-qəhə çəkib gülürəm. Nəsə bu “mal nobatı” məsələsi mənə əyləncəli görünür. Özlüyümdə al bu da sənə çadırın iç dünyası, deyirəm.
Həmin o dediyim laxlaq pəncərədən görünən, bayırda bilyard oynayan cavanların nəşəli mənzərəsi üşəndirici təsir bağışlayır. Nədir onları belə qayğısız, gülərüz edən, bilə bilsəydim deyə düşünürəm. Bəlkə elə bu bilinməzlikdir adamı üşəndirən.
Söz sözü çəkir yeməkxanaçı – Çingiz bu çadıra hər gün beş “şirvan” arenda pulu ödəməsindən danışır, alverin yoxluğundan gileylənir. Sən demə gecələri də elə burada, çadırın içində yatır.
-Bilyardın şaqqıltısı day məni dəli eləyib. Dünən saat 6-dan bu dal tərəfdəki bilyardnıda, iki nəfər gecə səhərəcən bu gün də günortayacan bilyard oynayıblar, düz 20 saat birnəfəsə. Səhər yuxudan durub özüm interesə, gedib baxmışam, görürəm həmin oğlanlardır ki, həmin oğlanlar...
-Yəqin qumar oynayıblar, başqa cür ola bilməz – yaşlı kişi dillənir. Mən fürsətdən istifadə edib kişinin üz cizgilərini diqqətlə gözdən keçirirəm. Gözlərinin ətrafı, alnı, dodaq kənarları xırda qırışlarla örtülüb, ancaq üzünün hər iki tərəfindən ovurdlarından başlayıb gicgahına doğru uzanan dərin və sərt qırış bu adamın nə isə gözlənilməz, qeyri-adi xasiyyətindən xəbər verir.
Artıq gözlədiyim məqam gəlib çatıb; kişi yeməyini yeyib qurtarıb. Mən çay təklif edirəm, Çingiz əlli-ayaqlı tərbənib stəkan-nəlbəki gətirir, stəkanın içində yarım dilim limon var. Kişi razılıq edib çaydan bir qurtum içir.
-Dayı, necə görürsən e bu işlərin axırını? – söhbətə sərbəstlik qatmaqdan ötrü mən bir az laübalı tərzdə soruşuram.
Yaşına uyğun tərzdə cavab verməyə tələsmədən çayını qarışdırır, limonu qaşıqla çıxarıb titrək əlləri ilə nəlbəkinin kənara qoyur:
-Necə görəcəm, pis, - deyir, - bizim Azərbaycan milləti mərd millət deyil, - sonra elə bil özü-özünə düzəliş verir, - qorxaqların sayı mərdlərin sayından çoxdur.
Görəsən onu bu qərara gətirən səbəb nədir? Diqqətlə qulaq asıram.
-1988-ci ildə ermənilər bizim kəndin camaatına deyirdi ki, hamınıza od vurub yandıracayıq. Onda mən erməniyə deyirdim ki, ədə, eməni, köpək oğlu, bəs bizim dalımızda Azərbaycan var, siz bizi yandırarsınız, Azərbaycan da gəlib sizin ölkənizi yandırar. Bu sözü deyəndə erməni mənim üzümə tüpürdü. İki cavan oğlum da yanımda idi, onların gözünün qabağında. Evimi almışdılar, malımı dövlətimi talamışdılar, eynimə gəlməmişdi, ancaq erməninin tüpürcəyi üzümə dəyəndə dünya gözümdə qaraldı, iki dizimin qapağı qırıldı...
-Bəs necə oldu ki sağ qaldınız?
-Sonra iş elə gətirdi ki bizi buraxdılar.
Kişinin ürəyi dolu imiş. Sonra böyük oğlunun Qarabağ davasında əsir düşməsindən, bir möcüzə ilə əsirlikdən qaçmasından, ondan sonra da neçə il erməniyə qarşı vuruşmasından bəhs edir. Danışdıqca oğlunun qəhrəmanlığına görə qürur hissi keçirirdi. Ancaq, sən demə kişinin dərdi var imiş. Öz dediyinə görə kiçik oğlu namərd çıxmışdı, cəbhədən fərarilik elədiyinə görə 6 il azadlıqdan məhrum etmişdilər. Neçə ay imiş yanına da getmirmiş, ancaq yenə ata ürəyi dözməyib.
-Cəbhədən qaçan oğula mən oğul demərəm. Gözünün qabağında erməni atasının üzünə tüpürmüşdü. Gərək o tüpürcəyin qisasını alaydı...
Yanında torbası var idi. Bu gün 1 nömrəli kalona oğlu ilə görüşməyə gedibmiş. Hələ də bu günkü görüşün təəssüratı altında olduğunu hiss etməmək mümkün deyildi. İndi burdan Lökbatana gedəcəkdi, qaçqın düşdükdən sonra məskunlaşdığı yerə.
Dünyanın işinə bax. Başqa bir insanın gizli və qaranlıq dünyasına bir saatlıq müsafir olmuşdum. O kişinin ata-baba torpğında qalmış ikimərtəbəli evini, hər il 10 ton alma verən bağını, sonra da Lökbatandakı darısqal həyətini sanki öz gözlərimlə görmüşdüm.
Oğlunun biqeyrətliyi atanı yandırırdı. Bilirəm, biz nə haqqında soruşsaq da o söhbəti namərd oğlunun üstünə gətirəcəkdi. Cəbhədən qaçan oğul atanın göynəyən yarası idi.
Yaşlı adam çayını içib qurtardı. Cibindən 4 min manat (o vaxt məzənnə belə idi – 4 manat) çıxarıb masanın üzərinə qoydu. Ayağa qalxıb bizimlə sağollaşdı, Allahdan uzun ömür diləyə-diləyə çıxdı. Sanki bir dəqiqə artıq otursaydı, ağırlğına xələl gələcəkdi. Görüb-götürmüş adamların hamısı belə olur, yaşda özlərindən kiçiklərlə çox oturmazlar.
Çingiz haqlı imiş, içəridə oturduğumuz bu qədər vaxt ərzində bir nəfər də olsun müştəri gəlməyib. Al-ver yoxdur.
-Bəs necə olur ki o biri çadırlar müştəri ilə dolurdur? – soruşuram.
-Onlarda qiymət ucuzdur.
-Nəyə görə ucuzdur?
-6 minlik ət verirlər ona görə...
-6 minlik ət nədir (mənim də heç nədən xəbərim yoxdur ki).
-Burada, vağzalın yuxarısında satırlar ey, bax o ətdən. Allah bilir nə ətidir...
Çingiz o ətin nə əti olmasına məndə şübhə yeri saxlamayacaq tərzdə üz-gözünü büzüşdürür.
-Yəni demək istəyirsən ki o ət... Sözümün dalını gətirməyib bu kəlməni Çingizin özündən eşitmək istəyirəm. Çingiz isə açıq danışmamaqda israrlıdır.
-Vallah nə bilim, imanımı yandıra bilmərəm.
Bir anlıq şübhə məni bürüyür. Bol-bol Allaha and içib, imandan danışan, ətin qiymətlərini, üstəlik ucuz ətin yerini yaxşı bilən bu adamın gözlərində qəribə bir parıltı var.
Yaşlı adamın bir az əvvəl lüləkabab yediyini xatırladım. İstər-istəməz çadır yeməkxananın pəncərəsindən o gedən istiqamətə boylanıram. Deyəsən o idi, səkinin ortasında dayanıb nəyisə itirmiş adamsayağı gözlərini yerə zilləmişdi.
Yaşlı adam. Onun adını soruşmağı unutdum.

“Ekspress” qəzeti, 27 yanvar 2001-ci il

0